İslam Həmrəyliyinə Çağırış
Necə Bir İslam Həmrəyliyi?19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində baş verən iki böyük dünya müharibəsi, bu müharibələrdə həyatını itirən milyonlarla insan, dağıdılan şəhərlər, yerlə bir olan yaşayış məskənləri, vəhşiliyin adi qarşılandığı həbs düşərgələri insanlar üçün ibrətamiz oldu. Müharibələrdə birbaşa iştirak edən qərb dünyası müharibədən sonra bu tarixi dramdan önəmli nəticə çıxarmışdı. Bunların başında ittifaq qurmaq fikri gəlirdi. Hansı ki, bu ittifaq ehtimal olunan problemləri asanlıqla və qısa müddətdə həll etməyin ən təsirli yollarından biri idi. Bundan əvvəl də müxtəlif Avropa ölkələri arasında ittifaqlar qurmağa çalışmışdılar. Ancaq bu ittifaqlar bəzən mənfəətlərdən, bəzən də ideoloji səbəblərdən dolayı uzun ömürlü olmamışdı. Ancaq bu dəfə qərb dünyası qurulacaq bu ittifaqın iqtisadi əməkdaşlıqdan və ortaq müdafiə paktından daha irəli olmasının labüdlüyünü, Avropanın ortaq mənəvi dəyərlər çərçivəsində birləşməsinin zəruriliyini fərq etmişdi. Əlbəttə, bu, uzun və çətin proses idi.
Müharibə Avropanın böyük güclərinin iqtisadiyyatını zəiflətmişdi və sənaye haradasa yerlə bir olmuşdu. Dağıdılan yüzlərlə şəhərin yenidən inşa edilməsi, təhsil və səhiyyə ocaqlarının bərpa edilməsi lazım gəlirdi. Bundan başqa, Avropada müharibə sona çatsa da, müstəmləkələrdə azadlıq hərəkatları başlamışdı. Bütün bu şərtlər daxilində stabilliyin təmin edilməsi və dağınıq quruluşlara baxmayaraq birlik əmələ gətirmək çox çətin görünürdü. 1951-ci ildə sənayeni dirçəltmək məqsədilə qurulan Avropa Kömür və Polad İttifaqı bu təşəbbüsün ilk addımı oldu. Sonradan Avropa İqtisadi Birliyinə, ən son olaraq da Avropa İttifaqına çevrilən bu birlik üzv ölkələr arasında məhsulların, sərmayə və iş gücünün sərbəst dövriyyəsini təmin edən, ümumi pul vahidinə və ortaq hüquqi anlayışa sahib güclü birlik halına gəldi. Bu gün Avropa İttifaqı dünya siyasətinin istiqamətverici qüvvələrindən biridir. 56 müsəlman ölkəsinin üzv olduğu İslam Konfransı Təşkilatı müsəlmanları öz ətrafında toplayan – üzv sayına və coğrafi mövqeyinə görə – ən böyük müsəlman təşkilatıdır. Bu təşkilatdan başqa eyni coğrafi ərazilərdə yaşayan müsəlman ölkələri arasında müxtəlif ticari və hərbi əməkdaşlıqlar da mövcuddur. Bunların hər birinin əhəmiyyətli fəaliyyətləri var və mövcud olmaları çox faydalıdır. Lakin İslam dünyasının yekun qərarlar almaq haqqına sahib olan, ortaq siyasət yürüdən və bunları qərarlılıqla tətbiq edən, bütün müsəlman dünyasının ortaq səsi olan və yalnız müəyyən bölgənin deyil, bütün müsəlmanların problemlərini həll edən daha kompleks birliyə ehtiyacı var. Bu birliyin fəaliyyət dairəsi iqtisadi, hərbi və sosial sahələri əhatə etməlidir. Bu birlik sayəsində müsəlman ölkələri arasında yekdillik və uzlaşma mühiti qurulub həmrəylik ruhu inkişaf etdiriləcək. Beləliklə, ilk növbədə birlik altında toplanan ölkələrin təhlükəsizlik problemləri ortadan qalxacaq, daha sonra təşkil olunacaq çox yönlü əməkdaşlıqlarla üzvlərin rifah səviyyəsinin yüksəlməsi təmin olunacaq. İslam dünyası tək vücud halında hərəkət edəcək, dolayısilə, müsəlman cəmiyyətlərinin lehinə olan strategiyaları inkişaf etdirmək mümkün olacaq. 20-ci əsrin ikinci yarısında başda Fələstin olmaqla, Bosniya, Kosovo, Qarabağ, Kəşmir, Açeh kimi ərazilərdə baş verənlər müsəlman dünyasını əhəmiyyətli gerçəkliklə qarşı-qarşıya gətirmişdir. Minlərlə mülki şəxsin həyatını itirdiyi, uşaqların yetim qaldığı və vəhşiliyin üst həddə çatdığı bu ərazilərdə Qərbin bu drama ya heç, ya da gec reaksiya göstərməsi, lazımi tədbirlərin alınmasında ləng tərpənməsi müsəlmanlara bir daha xatırladır ki, bütün məsuliyyəti İslam dünyası öz üzərinə götürməlidir. Belə ki, müsəlman xalqlarının hüquqlarının qorunması, ehtiyaclarının aradan qaldırılması hər kəsdən əvvəl müsəlmanların problemidir və İslam dünyası bu mövzuda son dərəcə aktiv olmalıdır. Müsəlman ölkələrinin bütün müsəlmanların təhlükəsizliyini zəmanət altına alacağı gücə çevrilməsi ancaq beynəlxalq siyasətdə İslam dünyasının vahid səs olaraq təmsil edilməsi ilə mümkündür. İslam dünyası hərbi, siyasi və iqtisadi cəhətdən vahid blok yaratmalıdır. Öz daxilində bərabərliyi təmin edən İslam dünyası dünya sülhünün təminatçısına çevriləcək, beləliklə də, bəzi radikal ünsürlər və mədəniyyətlər qarşıdurması tərəfdarları öz nəzəriyyələrinin reallaşması üçün lazımi mühit tapa bilməyəcəklər.
