< <
10 / total: 15

İnsanlar Vicdanları Doğrunu Qəbul Etdiyi Halda Niyə Vicdanlarının Əmr Etdiklərinə Uymazlar?

Bir insanın vicdanına uymamasının təməlində Allaha və axirətə imanının zəif olması dayanır. İman zəifliyinin gətirdiyi bir çox əxlaqi pozğunluq var və bunlar bir insanın vicdanına uymasında əngəlləyici rol oynayarlar. Bəli, haqqa qarşı müqavimət göstərən bu kəslərin vicdanları da əslində doğrunu, dini, Allahın varlığını bilir. Ancaq aşağıda ətraflı araşdıracağımız səbəblərdən ötrü bu kəslər doğru olduğunu bildikləri şeylərə tabe olmazlar. Allah Quranda bir çox ayədə insanların doğru gördükləri və vicdanları qəbul etdiyi halda bilə-bilə inkar etdiklərini bildirir.

Məsələn, Allahın vəhyi olan Tövratı bilərək dəyişdirən yəhudilər haqqında belə deyilir:

... Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər. (Bəqərə surəsi, 75)

Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. ... (Bəqərə surəsi, 109)

Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir. (Bəqərə surəsi, 146)

Yaxşı, nədir insanları bu qədər müqavimət göstərməyə, doğrulara qarşı laqeydləşməyə təhrik edən səbəblər?

Təkkəbbürlərindən ötrü vicdanlarına uymayanlar

“Allahın dəlilləri ancaq vicdanla görülür” hissəsində təkamülçü elm adamlarını nümunə verərək, Allahın varlığının dəlillərini gözləriylə görmələrinə baxmayaraq Onu inkar etdiklərindən bəhs etmişdik. Bu mövzuyla əlaqədar belə nümunə daha vermək istəyirik: Məşhur İngilis zooloqu və təkamülçüsü D.M.S.Vatson özünün və digər məsləkdaşlarının təkamülü səbəb qəbul etdiklərini belə açıqlamışdır:

Təkamül nəzəriyyəsinin geniş qəbul edilən nəzəriyyə olmasının səbəbi bu nəzəriyyəni isbat edəcək kifayət qədər dəlil olması deyil, ancaq digər alternativin yəni fövqəltəbii yaradılışın tamamilə qəbul edilə bilməz olmasıdır. (DMS Watson, “Adaptation”, Nature, sayı 124, s. 233)

Vatsonun “fövqəltəbii yaradılış” sözüylə nəzərdə tutduğu, Allahın yaratmasıdır. Haqqında danışdığımız alim görüldüyü kimi bunu “qəbul edilə bilməz” görür. Niyə? Elm elə söylədiyi üçünmü? Xeyr, əksinə, elm yaradılışın doğruluğunu isbat edir. Vatsonun bunu qəbul edilə bilməz saymasının tək səbəbi, Allahın varlığını inkar etmək üçün özünü şərtləndirmiş olmasıdır. Digər bütün təkamülçülər də bu vəziyyətdədirlər.

Quranda, bu kimi insanların vəziyyəti belə açıqlanır:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Məhz burada üzərində duracağımız mövzu da, bu kəslərin hansı səbəblə vicdanlarına baxmayaraq Allahı inkar etdikləridir.  Yuxarıdakı ayələrdə bildirildiyi kimi, bunun səbəblərindən biri təkəbbürlənmələridir, yəni qürurlarıdır.

Qürur və təkəbbürün səbəbi “eqoizm” dir. Eqoizm termini “mən” mənasını verən “ene” sözündən törəmişdir. İnsanın özünü və ətrafındakı varlıqların hamısını Allahdan müstəqil görməsi, bütün rəftarının və anlayışının bu baxış aspektinə görə olması eqoizmdir. Şübhəsiz insan özünü Allahdan müstəqil gördüyü zaman bütün sahib olduğu xüsusiyyətləri də özünün olduğunu zənn edər. Halbuki sahib olduğu imkanlar, zənginlik, bədəni, yaxını olaraq gördüyü insanların hamısı, ağılı, biliyi Allaha aiddir. Allah dilədiyi zaman sahib olduğu hər şeyi o adamdan ala bilər. İnsan gözləmədiyi anda bütün var-dövlətini itirə bilər. Sağlam insan ikən bir anda sağlamlığına zərər gələrək başqalarına möhtac insan halına gələ bilər. Bir ayədə sahib olduqlarını özünün zənn edən adama verilən cavab belə bildirilmişdir:

Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar). (Qəsas surəsi, 78)

Məhz eqoizm insanın bunları görməsini əngəlləyər. Eqoist insan, hər şeyi öz gücüylə etdiyini zənn edər. Acizliyini və Allaha möhtac olduğunu düşünməz. Özünü Allahdan müstəqil varlıq olaraq gördüyü üçün Ona qarşı məsuliyyət hiss etməz. Heç kimə hesab vermək məcburiyyətində olmadığını da düşünərək təkəbbürlənər.

