< <
3 / total: 15

Allahın Varlığının Dəlilləri Vicdanla Görülə Bilər

Vicdanına tabe olan insanın ilk olaraq edəcəyi şey, ətrafında gördüklərini sorğulamaq və araşdırmaq olacaq. Və idrak qabiliyyəti inkişaf etmiş insan görəcək ki, qüsursuz kainatda, hər şeyiylə tam olaraq yaradılmış dünyada yaşayır.

Hər kəs doğulduğu andan etibarən yaşadığı mühiti və şəraiti düşünsün. Bütün təfərrüatları incə-incə düşünülüb hazırlanmış dünyada yaşayırıq. Sadəcə öz bədənindəki sistemlər belə insanı təəccübə salacaq qədər qüsursuzdur. Hal-hazırda bu kitabı oxuyan hər kəsin ürəyi heç dayanmadan döyünür, dərisi özünü yeniləyir, ağciyərləri qanı təmizləyir, böyrəkləri qanı süzür, hüceyrələrində saniyədə milyonlarla zülal həyatlarının davam edə bilməsi üçün sintezlənir. Və insan, daxilində baş verən bunlar kimi daha minlərlə fəaliyyətdən xəbərsiz yaşayır və bəlkə də bunların bəzilərinin necə reallaşdığını belə bilmir.

Bu qədərlə də bitmir;  yaşadığımız planetin milyonlarla kilometr uzaqlığında lazımlı istilik, işıq və enerjini təmin edən Günəş var. Amma Günəş ilə dünya arasındakı məsafə o qədər möhtəşəm  nizamlanmış ki, bu enerji qaynağı planetimizi nə yandırıb yox edir, nə də soyuqdan dondurur.

Sonra səmaya baxırıq. Dünyanın hər tərəfini əhatə edən hava kütləsinin estetik görünməsi ilə bərabər insanları və bütün canlı aləmi xarici təhlükələrdən qoruduğunu öyrənirik. Əgər planetimizi əhatə edən bu atmosfer olmasa, dünya üzərində tək bir canlı belə var ola bilməyəcəkdi.

Bunların hər birini bir-bir düşünən insan əlbəttə ki, özünün və içində yaşadığı kainatın necə meydana gəldiyini və varlığını necə davam etdirdiyini sorğulayacaqdır. Bunu araşdırdığında isə qarşısına iki alternativ çıxacaq: Yaradılış və təkamül.

Bu alternativlərdən ikincisi bütün kainatın, planetlərin, ulduzların və bütün canlıların təsadüflər nəticəsində öz-özünə meydana gəldiyini sizə söyləyəcək. Maddənin ən kiçik vahidi olan atomların sərbəst haldaykən, təsadüflər nəticəsində bir yerə gəldiklərini, hüceyrəni, insanı, atları, kəpənəkləri, təbiəti, ulduzları, qısacası sizin hər an görərək heyrətə düşdüyünüz son dərəcə qüsursuz və kompleks strukturları və sistemləri meydana gətirdiklərini iddia edəcək.

Sizə təqdim edilən digər alternativ isə bütün bu gördüklərinizin üstün ağıl sahibi, hər şeyə güc yetirən Yaradıcı tərəfindən var edildiyini, heç birinin təsadüflərlə meydana gələ bilməyəcəyini, ətrafınızda gördüyünüz bütün sistemlərin üstün güc sahibi Yaradıcının əsəri olduğunu söyləyəcək. O Yaradıcı bənzərsiz güc sahibi Allahdır.

Bu mərhələdə vicdanınıza üz tutaraq qərar verməlisiniz. Saysız təfərrüat ehtiva edən, möhtəşəm sistemlərin təsadüflərlə meydana gəlməsi və yenə öz-özünə bu qədər qüsursuzluq içində işləməsi mümkündürmü?

Vicdanından istifadə hər insan bu suala cavab verə bilər və kainatdakı hər şeyin Yaradıcısı olduğunu və bu Yaradıcının çox üstün ağıla, çox üstün gücə sahib olduğunu və hər şeyə qadir olduğunu qavraya bilər. Çünki ətrafındakı hər şeydə Allahın dəlilləri açıq şəkildə görülür. Kainatda və canlılarda var olan nizam və mükəmməl uyğunlaşma yaradılış həqiqətinin dəlillərindəndir. Bu, son dərəcə açıq, aydın və müzakirəsiz həqiqətdir. Yalnız yaradılmışlar arasındakı böyük uyğunluğu görmək belə vicdanın, bunların bir-birlərindən müstəqil olaraq təsadüflərlə yaranmayacaqlarını, hamısının tək Yaradıcımız olan Allahın əsəri olduğunu görməsi üçün yetərli olacaq.