İslam Birliyinin Əsas Quruluşu
İslam Birliyi quruluşu elə olmalıdır ki, üzv ölkələr milli müstəqilliyini, milli sərhədlərini mühafizə etsin və hər bir ölkə öz milli hüquq və maraqlarını qorusun. Amma bütün bu suveren ölkələri ortaq İslam mədəniyyəti çevrəsində birləşdirəcək orqanlar təşkil olunmalıdır. Belə ki, bu orqanlar ortaq siyasəti inkişaf etdirib bunun həyata keçməsi üçün qərarlar verməlidir. Məqsəd dövlətlərin quruluş cəhətdən birləşməsi deyil, ortaq siyasət və maraqlar çərçivəsində birləşməsi və bu siyasətin həyata keçirilməsində birliyin təsir gücünün olmasıdır. Qurduğu modern dövlət anlayışı ilə Türkiyə Cümhuriyyətini dayanıqlı demokratik ölkəyə çevirən Atatürkün İslam dünyasının birlik və bərabərliyi haqqında əhəmiyyətli izahları var. Bir dövlətin ən əhəmiyyətli ünsürlərindən birinin milli sərhədlər daxilində var olmaq hüququ olduğunu ifadə edən Atatürkün təsbitlərinin doğru olduğu zaman ərzində sübut olunmuşdur. Məlum olduğu kimi, Osmanlı İmperiyasının süqut etmə mərhələsində Osmanlıda yaşayan xalqların bir qismi yanlış yönləndirmələrlə dövlətin yanında olmağın yerinə xarici qüvvələrlə əməkdaşlıq etmişdilər. Lakin müxtəlif imtiyazlar qazanacaqlarını umaraq bu yolu seçənlər əməkdaşlıq etdikləri ölkələrin hegemonluğu altına girməklə müstəmləkəyə çevrilmişdilər. Bu xalqlardan bəziləri Cümhuriyyətin ilk illərində Mustafa Kamala təmsilçi göndərib onları istismar edən liderlərin yanlış təxminlərindən şikayət etmiş, hətta bəziləri Türkiyə ilə birləşmək tələblərini dilə gətirmişdilər. Atatürkün bu təkliflərə verdiyi qarşılıq İslam Birliyinin təməlinin necə olduğunu göstərən əhəmiyyətli cavabdır: Bütün İslam aləminin mənəvi yöndən olduğu qədər maddi yöndən də birlik içində müttəfiq olmasından sadəcə sevinərik. Bunun üçün bizim öz hüdudlarımız daxilində müstəqil olduğumuz kimi, suriyalılar və iraqlılar da milli hakimiyyətə əsaslanan müstəqil güc olaraq ortaya çıxmalıdırlar. Göründüyü kimi, Atatürkün ilk öncə vurğuladığı xüsus həmin ölkələrin müstəqillik qazanmalı olduqlarıdr. İslam Birliyinin əhəmiyyətinin şüurunda olan Atatürk bu birliyin təsir qazana bilməsi üçün üzvlərin milli sərhədləri daxilində öz müstəqilliyini qazanan, milli iradəyə əsaslanan və öz ayaqları üzərində dura bilən dövlətlərin mövcudluğunun əhəmiyyətinə diqqət çəkmişdir. Dolayısilə, qurulacaq təşkilatın üzvlərinin ərazi bütövlüyünü və müstəqilliklərini qoruması hazırda da son dərəcə əhəmiyyətlidir.
Bu birlik sayəsində dünya müsəlmanları bir-biriləri ilə birbaşa münasibətdə olacaq, problemləri yaxından görəcək və həmrəyliyə daxil olacaqlar. Bölücü və şovinist anlayışlar bir kənara qoyulub bütün müsəlmanların qardaş olduğu əsas götürüləcək. Dövrümüzdə İslam dünyasına hakim olan fərqli düşüncələr, izahlar və modellər arasında razılıqların təmin edilməməsi müsəlmanların birlikdə hərəkət etməsinə mane olur. Bu təşkilatın bərabərlik çağırışı etnik mənsubluğa, iqtisadi şərtlərə və ya coğrafi mövqeyə əsaslanmayacaq. İrq, dil və mədəni xüsusiyyətlərdən qaynaqlanan hər cür düşmənçilik bu birliyin sayəsində ortadan qalxacaq. Haqqında danışılan təşkilatın bərabərlik anlayışı bir topluluğun digərinə üstün gəlməsini təməl almayacaq. Bu birliyə şəfqət, sevgi və mərhəmət ruhu hakim olacaq. İslam Birliyinin qurulmasında əsas məqsədlərdən biri bütün müsəlmanlara istiqamət verən nüfuzlu bir mərkəzin təşkil olunmasıdır. Bunun üçün bu mərkəz mütləq bütün müsəlmanlara xitab edə bilməli, başqa sözlə desək, bütün fərqli anlayışları öz çətiri altında toplamağı bacarmalıdır. İslam Birliyi təməl islami dəyər və inancları əsas götürməli, adət və düşüncə fərqliliklərini anlayışla qarşılamalı və bu müxtəliflikləri mədəni zənginliyə çevirməyi bacarmalıdır. Bu fərqliliklər ortaq qərar almağa və siyasi iradəyə mane olan ünsürlərə çevrilməməlidir. Müsəlman ölkələri arasındakı bütün ixtilaflar bu mərkəz sayəsində həll olunub anlaşılmazlıqlar ortadan qaldırılmalıdır. Bu minvalla, öz daxili problemlərini həll edə bilən İslam dünyası digər mədəniyyətlərin nümayəndələri ilə olan problemlərini də asanlıqla həll edə biləcək imkana sahib olacaq. Həmçinin bütün müsəlmanları birləşdirən bu mərkəzin ortaq siyasət yürüdüb bunu həyata keçirməsi mümkün olacaq.