Vicdanı Allahın varlığını bildiyi halda, təkəbbür hissinə görə bunu qəbul etməz. Çünki Allahın varlığını qəbul etməsi demək, özündən üstün bir varlığın hakimiyyətini, bu səbəbdən də yalnız Ona ibadət etməli, boyun əyməli olduğunu qəbul etməsi deməkdir. Belə olduqda heç bir şeyin özündən olmadığını və hər mövzuda Allaha möhtac olduğunu da təsdiq etmiş olacaq.

Ancaq burada buna diqqət etmək lazımdır; indiyə qədər deyilənlərin hər biri hər insanın nəfsində ola biləcək olan təhlükələrdir. İnsanın burada verilən nümunələri üçüncü şəxslər üzərində düşünməsi, “özünə aid etməməsi” böyük səhv olar. Məsələn, “vicdanları qəbul etdiyi halda inkar etmə”yi yalnız təkamülçülərə aid xüsusiyyət zənn etmək böyük səhvdir. Çünki təkamülçülərin yaradılışı qəbul etməmək üçün elmi belə göz ardı etmələri, təkkəbbürün yalnız şəklidir. Bəzi insanlar isə, Allahın varlığını qəbul etdiklərini söylədikləri halda Onun əmrlərinə tabe olmazlar. Ya da öz fikirlərinin, dəyər mühakimələrinin, Allahın insanlara endirdiyi yol göstəricidən daha doğru olduğunu zənn edərlər. Bu da təkəbbürün başqa istiqamətidir. Qısacası, eqoizm bəzi insanlarda daha diqqətə çarpan, bəzilərində daha gizli ola bilər. Ancaq kiçik də olsa, böyük də olsa təməlində eyni məntiq durar; Allahın gücünü, ucalığını və Onun qarşısında öz acizliyini qavraya bilməmiş olmaq.

İradəsiz olduqları üçün vicdanlarına uymayanlar

İnsanlar arasında zəif xarakterli olanlar sayca həddindən artıq çoxdur. Bu zəif xarakterli kəslərin tək məqsədləri, dərin düşünmədikləri və ağıllarından istifadə etməyə ehtiyac görmədikləri üçün sadəcə nəfslərinin ehtiyac, zövq və ehtiraslarını ödəməkdir. Belə ki, çox nadir insan şəxsiyyətini inkişaf etdirməyi, dərin zehni bacarığa sahib olmağı özünə hədəf edər. Çox insan, ətrafında davam etdirilən həyat standartı nədirsə, onu eynilə tətbiq edər; özündə və ya ətrafında yenilik etmə, gözəllik və mükəmməllik axtarışı ehtiyacını hiss etməz.

Dinin nəzərdə tutduğu gözəl əxlaqı göstərmək, Allahın məmnuniyyətinə uyğun yaşamaq isə ciddi səy və iradə tələb edir. Vicdanına tabe olan insan daim “daha yaxşı nə edə bilərəm” deyə düşünər və bunu həyatının hər anında tətbiq edər. “Möminlərə qarşı daha təvazökar, daha mülayim, daha sevgi dolu, daha düşkün, daha qayğıkeş necə ola bilərəm?”, “Allahın dinini insanlara izah etmək, onları gözəl əxlaqa, səmimiyyətə və dürüstlüyə çağırmaq üçün daha çox nə edə bilərəm?”, “İnsanların qəlbini dinə və gözəl əxlaqa necə isindirə bilərəm?”,”Allaha daha çox necə yaxınlaşa bilərəm?”,”Allahı inkar edənləri bu azğın və dar fikirlərindən daşındırmağın yolları nələrdir?” kimi, heç dayanmadan düşündüyü bir çox yüksək hədəfi var.

Ancaq bunları sadəcə düşünmək əlbəttə yetərli deyil. Əsl əhəmiyyətli olan vicdanı olanın bu doğruları iradəsindən istifadə edərək əskiksiz olaraq tətbiq etməsidir. Lakin rahatlığını sevən, heç bir zaman fədakarlıq etməyən, yalnız öz mənfəətlərini düşünən, ətrafındakıların və yaşadığı cəmiyyətin içində olduğu vəziyyətlə maraqlanmayan biri üçün bunları tətbiq etmək qeyri-mümkündür. Belə kəslər bəhsi keçən böyük idealları həmişə başqalarına yükləyərlər. İradələri yalnız həyatla əlaqədar funksiyalarını yerinə yetirməyə və ehtiyaclarını qarşılamağa kifayətdir. Zəif iradəli insanlar da təbii olaraq vicdanlarına uyğun davranamazlar, çünki dini yaşamaq daha əvvəl də ifadə etdiyimiz kimi, ciddi səy, güclü iradə tələb edir. Necə ki, Allah Quranda “ciddi səy”in məqbulluğunu belə bildirir:

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

Qətiyyətli olmadıqları üçün vicdanlarına uymayanlar

Vicdana uymaq eyni zamanda sarsılmaz qətiyyət tələb edir. Həyatı boyunca vicdanına uymaya qəti qərar verməmiş biri, bir neçə sınaqdan sonra, fədakarlıq etdiyi üçün mənfəətinin zədələndiyini, layiq olduğu qarşılığı ala bilmədiyini düşünərək ruhdan düşə bilər. Bu səbəblə vicdanına uymaq çətin gələr və bundan vaz keçər.

