Rohinca xalqından Birləşmiş Millətlər Təşkilatına kömək sədası

Cənub-Şərqi Asiyanın Hind-Çin bölgəsinin ən böyük ölkəsi olan Myanmanın 70 milyon əhalisi var. Onun 3 milyonu müsəlmanlardan ibarətdir. Ancaq buna baxmayaraq, müsəlmanlara qarşı ciddi vəhşilik törədilir. Bu vəhşiliyin qaynağı isə etnik və dini ayrı-seçkilikdir.

Ölkədə yaşayan 800.000-ə qədər rohincalı müsəlman vətəndaşlığa qəbul edilmir. Bu insanlar qonşu ölkə Banqladeşdən gələn “qaçaq immiqrantlar” adlandırılır. Sərhəddəki sahil xəttində yaşayan rohincalıları Banqladeş rəhbərliyi də ölkəsinə qəbul etmir. İki ölkənin də qəbul etmədiyi rohincalılar bu torpaqlarda “ölkəsiz insanlar” kimi yaşayırlar. İki ölkənin də rədd etməsi nəticəsində Rohinca əhalisinin şəxsiyyət vəsiqəsi yoxdur, buna görə də vətəndaşlıq hüququna malik deyillər. Varlıqları da, yoxluqları da bilinmir.

Təhsil, səhiyyə kimi ictimai hüquqlardan və ictimai xidmətlərindən faydalana bilmirlər, xəstəxanalara qəbul edilmir, dövlət dairələrində işləmirlər. Təhsil almaq imkanları olmadığı üçün oxuma-yazma bilməyənlərin nisbəti 80%-dir. Uşaqlarına doğum sənədi belə ala bilmirlər və evlənməyə də icazələri yoxdur. Mal, mülk, torpaq sahibi ola bilmirlər. Onlara betondan ev tikməyə icazə verilmir, ancaq bambuk və ya taxta evlərdə yaşaya bilirlər ki, bunlar da hücum nəticəsində asanlıqla dağıdılır.

1978-ci ildən bu yana Myanmada “qeyri-qanuni immiqrantlar” kimi tanınan Rohinca xalqına qarşı təzyiq və zülm siyasəti davam edir. Bu siyasət 2012-ci ilin iyun ayından şiddətlə davam edir. O gündən bu yana 240 insanın öldürüldüyü, 250 mindən çox insanın yaşadığı yeri tərk etdiyi (əsasən Arakan (Rakhine) əyalətində yaşayan müsəlmanlar) bildirilir.

Ancaq ötən günlərdə Rohinca xalqına qarşı yeni hücum başladı. Yanvarın 14-də Myanma Hərbi Qüvvələri, Polis Qüvvətləri (Hlun Hteins) və Rakhine terroristləri Arakan əyalətində olan Duçaridan (Kiladaung) adlı Rohinca kəndinə hücum etdilər. Bu hücumda təxminən 60 nəfərin öldürüldüyü, bir çox günahsız kəndlinin həbs olunduğu, qadın və qızlara təcavüz edildiyi, 200 qadın, 6 kişi və 5 uşağın da itkin düşdüyü bildirilir. İnsan hüquqları təşkilatları Rohinca müsəlmanlarının yaşadığı Duçaridan kəndinə edilən hücumda yüzlərlə adamın qorxudan qaçaraq bölgəni tərk etdiyini bildirdilər. Hal-hazırda 340 sığınacaq və 4000 nəfərin yaşadığı yaşayış sahəsi tamamilə boş qalmışdır. Kənd səlahiyyətli nümayəndələr tərəfindən “qadağan olunan bölgə” elan edilmiş və xaricdən gələn müşahidəçilərin, jurnalistlərin və rohincalıların kəndə girməsi qadağan edilmişdir.

İddialara görə, hadisə Duçaridan kəndinin idarəçisi Aunq Zan Fyu tərəfindən səkkiz rohincalının öldürülməsi ilə başladı. Kəndlilər bu hadisəyə şahid olduqdan sonra günahını gizlətmək istəyən kənd idarəçisi kəndliləri həbs etməyə çalışdı və onlara atəş açdı. Bundan başqa, kənddəki gənc qızlardan birinə təcavüz edildi. Bu hadisələrdən sonra bölgədə gərginlik daha da artdı və hadisə yerindəki polislərdən biri kəndlilər tərəfindən öldürüldü. Bundan sonra Arakan (Rakhine) əyaləti Maunqdau bölgəsinin səlahiyyətli nümayəndələri təhlükəsizlik qüvvələrinə kəndlilər üzərinə atəş açmaq əmrini verdilər.