Dövrümüzdə İslam dünyasının müştərək hərəkət etməsini labüd edən və təcili həllini gözləyən məsələlər dünya siyasətinin əsas gündəlik məsələləridir. Fələstin, Kəşmir, İraq kimi siyasi problemlər, terrorizmə qarşı aparılacaq fikri mübarizə, geridəqalmışlıq, yoxsulluq, səhiyyə və təhsil bu məsələlərin ən vaciblərindir. Bunlar regional və ya yalnız o torpaqlarda yaşayan xalqları maraqlandıran problemlər deyil. Bunlar bütün müsəlmanları maraqlandıran, dolayısilə, həll olunması üçün İslam dünyasının həmrəyliyini tələb edən problemlərdir. Heç kim Məscidül-Əqsada baş verənlərin yalnız fələstinliləri maraqlandırdığını, Kəşmirdə zülmə məruz qalan sadə müsəlmanların öz başlarına çarə tapmalı olduqlarını və ya İslam dünyasının hər hansı bir bölgəsində aclıq içində yaşayan uşaqların həmin ölkənin problemi olduğunu iddia edə bilməz. Müsəlmanlar inanclarından dolayı bu vəziyyəti qəbul edə bilməzlər. Lakin müsəlmanlar aralarında güclü birlik qura bilmədikləri üçün onların yerinə bu və oxşar mövzularda başqa ölkələr müxtəlif həll yolları önə sürürlər. Belə ki, bu təkliflər çox vaxt müsəlmanların maraqlarını görməzlikdən gələn və ya qısa müddətli həll yolu olmaqdan o tərəfə getmir. Münaqişə və anlaşılmazlıqların baş alıb getdiyi bəzi bölgələrdə müsəlmanların mövqeyinin güclü olmaması irəli sürülən təkliflərdə onların söz sahibi olmalarına əngəl yaradır. “Sülh planı” adı altında müsəlmanlara təqdim olunan layihələrdəki maddələr çox vaxt onları daha da çətinliyə salır. Bu müsəlmanların haqlarının qorunması üçün İslam dünyası müştərək hərəkət etməlidir. Bunun kimi İslam Birliyini gözləyən başqa bir məsuliyyət bu mərkəzin olduqca aktiv çalışmalı olduğunu göstərir. Birliyin nizamlı fəaliyyəti üçün koordinasiyalı iş prinsipinə əsaslanan daimi mərkəzin yaradılması və alt strukturlarının təşkili təmin edilməlidir. Bu birlik fəaliyyəti ilə inam oyatmalı, üzvlər də öz haqlarının birlik tərəfindən ən yaxşı şəkildə qorunacağından əmin olmalıdırlar. İslam Birliyi dəyişən siyasi şərtlərə asanlıqla uyğunlaşmaq, lazımi strategiyaları inkişaf etdirəcək düşüncəyə sahib olmaq məcburiyyətindədir. Dünyada gedən proseslərə yalnız təxirə salınmadan reaksiya verən və ya qınayan deyil, təşəbbüskarlıqda aktiv olan mərkəzə ehtiyac olduğu açıq-aşkardır. Bu mərkəz müntəzəm olaraq koordinasiya vəzifəsini öz üzərinə götürməli, fəaliyyətləri bütün üzv ölkələrin mənfəətlərini əhatə etməlidir. Bu birlik baş verən hadisələri obyektiv formada dəyərləndirməklə bütün İslam dünyasının tələblərini göz önündə tutmalıdır. Üzv ölkələr arasında baş verə biləcək narazılıqları ortadan qaldıran və müsəlmanların digər cəmiyyətlərlə münasibətlərində onları qoruyan mexanizm kimi fəaliyyət göstərəcək İslam Birliyi müsəlman dünyasının mədəni, siyasi və iqtisadi təsirini artıracaq. İslam Birliyinin müsəlmanları vahid güc halına gətirməsi və müsəlman ölkələrini bir-biri ilə bütünləşdirən quruluş olması üçün müasir ictimai dəyərləri qoruması, hüquq və insan haqlarına hörmətlə yanaşması və demokratik anlayış üzərinə qurulması da həddindən artıq əhəmiyyətlidir. Unutmaq olmaz ki, bu dəyərlər İslam əxlaqının əsasıdır.
Sülhsevər və Uzlaşdirici İslam Birliyi
İslam Birliyi təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə sülh gətirməyi hədəf götürməli, aldığı qərarlarda sülh yönlü və uzlaşdırıcı davranış göstərməlidir. İslamın əsası Allahın Quranda bildirdiyi gözəl əxlaqdır. Bu əxlaq iman edənlərin şəfqətli, fədakar, səbirli və ədalətli olmasını tələb edir. İslam insanları asayiş və sülh dolu dünyaya dəvət edir. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur: Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o, sizə açıq-aydın düşməndir. Müsəlman Allahın əmrlərinə tabe olan, Quran əxlaqına dəqiqliklə əməl edən, dünyanı gözəlləşdirən, sülh və dincliyi hakim edən insandır. Məqsədi insanlara yaxşı davranıb xeyirli işlər görməkdir. Müsəlmanlar Rəbbimizin sonsuz mərhəmət və şəfqətinin onlarda təzahür etməsinə çalışarlar. Allah Quranda çevrəsinə daima xeyir gətirən, ətrafındakı olaylarla maraqlanan, insanları doğru yola çağıran əxlaqı məqbul göstərmişdir. Bir ayədə ətrafına heç bir faydası toxunmayan şəxslərlə daima xeyirlərdə yarışan insanlar arasındakı fərq belə müqayisə olunur: Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl surəsi, 76) Bu ayədə bildirilən hikmət İslam Birliyi üçün də yol göstərici olmalıdır. İslam Birliyində din əxlaqının insanlara qazandırdığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük, ədalət və sədaqət anlayışı ən gözəl şəkildə təmsil edilməlidir.