Vicdana uymaq təbii ki, özü bəzi fədakarlıqları gətirəcək. Məsələn, insanın ac olduğu, ehtiyac içində olduğu halda oğurluq etməməsi, ehtiyacını qarşılayacaq qanuni yollara üz tutması vicdanı sayəsində olur. Bu çətin görünən şərtlər altında insanın əsla Allahın xoş görməyəcəyi rəftara yönəlməməsi, ilk baxışda nəfsi itki olaraq görülə bilər. Ancaq vicdanlı adam bunun sayəsində bir neçə günlük mənfəəti üçün, axirətdəki sonsuz mənfəətini gözardı etməmiş və Allahın razı olacağı şəkildə davranmış olar. Və sonsuz qazanc təmin edər.

Burada əhəmiyyətli olan başqa nöqtə, vicdanlı rəftarın Allah üçün göstərildiyinin şüurunda olmaqdır. Əgər insan “vicdanlı rəftar” sandığı şeyləri insanlardan qarşılıq gözləyərək edirsə, həqiqətən də çox zaman zərərə uğrayar. Amma qarşılığı Allahdan gözlənilən vicdanlı rəftar həqiqi vicdandır və insana mütləq qazanc təmin edər. Quranda, bu nümunə ilə mömin əxlaqı belə izah edilir:

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” (İnsan surəsi, 8-10)

Ayələrdə görüldüyü kimi, dini yaşamaq müəyyən fədakarlıqları tələb edir. Və bunlar hər zaman nəfsin istəklərinə uyğun olmaya bilər. Amma yuxarıdakı ayələrdə möminlərin ifadə etdiyi kimi, Allah qorxusu olan hər insan bu fədakarlıqları heç çəkinmədən yerinə yetirər. Amma Allah qorxusu olmayan cəmiyyətlərdə bu cür fədakarlıqlar tətbiq olunmadığı üçün, həmişə bəla, sıxıntı, gərginlik hakimdir. Məhz vicdan bunu əngəlləyər. Allah qorxusu ilə qətiyyət göstərərək vicdanına tabe olan kəslər, son dərəcə etibarlı, hüzurlu cəmiyyətlər meydana gətirərlər. Üstəlik bu, yalnız dünyada aldıqları qarşılıqdır. Allah nəfslərindəki ehtiraslara baxmayaraq, fədakarlıq göstərən insanlara axirətdə sonsuz gözəlliklər müjdələmişdir. Yuxarıdakı fədakar mömin rəftarını izah edən ayələrdən sonra gələn ayələr belədir:

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər; onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək. Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır. Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir” (İnsan surəsi, 11-22)

Həmçinin əhəmiyyətlə ifadə etmək lazımdır ki, Allah Öz rizası üçün qətiyyət göstərən qullarına kömək edəcəyini və işlərini asanlaşdıracağını xəbər vermişdir. Allah ayələrdə bu asanlığı belə bildirir:

Kim haqqını verir və Allahdan qorxursa, və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. (Leyl surəsi, 5-7)

Həmçinin Allah Quranda qətiyyəti bəyəndiyi əxlaq olaraq bildirir. Kəhf surəsində izah edilən mömin gənclərin əhəmiyyətli xüsusiyyəti, Allahın onların qəlbinə qüvvət verdik...” olmasıdır. (Kəhf surəsi, 14) Bir başqa ayədə, Allahın elçisini və möminləri “təqva sözünü vacib buyurdu” xəbər verilir. (Fəth surəsi, 26) Başqa ayələrdə də din əxlaqını yaşamaqda qətiyyət göstərmək əmr edilir. Bir ayədə belə deyilir:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

Özlərini yetərli gördükləri üçün vicdanlarına uymayanlar

İnsanların vicdanlarını təsirsiz hala gətirmək üçün istifadə etdikləri ən əhəmiyyətli faktorlardan biri, özlərini hər mövzuda yetərli görmələridir. Məsələn, din mövzusu soruşulduğunda, dərhal hər kəs özünün təmiz ürəkli olduğunu, heç kimə zərərinin toxunmadığını, dini hisslərinin çox güclü olduğunu söyləyəcək. Halbuki bunlar özünü aldatmaqdan başqa məna daşımaz. Əhəmiyyətli olan Allaha ibadət etmək və Onun istədiyi kimi yaşamaqdır. İnsan bunu etmədiyi müddətcə etdiyi başqa hər şey mənasız, boş və zərərlidir. Etdikləri pislikləri gözəl sanan bu kimi kəslərdən ayədə belə söz edilir:

Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir.... (Fatir surəsi, 8)

Bir insanın etdiklərini gözəl və cazibədar görməsinin səbəbi, özünü səhvsiz, nöqsansız, mükəmməl insan kimi görməsidir. Özünün təmiz ürəkli, yaxşı niyyətli və s. olduğunu irəli sürərək Allah qatında yaxşı qul olaraq qəbul edildiyini iddia edənlər, bu vəziyyətdədirlər. Halbuki, həqiqət iddia etdiklərindən çox fərqlidir. Bir ayədə, insanın özünü yetərli görməsinin birbaşa azmasının ən böyük səbəbi olduğu belə bildirilir:

Xeyr; həqiqətən insan, azar. Özünü müstağni gördüyündən. (Ələq surəsi, 6-7)

Müstağni sözünün mənası lüğətdə “yetərli görən, dolğun” olaraq ifadə edilir. Quranda istifadə edildiyi mənası isə, birinin Allaha yaxınlığını, Allah və axirət qorxusunu, əxlaqını, dindarlığını yetərli görməsi və bu səbəbdən daha yaxşısının axtarışına girməməsi şəklindədir. İnsanların çoxu, bu səbəblə Allahın yolundan azar.

Halbuki insanlar hər nə qədər özlərini yetərli görsələr də, əslində vicdanlarında nə qədər əksik olduqlarını, Allahı razı etmək üçün nələri etmədiklərini çox yaxşı bilirlər. Hətta bundan ötrü, ölüm, axirət, qiyamət kimi mövzulardan bəhs etmək istəməzlər. Biri mövzunu açdığında isə dərhal mövzunu bağlamağa və “keflərini qaçırmamağa” çalışırlar. Keflərinin qaçmasının səbəbi, ölümü, cənnəti və cəhənnəmi bilmələrinə baxmayaraq vicdanlarına tabe olmamaları və bu səbəblə çəkdikləri daxili sıxıntıdır.

Vicdanını dinləyən insanın isə özünü yetərli görməsi mümkün deyil. Əksinə həmişə, hər mövzuda daha yaxşısını axtarar, daha çoxunu etməyə çalışar. Çünki vicdanı insana həmişə hesab gününü xatırladır. Öldükdən sonra Allaha dünya həyatı ilə əlaqədar hesab verəcəyini düşünən insan da heç bir zaman etdiklərini yetərli görməz; Yaradıcısı olan Allahın özünə əmr etdiklərini böyük dəqiqliklə tətbiq edər. Quranda Allahın rizası və axirət üçün ciddi səy göstərənlər haqqında belə deyilir:

Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 18-19)

Şübhəsiz daha əvvəl də üzərində dayandığımız kimi, ancaq vicdana tabe olunduğu təqdirdə Allah yolunda ciddi səy göstərilər. Cahillik anlayışında isə cəmiyyətin ümumisinə görə “orta” əxlaq göstərmək kifayətdir. Bir çox insan adam öldürmə, oğurluq kimi cinayətlər işləmədiyi müddətcə əxlaqının və dindarlığının yetərli olduğunu zənn edər. Ancaq etmədiyi, təxirə saldığı, gözardı etdiyi yüzlərlə əxlaq xüsusiyyəti və ibadət olduğunu düşünməz. Haram olduğu halda dedi-qodu edər, namaz qılmaz, Allahın istədiyi gözəl əxlaqın yaşanması üçün heç bir səy göstərməz, Allahı anmaz ya da çox az anar, özünə verdiyi nemətlər üçün şükür etməz, hətta bunların hamısını öz əməyiylə qazandığını düşünərək qürurlanar, sərf etmədikdə ədalətsiz davrana bilər, yalan söyləyə bilər. Bütün bunlara baxmayaraq özünü yetərli görməsi və axirətdəki hesabdan qorxmaması, vicdansızlığının dəlilidir.