Ancaq, vicdanından istifadə etməyən biri eyni anlayışa sahib ola bilməz. Çünki bu qavrayış ağılla qazanılır və ağıl ancaq vicdana uyulduğunda ortaya çıxan mənəvi xüsusiyyətdir.Vicdana uyğun olaraq edilən hər rəftar ağılın meydana gəlməsini və inkişafını təmin edər. Lakin burada “ağılın tərifi” diqqət edilməli olan əhəmiyyətli nöqtədir. Ağıl, gündəlik həyatda istifadə edilən mənasından, yəni zəkadan fərqli anlayışdır. İnsan nə qədər ağıllı olursa olsun, məlumatı, mədəniyyəti, nə qədər çox olursa olsun, vicdanından istifadə etmirsə “ağılsız” olacaq və bir çox həqiqəti görə bilməyəcək, gördüklərini də qavramayacaqdır.

Zəka ilə vicdanın qazandırdığı ağıl arasındakı fərqi belə örnəklə aydınlaşdıra bilərik: Bir alim, hüceyrə ilə əlaqədar illərcə çox dərin və ətraflı tədqiqatlar apara bilər. Bu mövzuda dünyanın ən məlumatlı insanı da ola bilər. Ancaq əgər ağıl və vicdandan məhrumdursa, bu adam yalnız hüceyrə ilə əlaqədar məlumatlara sahib olacaq, yəni bu məlumatları yalnız “daşıyacaq”. Bu məlumatların istiqamətində nəticə çıxara bilməyəcək.

Halbuki vicdan və ağıl sahibi insan, hüceyrədəki möcüzəvi xüsusiyyətləri, təfərrüatlarındakı mükəmməllikləri görərək, bu qədər kompleks quruluşun ancaq və ancaq Yaradanı, üstün ağıl sahibi nizamlayanı olduğunu anlayar. İnsan vicdanla düşünməyə davam edərsə bu nəticəyə çatacaq: Hüceyrəni bu mükəmməllikdə yaradan güc, digər bütün canlı və cansız varlıqların da Yaradıcısı olmalıdır.

Quranda, vicdanını dinləyərək bu üsulla Allahı tapan hz. İbrahim nümunə verilir:

Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” – dedi. Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” – dedi. Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. (Ənam surəsi, 76-79)

Yuxarıdakı ayələrdə hz. İbrahimin ağıl yoluyla Allahı necə tapdığı görülür. Vicdanı ilə, ətrafında gördüyü hər şeyin ancaq yaradılmış varlıq olduqlarını, Yaradanın isə onlardan çox daha üstün varlıq olduğunu anlamışdır. Vicdanına üz tutan hər kəs, ona izah edən biri olmasa belə bu həqiqəti görə biləcəkdir. Ehtiraslarını, hərisliyini qarışdırmadan səmimi olaraq, yalnız vicdanından istifadə edərək düşünən hər kəs Allahın açıq-aşkar varlığını və Ucalığını qavraya bilər.

Vicdanları Allahı bildiyi halda inkar edənlərə zəmanəmizdən nümunə: Təkamülçülər

Bir insan həqiqətlər açıq-aşkar qarşısındaykən, bu həqiqətləri görmək istəməzsə, hətta bu həqiqətləri yoxmuş kimi davranmağa çalışarsa, bu insan, zəkasına baxmayaraq pis vəziyyətə düşəcək. Vicdanında doğrunu bilən adamın bunu qəbul etməməsinin səbəbi, ümumiyyətlə bu həqiqətin maraqlarına zidd düşməsidir. Çünki insanın Allahın varlığını qəbul etməsi, özündən çox üstün, itaət etməli olduğu, möhtac olduğu, məsul olduğu varlığı qəbul etməsi deməkdir çünki.