İnsanların fikir, düşüncə və yaşayış azadlığını qoruyan İslam əxlaqı insanlar arasındakı gərginliyi, anlaşılmazlığı, bir-birilərinin haqqında pis danışmağı, hətta uyğunsuz zənni belə qadağan edir. Müsəlmanların qurduğu birlik bu əsasları əsas götürüb dünya sülhü üçün fəaliyyət göstərməlidir. Quran əxlaqı müsəlmanların müharibədən və hər cür münaqişədən çəkinməsini, anlaşılmazlıqları müzakirə yolu ilə aradan götürməsini və uzlaşdırıcı olmasını tələb edir. Müharibə Qurana əsasən, yalnız məcbur qaldıqda əl atılacaq və mütləq müəyyən insani və əxlaqi sərhədlər daxilində aparılacaq və istənilməyən zərurətdir. Möminlər ortaya çıxan problemlərdə həmişə sülhə və uzlaşmağa üstünlük verərlər, ancaq qarşı tərəfdən hücum edildikdə özlərini müdafiə etməklə vəzifəlidirlər. Bir ayədə yer üzündə savaşı təxribatçıların çıxartdığı və Allahın onları sevmədiyi belə açıqlanır: ... Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir! (Maidə surəsi, 64) Peyğəmbərimizin (səv) həyatına nəzər saldıqda müharibənin ancaq zəruri hallarda və müdafiə məqsədilə aparıldığını görə bilərik. Quranın Peyğəmbərimizə (səv) vəhyi tam olaraq 23 il çəkdi. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədə bütpərəstlərin arasında azlıq kimi yaşadılar və böyük təzyiqlərə məruz qaldılar. Onların bir çoxuna fiziki işgəncələr verildi, bəziləri öldürüldü və çoxunun evi, malları qarət edildi, sürəkli həqarət və təhdidlərlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar şiddətə əl atmadan yaşamağa davam etdilər və bütpərəstləri sülhə çağırdılar. Nəticədə, bütpərəstlərin təzyiqləri dözülməz həddə çatanda müsəlmanlar daha azad və dostyana mühitin olduğu Yəsrib (sonradan Mədinə) şəhərinə hicrət edərək burada öz idarəçilik sistemlərini qurdular. Öz siyasi quruluşlarını bu şəkildə formalaşdırdıqdan sonra da Məkkənin aqressiv bütpərəstlərinə qarşı savaşmadılar. Təvazökarlıq, təmkinlilik və insanlara yaxşılığı əmr edib pislikdən çəkindirmək İslam topluluğunun xüsusiyyətidir. “Bəqərə” surəsinin 143-cü ayəsində Rəbbimiz müsəlmanların insanlara şahid və nümunə olmaq üzrə “orta” cəmiyyət olduqlarını bildirmişdir. Başqa bir ayədə isə müsəlmanların bəşəriyyətə xeyirli topluluq olmasının zərurəti belə bildirilmişdir: Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. (Ali-İmran surəsi, 110) Allahın Quranda bildirdiyi xüsusiyyətləri üzərində daşıyan müsəlmanların meydana gətirdiyi quruluş bütün bu gözəl əxlaq özəlliklərini qorumalı və bu məziyyətlərin ən gözəl təmsilçisi olmalıdır. Bütün bunlar İslam Birliyinin hansı strategiyanı izləməli olduğunu da açıq şəkildə göstərir. İslam Birliyi ilk öncə müsəlman ölkələri arasındakı anlaşılmazlıqları ortadan qaldırmalı, İslam dünyasına sülh gətirməli, digər tərəfdən bütün dünyada münaqişə və qarşıdurmalara təkan verən hər cür hərəkətlərə qarşı çıxmalı, müharibəni körükləyən davranışları əngəlləməlidir. Dövrümüzün ən böyük problemləri arasında yer tutan terrorizmlə və beynəlxalq cinayətkar təşkilatlarla mübarizə aparmalı, kütləvi qırğın silahlarına nəzarət kimi beynəlxalq məsələlərdə belə beynəlxalq cəmiyyətlərlə əməkdaşlıq etməli, hətta bu ünsürlərə qarşı mübarizədə lider olmalıdır.
Həlledici Mərkəz Olmalıdır
Yuxarıda İslam dünyasının həllini gözlədiyi mövzulardan (Fələstin, Kəşmir, Əfqanıstan, İraq və s.) qısa şəkildə bəhs etdik və İslam Birliyinin qurulması ilə bu problemlərin sürətlə həll olunacağından danışdıq. İslam Birliyinin üzərinə bu mənada böyük məsuliyyət düşür. Bu birlik mütləq həlledici mərkəz olmalıdır. Dünyada baş verənlər təkcə müsəlmanlara deyil, dünyadakı bütün insanlara mənfi təsir göstərir. Yoxsulluq, korrupsiya, əxlaqsızlıq, gəlirin düzgün bölünməməsi, zülm və ədalətsizlik milyonlarla insanı çarəsiz vəziyyətdə qoyur. Aclıqdan ölən körpələr, küçəyə atılan uşaq və yaşlılar, çadır və baraklarda yaşamağa məcbur qalan qaçqınlar, pulu az olduğundan müalicə ala bilməyən xəstələr yalnız müsəlman ölkələrində deyil, (geridə qalmış ölkələrdə daha çox olmaqla bərabər) inkişaf etdiyi deyilən bir çox ölkədə problem olaraq qalır. Ehtiyac içindəki məzlum insanlar onlara yardım əlinin uzanmasını gözləyirlər. Müsəlmanların bu barədə daşıdığı məsuliyyət bir ayədə belə xəbər verilir: Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” –deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75) Müsəlman ölkələrinin İslam Birliyi çətiri altında toplanması müsəlmanlarla qeyri-müsəlmanlar arasındakı gərginlikləri aradan qaldıracağı kimi, müsəlmanların öz aralarındakı problemləri də həll edəcək. Hazırda müsəlmanlar arasındakı anlaşılmazlıqlar qərb ölkələri və ya onların nəzarətindəki beynəlxalq təşkilatlar tərəfindən həll edilməyə çalışılır. Müsəlman ölkələrinin mədəniyyətinə və tarixinə yad olan xarici qüvvələrin (bəzən faydalı olsalar da) İslam mədəniyyətinin məsələlərini həll etməsi o qədər mümkün görünmür. Halbuki müsəlman ölkələri bütün problemlərini öz aralarında həll edə bilərlər. Beləliklə, problemlər həm beynəlxalq arenaya çıxarılmadan həll olunar, həm bu həll olunmuş məsələlər müsəlmanlara faydalı olar, həm də İslam dünyasının birlikdə hərəkət etməsi bir qüdrət nişanəsinə çevrilər. Bu gün İslam dünyasının ən böyük çatışmazlıqlarından biri ortaq siyasətdə zəiflik göstərmək və şəxsi mövzularda belə təsirli strategiyadan istifadə etməməkdir.