Quranda nümunələri verilən peyğəmbərlər və möminlər isə yüksək vicdanın ən gözəl nümunələrini nümayiş etdirirlər. Dualarında, özlərini yetərli görməyib Allahdan özləri üçün daha çoxunu istədikləri açıq şəkildə görülür. Məsələn, hz. Yusif Allaha “... Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusif surəsi, 101) deyə dua edir. Peyğəmbər olmasına baxmayaraq axirətdən qorxu və ümidlə söz edir. Ancaq cahil insanlar cənnətə gedəcəklərindən əmin olaraq danışarlar. Halbuki özlərini yetərli görüb Allaha qarşı təkəbbürlənən bu insanlar, axirətdə heç gözləmədikləri mühitlə qarşılaşacaq və ziyana uğrayacaqlar:

Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!” Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olardım!” Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”. Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur? (Zumər surəsi, 56-60)

Vicdana uymamaq üçün irəli sürülən bəhanələr

Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (Qiyamət surəsi, 14-15)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, hər insan vicdanla daim doğrunu bilir, ancaq bu doğruları yerinə yetirməmək üçün həmişə bəhanələr irəli sürər. Buna görə də həmişə özünə görə səbəbsiz sıxıntı içindədir. Çünki saxtakarlığı, əxlaqsızlığı, yalançılığı, eqoizmi, qısqanclığı, səhv davranışlar etdiklərini bilə-bilə etmək insanın əslində vicdanının qaldıra bilməyəcəyi yükdür. Ancaq şeytan içlərindəki doğru səsə qulaqlarını tıxayan insanlara, çirkin davranışlar etmələri üçün müxtəlif yollar göstərər. Doğru olanı tətbiq edərək ağıl və ruh cəhətdən rahat həyat yaşamaq varkən, bu kəslər vicdanlarını örtərək çətin olanı seçərlər.

Əlbəttə bu insanlar ayələrdə bildirildiyi kimi “şeytanın addımlarını izləyərkən” doğru yolda olduqlarını iddia edir, etdikləri dinə uyğun olmayan davranışlar üçün bəzi bəhanələr irəli sürərlər. İnsanların vicdanlarına uymamaq üçün istifadə etdikləri bəhs etdiyimiz bəhanələrdən bəziləri bunlardır:

“Mənim qəlbim təmizdir, bundan bir şey olmaz” məntiqi

İnsanların bir çoxunun özlərinə görə din anlayışları vardır. Bunun səbəbi isə insanların yenə vicdanlarına tabe olmamaq üçün formalaşdırdığı müdafiə etmə mexanizmidir. Bir insan vicdan ilə doğrunun nə olduğunu bilir, amma nəfsi bir tərəfdən də onu səhv olan istiqamətə çəkər. Məsələn, səhv rəftarı etməyə qərar verməkdə çətinlik çəkdiyi zaman dərhal nəfsi dövrəyə girər və müxtəlif bəhanələr irəli sürər. İnsan nəfsini dinləyərək özünü “guya” rahatlaşdırar və çox incə hesablar etməsinin lazım olmadığına, etdiyi şeyin çox bəsit olduğuna, bundan bir şey olmayacağına, ürəyinin onsuz da təmiz olduğuna, adam öldürmədikdən, oğurluq və fırıldaqçılıq kimi qanunsuz hadisələrə girişmədikdən, kimsənin malında-pulunda gözü olmadıqdan sonra yaxşı insan olduğuna özünü inandırar.

İnsanların çoxunun asanlıqla yalan söyləyə bilmələrinin, dedi-qodu etmələrinin, başqalarına lağ etmələrinin arxasında duran səbəb də budur. Hər hansı mövzuda yalan söyləmək insanın vicdanına tamamilə ziddir. Ancaq bundan bir şey olmayacağına, bunların “günahsız yalanlar” olduğuna dair vicdanını razı etməyə çalışaraq zaman keçdikcə içindəki doğrunu söyləyən səsi boğar. Həm dinin tələb etdiyi ibadətləri və hökmləri yerinə yetirməz, həm dinin sahib olduğu əxlaq qaydalarına əməl etməz, həm də çox yaxşı insan olduğunu iddia edər. Bu, son dərəcə səmimiyyətsiz yanaşmadır.

Halbuki vicdana gərəyi kimi əməl edilmədiyi müddətcə insanın axirətdə yaxşı qarşılıq umması qeyri-mümkündür. İnsanların çoxu sahib olduğu “mənim qəlbim təmizdir” məntiqi ilə insan dünyada, “yaxşı adam” olaraq bilinə bilər, ancaq o adam axirətdə gözləmədiyi qarşılıq görə bilər. Çünki din əxlaqı insanlara yalnız adam öldürməmək, oğurluq etməməyi deyil, daha bir çox gözəl əməllər etməli olduğunu əmr edir. Hamısından əhəmiyyətlisi də, yalnız Allaha ibadət etməyi və onun üçün yaşamağı əmr etməsidir. Allah həqiqi “yaxşı insan” ları Quranda belə təsvir edir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

İnsanların bir çoxu, özlərinə peyğəmbərləri və ya yuxarıdakı ayədə təsvir edilən “yaxşı insan” modelini nümunə götürəcəkləri yerdə, “dünya tarixində bu qədər zalım, mərhəmətsiz insan varkən mən onlarla eyni yerə layiq deyiləm” məntiqi ilə özlərini aldadarlar. Ancaq bu, məlumatsızlıqdan, Allahı və axirəti tanımamalarından qaynaqlanır. Çünki Allah cəhənnəmi dərəcə-dərəcə yaratmışdır. Bu səbəbdən hər kəs etdiyinin qarşılığını etdiyi qədəriylə alacaq. Ayrıca cəhənnəmin ən üst təbəqəsinin belə dözülməz iztirab qaynağı olduğu gerçəkdir. Üstəlik bu sonsuza qədər bitməyəcək acı olacaq.