Vicdanın bağlı olmasının, zəkaya və biliyə baxmayaraq insanı necə vəziyyətlərə sala biləcəyinə dair yaxın zamanımızdan hər kəsin tanıdığı nümunə verək: Francis Crick, 1950-ci illərdə DNT-nin quruluşunu kəşf edən iki elm adamından biridir. Bu, şübhəsiz ki, elm tarixi üçün çox əhəmiyyətli ixtiradır; çox uzun tədqiqatlar, böyük bilik təcrübəsi və təbii zəka tələb edirdi. Necə ki, bu “alim” apardığı tədqiqatlardan ötrü Nobel mükafatı qazanmışdı.

Francis Crick, hüceyrə ilə əlaqədar işləri əsnasında hüceyrənin quruluşuna, içindəki gizli plana heyran qalmışdır. Qatı təkamülçü olmasına baxmayaraq, DNT-nin möcüzəvi quruluşuna şahid olduqdan sonra yazdığı əsərində elmi həqiqəti belə ifadə etmişdir: “Bu gün sahib olduğumuz məlumatlar əsasında, dürüst adamın edə biləcəyi tək şərh həyatın möcüzə əsəri olaraq ortaya çıxmasıdır.”

Təkamülə və bu səbəbdən həyatın təsadüflər nəticəsində meydana gəldiyinə inanan Crick, hüceyrədəki təfərrüatları görüncə yuxarıdakı sözləri söyləmiş və hüceyrənin var olmasının təsadüflərlə mümkün olmadığını, bunun ancaq möcüzə ola biləcəyini ifadə etmişdir. Halbuki təkamülçülər təsadüfdən başqa şərhə inanmazlar, çünki bu onların Allahın varlığını qəbul etmələrini tələb edir.

Hüceyrədəki mükəmməlliyi və qüsursuzluğu yaxından görmək Crickə o qədər təsir etmişdir ki, ideologiyasına zidd olmasına baxmayaraq bunu etiraf etmək məcburiyyətində qalmışdır. Ancaq Crick, vicdanına uzun müddət tabe olmamış və Allahın varlığını qəbul edə bilməyəcəyini, bu səbəblə üstün ağıl tələb edən və təsadüflərlə açıqlana bilməyən bu prosesi Allahın deyil “yadplanetlilərin” yaratdığını iddia etmişdir. Yəni Crickə görə həyatı yaradan Allah deyil, yadplanetlilərdir. Yadplanetlilər dünyaya ilk DNT-ni gətirərək həyatı başlatmışlar! Məhz vicdanı həbs etmək, təzyiq altına alaraq səsini kəsmək, hər nə qədər ağıllı və ya mədəni də olsa adamı bu vəziyyətə gətirir. Bu Nobel mükafatlı “elm adamı”, bu qədər üstün quruluşu meydana gətirə biləcək yadplanetlinin necə yaradıldığını belə düşünə bilməyəcək qədər dayaz düşüncəyə malikdir.

Allahın varlığının dəlilləri hər kəs üçün çox açıq və görülə biləndir. Bütün kainata hakim olan nizamın Yaradıcısının Allah olduğu çox açıq həqiqətdir. Allahın varlığını inkar edənlərin bir qismi, həqiqətən iman gətirmədikləri üçün deyil, bəzi dünyəvi mənfəətlər səbəbiylə Allahı inkar edirlər. Vicdanında hər kəs Allahın varlığını, sonsuz gücünü bilir. Ancaq Allah var deyən və Allahın gücünü gərəyi kimi qavrayan insan, Ona qarşı məsul olacağını, Onun əmrlərinə tabe olmalı olduğunu və Onun üçün yaşamalı olduğunu da bilir. Bütün bunları bilməsinə baxmayaraq inkarı seçən kimsə isə, bu böyük həqiqəti qəbul etmək maraqlarına və içindəki təkəbbür hissinə uyğun olmadığı üçün inkar edər.

Quranda bu vəziyyətdəki insanların tərifi, Nəml surəsində belə keçir:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Quranda İbrahim Peyğəmbər ilə qövmü arasında keçən hadisələr bu mövzuda əhəmiyyətli nümunədir. hz. İbrahimin qövmü bütlərə tapınır. Burada xatırladılmalı olan əhəmiyyətli nöqtə var: Quranda “bütlər”, insanların Allahdan başqa qəbul etdikləri hər cür güc üçün təmsili olaraq istifadə edilən anlayışdır. Bunun üçün yalnız heykəldən bütlərə tapan topluluqları düşünmək səhv olar. Məsələn, təkamülçülərin etdiyi kimi atomları, zamanı və təsadüfləri həyatı təşkil edən güclər olaraq görmək, atomları, zamanı və təsadüfləri ilah etmək deməkdir. Halbuki nə zaman, nə də təsadüflər həyatı yaratmağa qadir deyillər. Ancaq və ancaq Allah belə gücə sahib ola bilər. Bəhsi keçən hekayədə izah edildiyinə görə, hz. İbrahim qövmünə, ibadət etdikləri bütlərin heç bir şeyə güc yetirə bilməyən varlıqlar olduqlarını göstərmək üçün heykəlləri qırmışdır. Quranda bu hadisə belə bildirilir:

“İbrahim demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!” Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər” – dedilər. Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun” (Ənbiya surəsi, 56-63)

Tapındıqları bütlərinin özlərinə cavab verə bilməyəcəyini, nəinki hər hansı şeyi yaratmağı, özlərini belə müdafiə etməkdən aciz heykəllər olduğunu bilən inkar edənlər vicdanlarında doğrunu görürlər:

Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər (Ənbiya surəsi, 64)

Ancaq vicdanlarına tabe olmaları uzun çəkməz. Daha əvvəl də ifadə edildiyi kimi təkəbbür və zülmləri səbəbiylə vicdanla gördükləri həqiqəti inkar edərlər:

Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”. İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?” (Ənbiya surəsi, 65-67)

Vicdanlarının ortaya çıxarılması inkar edənləri dəhşətə salar və vicdanlarının qəbul etdiyinə bütün gücləriylə dirənərlər. Həqiqəti qəbul etməmək üçün, həqiqəti özlərinə açıqlayan şəxslərə qarşı şiddətli nifrət bəsləyir, azğın inanclarını qurtarmaq üçün elçiləri öldürməyi belə gözə alırlar:

Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. (Ənbiya surəsi, 68)

Bu vəziyyət yalnız müəyyən təbəqə üçün deyil, cəmiyyət içində bir çox nəfər üçün keçərlidir. Bir insan hörmətli alim ola bilər, çox mədəni, çox zəngin və ya çox ağıllı ola bilər. Hətta zəkasıyla bir çox şey meydana gətirə bilər, ixtiralar edə bilər. Çox müvəffəqiyyətli iş adamı və ya sənətçi ola bilər. Ancaq bu insan bütün bunları edərkən, vicdanından istifadə edərək, özünü yaradan Allahı düşünüb, Onun gücünü və sənətini tərifləyəcəyi, Onun özünə bunları görmə, anlama imkanı verdiyi üçün Ona şükür edəcəyi yerdə, zəkası və kəşfləri ilə, qazandığı pul ilə öyünüb qürurlanar. Və bu etdiklərinin heç birinin öldükdən sonra özünə fayda verməyəcəyini də düşünməz.

Halbuki unutmamalıdır ki, keçmişdə yaşamış, öz dövründə bir çox əhəmiyyətli ixtiralar etmiş, böyük dövlətləri idarə etmiş və ya dünyanın ən zəngini olmuş kəslərin çoxunun adı belə hal-hazırda bilinmir. Adları bilinsə belə ölmüş biri üçün, bunun mənası yoxdur. O insanlar, Allahın gücünü unutduqları üçün öldükdən sonra, dünyada etdikləri işlər özlərinə heç bir fayda verməyəcək. Belə kəslər özlərinə Allahın verdiyi məlumatla, nemətlərlə Allaha  tərəf dönəcəkləri yerinə bunlarla doğru yoldan azanlardır. Bu, onların ürəklərinin möhürlü olmasından, yəni vicdanlarını bağlamalarından qaynaqlanır. Allah Quranda öz mənfəət və ehtiraslarına uyan və sahib olduqları xüsusiyyətlər səbəbiylə azan bu kəsləri belə bildirmişdir:

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 23-24)

Ayələrdə də görüldüyü kimi, vicdanından uzaqlaşıb nəfslərinə uyan və sahib olduqları xüsusiyyətlər səbəbiylə azan bu kəslər “karlar və korlar” olaraq adlandırılmışlar. Qəlblərinin möhürlü olması, anlayışlarının olmadığını, yəni ağıllarından istifadə edə bilmədiklərini, doğrunu səhvdən ayıra bilmədiklərini bildirir. Içinə düşdükləri bu vəziyyətin tək səbəbi isə, vicdanlarından istifadə etməmələridir.

 

3 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com