İslam Birliyi başda müsəlman ölkələri olmaqla, bütün insanların dərdinə çarə tapıb onları axtardıqları sabitlik və təhlükəsizliklə təmin etmək üçün məsuliyyət daşıyır. Hər müsəlman ölkəsinin öz siyasi, demoqrafik və iqtisadi problemləri var. Dünyanın fərqli yerlərində də buna bənzər müxtəlif problemlər mövcuddur. Bu problemlərin hər biri üçün fərqli həll yollarının tətbiq olunması lazım ola bilər. Lakin əsas problemlər və bunların həll yolları hər yerdə eynilik təşkil edir. İnsanlara narahatlıq verən bir çox şeylər Quran əxlaqının lazım olduğu kimi tətbiq olunmamağından qaynaqlanır. Bu problemlərin həll edilə bilinməməsinin təməlində hadisələrə Quran işığında qiymət verməmək durur. Buna görə də bütün bu çatışmazlıqların aradan götürülməsi üçün Quran əxlaqından qaynaqlanan açıq fikirlilik, dürüstlük, fədakarlıq, ədalət kimi vəsflər müsəlmanların yol göstəricisidir.
Həqiqətən də, iqtisadi problemlərin həlli ilə sosial əxlaq arasında əhəmiyyətli əlaqə var. Məsələn, iqtisadi problemlərin ən əhəmiyyətli ünsürlərindən biri olan sosial ədalətsizlik, əsasən, əxlaqi problemdir. İslam əxlaqını mənimsəyən cəmiyyətdə sosial ədalətsizlik olmaz. Allah Quranda bildirmişdir ki, insanlar ehtiyacdan artıq qalanını ehtiyacı olanlarla bölüşsünlər. Həmçinin Allah israfı da haram buyurmuşdur. Maddi imkanları müəyyən insanlar üçün imtiyaza çevirmək və yalnız bir qrup şəxs arasında bölüşdürmək Quran əxlaqına ziddir. Quran əxlaqı sosial həmrəyliyi tələb edir və insanların bir-birilərinin ehtiyaclarını qarşılamağını əmr edir. Hətta iman edənlər – özlərinin ehtiyacı olsa da – yeməklərini ilk öncə kasıblara və əsirlərə verəcək qədər fədakar əxlaqa sahibdirlər. Üstəlik, bunu insanların deyil, Allahın razılığını qazanmaq üçün edərlər. Quranda belə buyurulur: Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allahın üzü xətrinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!” (İnsan surəsi, 8-9)
Fərdlər arasındakı həmrəylik və yardımlaşma asanlıqla millətlərarası münasibətlərdə də təmin edilə bilər. Burada da İslam əxlaqı İslam Birliyinə üzv ölkələrə yol göstərəcək. Bir tərəfdə həddindən artıq lüks həyat yaşayan ölkə mövcud olduğu halda, digər tərəfdə yeni doğulan minlərlə körpənin aclıqdan ölməsi qəbul edilə bilməz. Vicdanlı olan hər kəs bu vəziyyətdən narahat olar. Bu gün bir çox xeyriyyə cəmiyyəti və beynəlxalq təşkilat həmin ölkələrə yardım etmək üçün fəaliyyət göstərir. Belə ki, bu təşəbbüslər bölgələrə yardım paketləri çatdırmaqdan o tərəfə getmirlər. Çox vaxt bu yardımları öz ünvanına çatdırmaq belə mümkün olmur. Belə vəziyyətdə geridə qalmış ölkələrin sistemlərindəki qüsurları köklü şəkildə aradan qaldırmaq, mafiya və cinayətkar dəstələrin önünü kəsmək və cəmiyyətdə təhsil yolu ilə vicdana və açıqfikirliliyə əsaslanan yeni şüur formalaşdırmaq tələb olunur. Allahın Quranda əmr etdiyi kimi, israf ortadan qaldırıldıqda, həmrəylik ruhu inkişaf etdirildikdə, insanlar paylaşmağa təşviq edildikdə və xüsusilə insanlar vicdanlı olmağı öyrəndikdə iqtisadi tarazsızlığı ortadan qaldırmaq mümkün olar. Bu həll yollarını İslam dünyasında ən təsirli formada tətbiq edəcək quruluş isə İslam Birliyidir.
Vətəndaş Hüquqlarına Hörmətlə Yanaşmalı və Ədalətli OlmalıdırHəqiqi İslam əxlaqının hakim olduğu cəmiyyətdə vətəndaşların hüquq və azadlıqları böyük əhəmiyyət kəsb edir. Hər kəsin hüquq və azadlıqları təminat altına alınır və insanların azad və layiqli həyat yaşaması hədəf götürülür. Allah Quranda müsəlmanlara bütün insanların Allah qatında bərabər olduqlarını (üstünlüyün ancaq təqva ilə olduğunu) bildirmiş və insanlara qarşı ədalətli, bağışlayıcı və anlayışlı olmağı əmr etmişdir. Fərqliliklərə hörmət göstərmək və onların arasında ədalətlə hökm etmək əhəmiyyətli mömin əlamətidir. Peyğəmbərimiz (səv) tərəfindən ilk İslam cəmiyyətində aparılmış tənzimləmələr cəmiyyətin quruluşu və idarə edilməsi sahəsində müsəlmanlar üçün yol göstərici olmuşdur. Müsəlmanların ilk konstitusiyası kimi qəbul edilən və dövrün şərtlərinə görə çox qabaqcıl hüquq anlayışını özündə əks etdirən Mədinə sazişi İslam cəmiyyətinin vətəndaş hüquqları və ədalət anlayışını göstərən əhəmiyyətli bir nümunədir. Mədinə sazişi ilə şəhərdəki fərqli inanclara sahib insanların hamısına təməl hüquq və azadlıqları tanınmış, insanların mal və can varlıqları, həmçinin ailələri və ibadət məkanları təminat altına alınmışdır. Fərqli inanc cəmiyyətlərinin ortaq siyasi quruluş içində yaşamasını təmin edən bu anlaşma ilə bir-birilərinə uzun illər boyu kin və düşmənlik bəsləyən qəbilələr də uzlaşdırılmışdır. Mədinə sazişindən əlavə müşriklərə qarşı daim ədalətlə davranılmış, onların qoruma və himayə tələbləri Peyğəmbərimiz (səv) tərəfindən qəbul edilmişdir. Hz.Muhəmməd dərin şəfqət və mərhəməti ilə insanlar arası əlaqələrin həmişə mədəni və dostyana olmasını istəmişdir.