Bu səbəblə “bundan bir şey olmaz” deyənlər cəhənnəmi düşünüb təkrar qərar verməli, vicdanlarının nə dediyini dinləməlidirlər.

Quranı tətbiq edərkən səmimi davranmamaları:

İnsanların çox böyük hissəsinin sahib olduğu yanılma vardır: Quranda xüsusi olaraq nəzərdə tutulmamış bəzi mövzularda vicdani olaraq doğrunu tətbiq etmək yerinə, “bu necə olsa Quranda qadağan olunmamış, etsəm bir şey olmaz” anlayışına sahibdirlər. Halbuki vicdanı doğru olduğuna inanılan bir şeyin, Quranda bəhsi keçmədiyi üçün tətbiq olunmaması saxtakarlıqdan başqa bir şey deyil. Çünki Quranda insana dinin və Allahın razılığına uyğun rəftarın və əxlaqın bütün təməl nöqtələri ətraflı şəkildə verilir. İnsan da ağıl və vicdan sahibi biridirsə, bu təmələ əsaslanaraq, Quranda verilən nümunələri və hadisələri rəhbər edərək bütün həyatını nizamlayar. Məsələn, Allah Quranda inananlara boş şeylərlə maraqlanmamalarını əmr edir:

Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər. (Qəsas surəsi, 55)

O kəslər ki, sözbazlıqdan qaçırlar, (Muminun surəsi, 3)

Ancaq Quranda əlbəttə, insanın gündəlik həyatı əsnasında qarşılaşdığı şeylərin hansının boş olduğu bir-bir bildirilmir. Allah, boş şeylərin nələr olduğunun təyin olunmasını səmimi qullarının vicdanlarına və ağıllarına buraxmışdır. Hər insan vicdanı ölçüsündə bu mövzuda həssas olmalıdır. Məsələn, vicdanına üz tutan insan, yanında din mövzusunda məlumatı məhdud biri varkən, Allahın varlığı, böyüklüyü, dinin gözəllikləri kimi o adamın əvvəlcə məlumatlandırılması vacib olan mövzuları buraxıb dünyəvi mövzulara yönəlməz. Vicdanı mütləq o adama axirəti üçün ən xeyirli olacaq söhbəti etməsini təlqin edəcək. Eyni şəkildə müsəlman, özünə axirəti baxımından fayda gətirməyəcəyini əmin olduğu şeyləri də etməz; məsələn, faydasız kitabı oxumaz, məqsədsiz proqramı seyr etməz, boş məsləhətləşmələrə və işlərlə başını qataraq Allahı xatırlamaqdan uzaqlaşmaz.

Əlbəttə yuxarıda bəhs etdiklərimiz, gündəlik həyatda qarşılaşılan yüzlərlə nümunədən yalnız bir neçəsidir. Burada diqqət yetirilməli olan ən əhəmiyyətli nöqtə budur: Quranda əmr edilən hökmlərə bağlı qalmaq şərti ilə, insanların həyatları boyunca qarşılaşdıqları hadisələrdə tətbiq etmələri lazım olan rəftarlarda dəyişiklik göstərə bilər. İnsanın qarşısına gün ərzində tez-tez aralarında seçim etməli olduğu alternativlər çıxa bilər. Məhz alternativli vəziyyətlərdə ən doğru olanın hansı olduğuna insan vicdanı ilə qərar verər. Vicdanına uymayan adam isə, “onsuzda bu etdiyim Quranda qadağan edilməyib” məntiqi ilə hərəkət edərək özünü qazancda olduğunu zənn edə bilər. Amma belə adamlar bilməlidirlər ki, Allahın ən razı olacağı rəftarları vicdanlarını dinləyərək tətbiq etmədikcə, axirətdə böyük peşmanlıq yaşayacaqlar. Ən əhəmiyyətlisi də bu insanlar, hesab günü hesaba çəkilərkən burada sığındıqları bəhanələri səbəb göstərə bilməyəcəklər. Çünki Quranda bildirildiyi kimi o gün hər insana; “Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.” (İsra surəsi, 14) deyiləcəkdir. Bu insanlar dünyada vicdanlarının göstərdiyi doğrulara gözlərini bağlayaraq həyat sürmüşlər, amma hesab günü hər şeyi etiraf edəcəklər:

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. Oddan çıxmağa bir yol varmı?” Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağırıldığı zaman siz inkar edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm Uca və Böyük Allahındır”. (Mümin surəsi, 11-12)

Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!” Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! (Mülk surəsi, 8-11)

“İnsanların əksəriyyəti belə edir” məntiqi

İnsanların içinə düşdüyü ən böyük yanılmalardan biri də “əksəriyyətə uymaq”dır. Demək olar ki, hər insanın şüuraltında çoxluğun etdiyinin doğru olduğuna dair qənaət var və belə insanlar ümumiyyətlə rəftarlarını bu çoxluğa görə nizamlayarlar. Halbuki bəhs edilən son dərəcə səhv davranışdır.