Hadisənin şahidləri səlahiyyətlilərin ölən kəndlilərin cəsədlərini gizlətməyə çalışdıqlarını söyləyirlər. Yanvarın 22-si verilən xəbərlərdə isə Naypyidau rəhbərliyinin Rohinca xalqından olan 10 yaşdan yuxarı bütün kişiləri “həbs etmək” əmri verildiyi bildirilir. Bu da günahsız xalqa qarşı yeni bir soyqırım törədilməsinin xəbərçisi olduğu üçün müsəlman əhalisinin narahatlığı gedərək artır.

Bu, rohincalılara qarşı ilk qətliam xəbəri deyil. Rohincalıların əsir alınaraq insan ticarətində istifadə edildikləri, müxtəlif işgəncələrə məruz qalaraq öldürüldükləri, cəsədlərinin yük maşınları ilə meşəyə daşındığı, hissələrə ayrılaraq zibilxanaya atıldığı, qadınlarına təcavüz edildiyi və öldürülmədən əvvəl sinələrinin kəsildiyini xəbər verən şahidlər vardır.

Rohinca xalqı qorxu içindədir. Ancaq özlərini qorumaq üçün heç nə edə bilmirlər. Nə sığına biləcəkləri bir təşkilat, nə də vətəndaşlıq hüquqları var. Dünyaya səslərini eşitdirə biləcək ən sadə texnoloji imkandan belə məhrumdurlar.

BMT İnsan Haqları Xüsusi reportyoru Tomas Ojea Quintana Myanma hökumətindən hadisələrə açıqlama verməsini tələb etdi. Hökumət bu hadisələri təkzib etdi və yalnız bir polis məmurunun öldürüldüyünü bildirdi. Arakan (Rakhine) Əyalətinin Baş naziri Hla Maunq Tin isə dünya mediasını günahlandırdı. Xatırlatmaq lazımdır ki, rohincalılar vətəndaş kimi qəbul edilmədikləri üçün onların rəsmi qeydiyyatları yoxdur. Buna görə onların varlığını və ya yoxluğunu sübut etmək mümkün deyil. Əgər iddialar doğrudursa, şahidlərin ifadələri və cəsədlərin varlığı hadisələrin doğru olduğunu sübut etmək üçün əhəmiyyətlidir. Lakin səlahiyyətlilər qırğınlarla bağlı dəlilləri sürətli şəkildə yox etdikəri üçün hər kəs bu dəlillərdən xəbərsizdir.

Bəli, müsəlman Rohinca xalqı çox çətin vəziyyətdədir. Bu insanların qurtuluşu üçün əvvəlcə Birləşmiş Millətlər Təşkilatı hərəkətə keçməli və Rohinca xalqının təhlükəsizliyini təmin etməlidir. Maunqdau bölgəsindəki hadisələr böyümədən onların qarşısı alınmalı və qətliamların doğruluğunun təsbit edilməsi üçün dəlillər ortadan qaldırılmadan beynəlxalq araşdırma qrupu ölkədə araşdırma aparmalıdır. Mühasirəyə alınan, kənddən çıxarılan xalqın geri dönməsi və orada onlara etibarlı mühit yaradılması üçün müvəqqəti həll yolu tapılmalıdır. İşgəncələr, təcavüzlər, yağmalamalar, haqsız həbslər və qətllər dayandırılmalıdır. Bu vəhşiliyi törədənlər haqqında lazımi sorğulamalar aparılmalı və qanuni əməliyyatlar həyata keçirilməlidir. Beynəlxalq medianın yaşananları hadisə yerində araşdırmasına imkan yaradılmalıdır.

Rohinca xalqının təhlükəsizliyinin təmin edilməsi üçün Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Arakan (Rakhine) bölgəsinə göndərilməlidir. Bundan sonra isə BMT Rohinca xalqına vətəndaşlıq hüququ təmin edərək onları qorumalıdır. Onlar da təhsil, səhiyyə, dərman və müalicə imkanları kimi ictimai hüquqlardan istifadə etməlidilər. Rohincalı müsəlmanların bütün hüquqlara sahib olmaları üçün Myanma hökuməti ilə əməkdaşlıq qurmaq lazımdır.

Myanma və Banqladeş arasında qalan “ölkəsiz və müdafiəsiz xalq”ın qoruma altına alınması üçün lazımlı addımları atmaq hər bir vicdanlı insanın vəzifəsidir. BMT-nin əsas vəzifəsi dünyada sülhü, təhlükəsizliyi, insan hüquqlarını və azadlıqlarını qorumaq olduğundan o, bu mövzuda qabaqcıl olmalı və vaxt itirmədən hərəkətə keçməlidir.

Adnan Oktarın Harakah Daily'də nəşr olunan yazısı:

http://en.harakahdaily.net/index.php/articles/analysis-a-opinion/8418-a-cry-for-help-to-the-un-from-Rohinca-of-myanmar.html

2014-02-03 14:53:01

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top