İslam bəşəriyyətə müasir dünyadan 1400 il əvvəl vətəndaş hüquqları, qanunlar və hüquq dövləti qarşısında bərabərliyi, eyni zamanda iqtisadi azadlıqlar kimi dəyərləri qazandırmışdır. İslamın yayılması əsnasında fəth edilən torpaqlarda tətbiq edilən ədalət də bütün cəmiyyətlərə nümunə olmuşdur. Dövrümüzdə də bir çox qərb mütəfəkkirinin təqdir və hörmətlə andığı bu ədalət anlayışı o dövrdə çoxlu sayda insanın və xalqın öz tələbləri ilə müsəlmanların idarəsinə keçməsinə və bir çoxunun da İslamı qəbul etməsinə vəsilə olmuşdur. Peyğəmbərimiz (səv) Quranda bildirilən ədalət anlayışını ən gözəl şəkildə tətbiq etmiş, onun yolunu izləyən səhabələr və sonrakı müsəlmanlar da Peyğəmbərimizin (səv) bu üstün əxlaqını tətbiq etməyə davam etmişdilər. Bu davranışları ilə Allahın “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər” (Əraf surəsi, 181) ayəsində bildirildiyi kimi, insanlar arasında ədaləti yayan ümmət olmuşdular. İslamın insanlara öyrətdiyi dəyərlərdən biri də fikir azadlığı və idarəetmədə iştirak etmək hüququnun olmasıdır. Bu, İslamın sosial sahədə əsas əmrlərindən biri olan məsləhətləşmədə ortaya çıxır. Allah müsəlmanlara işlərini məşvərətlə həll etməyi, yəni bir-biriləri ilə məsləhətləşərək hərəkət etməyi əmr etmişdir: O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. (Şura surəsi, 38) Məsləhətləşmək həm fərdlərin bərabər söz sahibi olmaqlarına, həm də qərarların alınmasında çox yönlü dəyərləndirməyə imkan yaradır. Bu zaman fərqli fikir sahibləri də bir-birilərinə qarşı anlayışlı davranırlar. Məşvərət zamanı kimin fikrinin qəbul edildiyi əhəmiyyət daşımır. Əsas odur ki, ən doğru fikir qəbul edilir. Başqa sözlə desək, məşvərətin əsas məqsədi cəmiyyət üçün ən xeyirli və ən dəqiq qərarların alınmasını təmin etməkdir. İslam əxlaqı onu tələb edir ki, iman edənlər öz fikirlərində israr etməsinlər, vicdana, ədalətə və xeyirə ən uyğun olan fikrə tabe olsunlar. Möminlər “mənim fikrim qəbul olunsun”, “mən düşündüyüm ən doğrudur” kimi inada və təkəbbürə əsaslanan israrlılıqdan çəkinməlidirlər. Bunlar Allah qatında gözəl olmayan davranışlardır. Müsəlman “... Hər bilik sahibindən də üstün bir bilən vardır” (Yusif surəsi, 76) ayəsinə əsasən, bilməlidir ki, hər zaman ondan daha yaxşı bilən biri ola bilər və buna görə də öz düşüncəsinin ən doğru olduğunu iddia etməsi tamamilə yanlış hərəkətdir. Odur ki, İslam əxlaqının həmin məşvərət prinsipi dövrümüzdə İslam Birliyinə əhəmiyyətli dərəcədə işıq tutur. İslam Birliyi elə bir siyasi mədəniyyət üzərinə inşa edilməlidir ki, müsəlmanlar heç bir təzyiq olmadan öz fikirlərini ifadə edə bilsinlər və haqları hər sahədə qorunsun. Beləliklə, müsəlman cəmiyyətləri İslam Birliyi öndərliyində insanların bir-birilərinin fikirlərinə hörmətlə yanaşdığı, ədalət və azadlığın hakim olduğu, zülm və haqsızlığın tamamilə ortadan qaldırıldığı cəmiyyətlər olacaq. Eyni zamanda İslam dünyası təkcə müsəlmanların asayiş və təhlükəsizliyini qorumaqla qalmayacaq, həm də dünya mədəniyyətinin yol göstəricisi olacaq.
İslam Dünyasının Inkişafını Hədəfdə Saxlamalıdırİslam dünyasının başlıca problemlərindən biri də müsəlman ölkələrinin böyük əksəriyyətinin geridə qalmasıdır. Buna görə də İslam Birliyinin əsas hədəfləri arasında İslam dünyasının inkişaf etdirilməsi və yoxsul ölkələrə dəstək verib iqtisadi problemlərinin həll olunması gəlməlidir. Bütün müsəlman ölkələrdə: – Yoxsulluğa qarşı mübarizə aparmaq; – Yeni investisiyalara təşviq etməklə iş imkanları yaratmaq; – Sosial nizam və sabitlik təmin etmək; – Sosial ədaləti təminat altına almaq, iqtisadi bərabərsizlikləri ortadan qaldırmaq; –Beynəlxalq və regional əlaqələri, həmçinin əməkdaşlıqları gücləndirmək.