Məsələn, insanın yaşadığı çevrədə çoxluğun çox səthi və yanlış din anlayışı ola bilər. İnsanlar Allahın varlığına və axirətə inandıqlarını söyləyərlər, amma bu mövzuda düşünməzlər. Dini dəyərlərə “öz ağıllarına görə” hörmət edərlər, amma bu hörmətlərini tətbiq etməklə deyil, sözlə ifadə edərlər. Dinin bir çox əmrinin keçmiş dövrlər üçün keçərli olduğunu, bu gün üçün keçərli olmayacağını düşünürlər. Bu anlayışa görə isə yuxarıda da bəhs etdiyimiz kimi, insanın ürəyinin təmiz olması, kimsəyə pislik etməməsi “dindar” olması üçün kifayətdir. İbadətlərə gəldikdə; qocalanda onsuz da ediləcəkdir.

Bəli, bir adamın ətrafındakı hər kəs belə yanlış anlayışa sahib ola bilər. Bu vəziyyətdə insanın təsvir edilən anlayışa uyması, öz vicdanına üz tutaraq düşünməməsi insanın özünü aldatmasından başqa bir şey deyil. Çünki çoxluğun hər zaman doğru qərar verdiyini, doğru düşüncəyə sahib olduğunu göstərən heç bir dəlil yoxdur. Əksinə, Allah Quranda “çoxluğa tabe olmaq” ilə əlaqədar bunu bildirir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

Bu səbəblə, insanın davranışlarında, xüsusilə dini yaşamasında və Quranı tətbiqində ona yol göstərən tək ölçü vicdanı olmalıdır. Vicdanının istiqamətləndirməsi ilə hərəkət edən adam, çoxluğun nə dediyini və ya nə etdiyini qətiyyən göz qarşısında saxlamaz. Tək də qalsa vicdanının səsini dinləyər və Allahın kitabına, yəni Qurana əməl edər.

Bu vəziyyəti hər kəs öz üzərində düşünməlidir. “Çoxluğa uyma” psixologiyası hər insan üçün təhlükə meydana gətirə bilər. Məsələn, biri bu ana qədər oxuduqlarıyla vicdanında bəzi gerçəkləri fərq edərək tətbiq etmək qərarı almış ola bilər. Ancaq ətrafındakıların mövqeyi və baxış bucağı adama heç vaxt təsir etməməlidir. Hər kəs öz vicdanının və Quranın əmr etdiklərini tətbiq etməklə mükəlləfdir. Bu unudulmamalıdır ki, Allah qullarını mütləq sınayar. Vicdanıyla verdiyi doğruqərardan insanı imtina etdirməyə çalışan başqa adam, Allahın özünü sınamaq üçün qarşısına çıxardığı yaxını da ola bilər. Ancaq axirətdə insanlar belə yaxınları ilə əlaqədar olaraq bunları söyləyəcəklər:

Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 28-29)

“Gələcəkdə edəcəyəm” məntiqi

İnsanların əksəriyyəti Allaha və Qurana inandıqlarını, ancaq ibadətləri ahıl yaşlarında yerinə yetirəcəklərini söyləyərlər. Həccə getmək, təsəttür, namaz qılmaq kimi ibadətlər demək olar ki, hər kəs tərəfindən yaşlılıq dövrünə təxirə salınır. Bunun şüuraltındakı səbəbi, insanın özünü dinə həsr etməsi ilə birlikdə bütün dünyəvi zövqlərdən məhrum olacağını zənn etməsidir. Halbuki Allah Quranın bir çox ayəsində dünya nemətlərini möminlərə həm dünyada, həm də axirətdə təqdim etdiyini bildirir:

... İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir. (Bəqərə surəsi, 200-202)

Bundan əlavə başqa ayədə, bütün nemətlərin əslində möminlər üçün olduğu müjdələnir:

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)

Həmçinin insanın bir nemətdən həqiqi mənada zövq ala bilməsi üçün o insanın ruhən hüzurlu olması lazımdır. Vicdani narahatlıq içində olan insan, hər cür nemət içində olsa da heç bir şeydən zövq ala bilməz. Bu səbəblə dünya həyatını özlərinə görə doyunca yaşaya bilmək üçün vicdanlarına uymayanlar və ya vicdanlarının əmr etdiklərinin vaxtını uzadanlar, böyük səhvə yol verirlər.