İslam dünyasında maddi fərqliliklərdən qaynaqlanan sıxıntılar minimuma endirilməlidir. İqtisadi və siyasi sahədə, ən əhəmiyyətlisi isə mədəniyyət sahəsində müsəlman ölkələri arasındakı birlik geridə qalanların sürətlə irəliləməsinə, lazımi imkana sahib olanların fəaliyyətlərinin məhsuldarlılığına zəmin yaradacaq. Eyni zamanda bu birlik və bütünlük elmi-texnoloji sahədə də böyük nailiyyətlər qazandıracaq. İqtisadi inkişaf elm və texnologiya sahəsinə qoyulan investisiyaları artıracaq və belə ki, texnologiyanın inkişafı iqtisadiyyatın daha da sürətlə böyüməsini təmin edəcək. İqtisadiyyatın inkişafı ilə yanaşı, təhsil səviyyəsində də təbii yüksəlmə baş verəcək, cəmiyyət çoxtərəfli inkişafa doğru irəliləyəcək. İslam Birliyi vətəndaşların vizasız və sərhəd maneəsi olmadan rahat hərəkət etməsini, sərbəst ticarəti, azad sahibkarlığı dəstəkləyəcək sistemdir və bu da İslam dünyasının sürətlə inkişafına təkan verəcək. İqtisadi dirçəliş təbii şəkildə müsəlman ölkələrin sürətlə müasirləşməsinə və yüksək mədəniyyətə doğru irəliləməsinə şərait yaradacaq. Müsəlmanların iqtisadi mədəniyyətinin qərb cəmiyyətlərinin bir qisminə hakim olan hedonist (həzz hissinin ali məqsəd olması) mədəniyyətdən fərqli olduğunu və olacağını burada vurğulamaq lazımdır. İslamda da qərb cəmiyyətlərində olduğu kimi, azad iqtisadiyyat əsaslıdır. Xüsusi mülkiyyət hüququ var və hər kəs istədiyi kimi təşəbbüskarlıq göstərə bilər. Əldə edilən qazancın dəyərləndirilməsi məsələsinə gəlincə isə İslam əxlaqına görə, fərdlər müəyyən məsuliyyətlər daşıyır və bu da öz növbəsində sosial ədalətin qurulmasını təmin edir. Zənginlərin qazancında kasıblar üçün pay vardır və əhəmiyyətlisi budur ki, bu, varlılardan məcburi toplanan vergi deyil. Bu, onların inanclarından qaynaqlanan könül xoşluğu ilə verdikləri ianədir. İslamda sosial ədalət sosialist sistemlərin təcrübədən keçirməklə bacarmadığı mərkəzi planlaşdırma və hakimiyyət orqanlarının təzyiqi ilə deyil, cəmiyyətə hakim olan əxlaqi dəyərlərlə təmin edilir. Digər tərəfdən İslam əxlaqı zəngin insanları lazımsız xərclərdən və israfdan çəkindirir.
Bu, şübhəsiz ki, tək məqsədi daha çox xərcləmək olan, həddindən artıq eqoist olan, daha çox qazanmaq üçün başqalarını əzməkdən çəkinməyən və insanlara hörmət və sevgisini itirən fərdlərdən təşkil olunmuş materialist cəmiyyət modelindən çox fərqlidir. Bu cəmiyyət modeli iki yüz ildir ki, getdikcə qərb dünyasının bir qisminə hakim olur və əxlaqi dəyərləri pozmaqla insanların mənəviyyatını korlayır. Bu gün bir çox qərb ölkəsi bu degenerasiya səbəbindən narkotik maddə, fahişəlik, rüşvət, qumar, içki və mütəşəkkil cinayətkarlıq kimi problemlərlə mübarizə aparır. Bundan başqa, qərb cəmiyyətlərində dini inancların zəifləməsi mənəvi böhran meydana gətirmişdir: həyatı yalnız maddi zövq və mənfəət qazanmaq məqsədinə çevirən materialist fəlsəfə insanların ruhunu təmin etmir və onları boşluğa, məqsədsizliyə sürükləyir. Azadlıq adı altında insanları öz həvəslərinin əsirinə çevirir. İslam əxlaqı isə insanları onlara mənfi təsir göstərən hər cür əndişə və qorxudan xilas edir. İman edənlər yalnız Allahdan qorxur və təkcə Onun rizasını qazanmağa çalışırlar. Rəbbimizə qarşı məsuliyyət daşıdıqlarını bilirlər. Hər zaman vicdanlarının səsini dinləyirlər və bu vicdani rahatlıq onlara təskinlik verir. İnsanlara sürəkli xeyir və gözəllik aşılayırlar. İslam əxlaqı insanları qısqanclıq, gələcək qorxusu, ölüm qorxusu kimi din əxlaqına uyğun olmayan şeylərdən xilas edir, onlara Allaha təslim olmağın rahatlığını yaşadır. Dolayısilə, İslam Birliyinin təşviq edəcəyi və başladacağı inkişaf və tərəqqi Qərblə eynilik təşkil etməyəcək. Qərbin inkişafı dövrlərində böyük sosial ədalətsizliklər yaşanmışdır. Məsələn, 18-ci və 19-cu əsrlərdə Qərbin inkişafının önündə gedən İngiltərəyə qorxunc istismarçılıq hakim olmuşdur. İşçi sinfi ağır şərtlər altında işləməyə məcbur edilmiş, həyat səviyyələri çox aşağı olmuşdur. Belə ki, 7-8 yaşlı kiçik uşaqlar belə kömür mədənlərində gündə 16 saat işləməyə vadar edilmiş, onların çoxu 20 yaşına çatmadan ölmüşdür. 1840-cı illərdə Mançesterdə mədən işçisinin ömrünün 17 ilə qədər düşdüyü məlumdur. Digər tərəfdən zənginlər həddindən artıq dəbdəbəli və israf dolu həyat yaşamışdır. Sənayeləşən bütün qərb ölkələrinin bu acı təcrübəni yaşadığı, Qərbin yüksəlişinin milyonlarla yoxsul insanın əzilməsi ilə təmin edildiyi tarixin açıq həqiqətidir.