Bu yanılma içərisindəki insanlar, doğrunu əslində bilirlər və vicdanlarının əmr etdiklərinə uyduqlarında bütün həyatlarını buna görə tənzimləməli olacağının da fərqindədirlər. Məsələn, namaz qıldıqları zaman vicdanlarının səsi daha da üstələməyə başlayacaq. Etdikləri pisliklər və vicdansızlıqlar diqqətə çarpacaq. Necə ki, ayədə, namazın insanları doğru yola yönəltdiyi belə bildirilir:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

Bəzi insanlar bu həqiqəti anladıqları üçün, ibadətlərin gətirdiyi vicdani məsuliyyətlərdən özlərinə bəhanə taparaq xilas olmağa çalışırlar. Allahın qəti olaraq əmr etdiyi bu hökmləri inkar edə bilməz, amma gələcəkdə hamısını edəcəklərinə dair özlərinə və ətraflarına vəd verərlər.

Təxirə salma yalnız ibadətlər üçün keçərli deyil. Günlük həyatda qarşılaşılan hər hadisədə vicdanın əmr etdiyi doğrular təxirə salınır. İnsanlarda həmişə “hələlik belə edim, sonrakı səfərə düzəldərəm” məntiqi vardır. Halbuki Allah insanın təxirə saldıqlarını da hesab günündə qarşısına çıxaracaq:

O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.  O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir. (Qiyamət surəsi, 12-13)

Təxirə salmaq ancaq axirəti və ölümü düşünməyən, özlərinə yaxın buraxmayan insanlara məxsus davranışdır. Hər şeydən əvvəl insan nə zaman, harada və nə şəkildə öləcəyini bilmir. Məsələn, indi bu kitabı oxuyan adam özünü təhlükəsizlikdə hiss edə bilər. Ancaq qəflətən meydana gələ biləcək hadisə və ya bu kitabı oxuduqdan yarım saat sonra minəcək avtomobilin qəza keçirməsi, pilləkənlərdən enərkən təzyiqinin düşməsi və aşağı diyirlənməsi asanlıqla ölümünə səbəb ola bilər.

Yaxşı, ölüm vaxtlarını bilmədikləri halda bəzi insanlar necə vicdanlarının əmr etdiklərini bu qədər asan təxirə sala bilirlər? Halbuki Allah qəti olaraq bildirir ki, ölüm mələyini qarşısında görən hər insan təxirə saldığı şeylərdən ötrü böyük peşmançılıq duyacaq və “kaş ki, hamısını etsəydim” deyəcək. Bu, tərifi mümkün olmayan və əsla dönüşü də olmayan peşmanlıqdır:

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”...” (Furqan surəsi, 27-29)

Həmçinin Allahın verəcəyi cəzanın təxirə salınmış olması da insanları yanıldır. Əgər Allah edilən hər vicdansızlığın qarşılığını dərhal versəydi, insanlar bir dəfə cavab aldıqdan sonra bir daha vicdansızlıq etməzdilər. Ancaq cəzanın uzadılmış olması insanların haqqa tabe olmadıqlarının ortaya çıxmasını təmin edir və sınaq mühiti bu cür yaradılır. Allahın əzabı ertələməsi, bunu layiq olanların ən şiddətli əzabla qarşılıq görmələri ilə yanaşı insanlara dünyada ikən tövbə etmə imkanı olması baxımından da əhəmiyyətlidir. Bu, Allahın sonsuz mərhəmətinin təcəllisidir. Bir ayədə belə bildirilir:

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür.  (Fatir surəsi, 45)

Buna görə Allahın edilən vicdansızlıqlara dərhal cavab verməməsi insanları aldatmamalıdır, çünki hər birinin qarşılığı axirətdə əskiksiz olaraq veriləcək. Allah bu yanlış məntiqdə olanları ayədə belə xəbər verir:

... və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mübarizə surəsi, 8)

Hesab günündə heç bir bəhanə keçərli olmayacaq

Bunu unutmamaq lazımdır; insanlar axirəti düşünmədikləri üçün dünyada hər cür bəhanələrlə, yalanlarla vicdanlarını rahatlaşdırmağa çalışa bilərlər. Bu onlara müvəqqəti rahatlıq təmin edə bilər və vicdanlarının əmr etdiyi həqiqətlərdən qısa müddət də olsa qaçmalarına səbəb ola bilər. Ancaq unutduqları abir şey var ki, o da Quranda belə bildirilir:

Bilik və iman nəsib edilmiş kimsələr isə deyəcəklər: “Siz orada Allahın yazısı ilə Dirilmə gününə qədər qaldınız. Bu gün, məhz Dirilmə günüdür, lakin siz bunu bilmirdiniz”. Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır. (Rum surəsi, 56-57)

Vicdanlarını bəhanələrlə susduranların sonu, başqa ayədə belə xəbər verilir:

O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir. (Mömin surəsi, 52)

 

10 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com