İslam əxlaqının hakim olacağı cəmiyyətin inkişaf modeli isə sosial ədaləti də özündə ehtiva edəcək. Qərbdəki ədalətsizliklər o dövrdə Avropaya hakim olan materialist fəlsəfələrin “insan təbiəti” haqqındakı yanlış tərifindən qaynaqlanmışdır. İslam əxlaqı isə insanların həm çevik və təşəbbüskar, həm də mərhəmətli və ədalətli olmasını təmin edəcək. Belə ki, tarixdə də belə olmuşdur. İslam mədəniyyətinin yüksəlişi boyunca müsəlmanlar eyni zamanda iqtisadiyyatda da dünya lideri olmuş, xüsusilə ticarətdə böyük müvəffəqiyyətlər qazanmışdılar. Lakin bu zənginlik bir qrup şəxsin əlində qalmamış, İslam əxlaqının tələb etdiyi kimi, bütün cəmiyyətə yayılmışdır. İslam mədəniyyətinin sosial yardımlaşma qurumları olan vəqflər, iqamətgahlar, yeməkxanalar, karvansaralar, ictimai hamamlar və kitabxanalar İslamda rifah və mədəniyyətin yalnız bir zümrənin əlində olmadığını, bütün cəmiyyətə yayıldığını göstərir. Dövrümüzdə İslam Birliyinin ortaya qoyacağı inkişaf modeli buna bənzər olmalıdır.
İslam Birliyinin inkişaf modeli haqqında vurğulanması lazım olan digər bir xüsus da açıq fikirlilikdir. İslam əxlaqı müsəlmanların açıq fikirli olmasını, yəni başqa mədəniyyətlərlə münasibət qurub onların nailiyyətlərindən faydalanmağı məsləhət görür. Belə ki, İslamın ilk əsrlərində müsəlman mütəfəkkirlər və elm adamları Qədim Yunan, Çin və Hind kimi keçmiş mədəniyyətlərin əsərlərini araşdırmış, çoxlu məlumat əldə etmiş və sonra öyrəndiklərini islami düşüncə ilə inkişaf etdirib zənginləşdirmişdilər. Bu gün də İslam dünyası başda Qərb olmaqla, dünyanın digər mədəniyyətlərini ətraflı araşdırmalı, onlardan istifadə edib daha da inkişaf etdirməlidir. İslam dünyasını digər mədəniyyətlərdən təcrid etmək müsəlmanlara heç bir fayda gətirməz. Müsəlmanlar texnologiyanın bütün imkanlarından din əxlaqına ən uyğun şəkildə istifadə etməlidirlər. Məsələn, materialist əxlaqı aşılayan bəzi filmlərin qarşılığında müsəlmanlar öz film istehsalını qurmalı, insanlara doğru və gözəl olanı öyrədən filmlər çəkməlidirlər. Əgər bəzi sənət əsərlərində mənfi ünsürlər varsa, bunu İslama uyğun olaraq ondan daha gözəlini və görkəmlisini ortaya çıxarmaqla həll etmək olar. Əgər insanlar şəhərlərin görkəminə, təmizliyinə və rahatlığına heyran qalırlarsa, müsəlmanlar daha gözəl şəhərlər inşa etməli, dünyanı daha da gözəlləşdirməlidirlər. Müsəlmanların keçmişdə inşa etdikləri böyük mədəniyyətin bənzərini bu gün də qurmaq mümkündür. Bunun üçün Quran əxlaqının gətirdiyi estetika, sənət anlayışı, açıq fikirlilik və ədalət tam şəkildə yaşanmalıdır. İslam mədəniyyəti təkcə müsəlmanlara deyil, bütün insanlığa rifah gətirəcək. Dünyanın ən böyük kitabxanaları, ən görkəmli binaları, ən təmiz və işıqlı küçələri və ən yaxşı məktəb, universitet və xəstəxanaları qurulacaq, bütün insanlar bu imkanlardan bərabər şəkildə faydalanacaq. İslami bir mərkəzin öndərliyində İslam mədəniyyətinin yenidən yüksəlişi təmin oluna bilər və 21-ci əsr İslam dünyası üçün aydınlıq əsri ola bilər. Qloballaşmağın gün keçdikcə daha da sürətləndiyi dövrdə müsəlman ölkələr aralarındakı hər cür əngəli qaldırmalı, belə ki, elm, texnologiya və ticarətdə birgə təşəbbüskarlıq göstərməli, İslam dünyasının mənfəəti üçün birlik halında hərəkət etməlidirlər. Bunu da xatırlatmaq lazımdır ki, əslində, müsəlmanlar dünyanı “qərblilər” və “müsəlmanlar” deyə qütblərə ayırmırlar. İlk öncə Qərbin böyük əksəriyyəti kitab əhlidir və dolayısilə, müsəlmanlarla bir çox ortaq imani və əxlaqi dəyərləri paylaşırlar. Buna görə də Qərb mədəniyyətinə məxsus bir çox ünsür – məsələn, etiqad azadlığı, demokratiya, ailə dəyərləri kimi – İslam əxlaqının əsasında yer alır. Digər tərəfdən Qərbdə İslamı seçənlər də çoxluq təşkil edir və bu proses davam etməkdədir. Bu günə qədər Qərb dünyasına İslam əxlaqının doğru şəkildə və tam mənası ilə açıqlanmadığı nəzərdə tutularsa, gələcəkdə Qərbdə daha çox insanın müsəlman olacağı təxmin edilə bilər. Müsəlmanlar Qərbə və onun mədəniyyətinə bu gözlə baxmalıdırlar. Unutmaq olmaz ki, son iki əsrdə materialist fəlsəfənin təsirinə düşən Qərbin bəzi çevrələri bu yanlışlıqdan xilas edilməlidir və bu da müsəlmanların üzərinə düşür.
|