< <
13 / total: 15

Qurandan Vicdan və Vicdansızlıq Nümunələri

İnsanlardan soruşduqda bir çoxu özlərini son dərəcə vicdanlı kəslər olaraq adlandırarlar.  Kimsə “vicdansız” xüsusiyyətini özünə yaraşdırmaz.  Ancaq vicdan mövzusunda da digər bütün mövzularda olduğu kimi tək ölçü Qurandır. Quranda Allah, keçmişdə yaşamış topluluqlardan bir çox hadisələr və söhbətlər çatdırır. Bu hadisələrin hər biri insanlara xüsusilə bildirilir. Çünki bunların hər birində insanlar üçün ibrətlər, nəsihətlər var. Kitabın bu hissəsində, Quranda çatdırılan bu nümunələrə yer veriləcəkdir. Bunun məqsədi, vicdanına tabe olan və olmayan insanlar arasındakı fərqi daha da diqqətə çatdırmaq və həqiqi vicdan sahibi kəsləri daha yaxşı tanıma imkanını təmin etməkdir. Vicdanını tam olaraq istifadə edən insanlara ən gözəl nümunələr Allahın elçilərindədir. Allah Quranda bunu belə bildirir:

Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab surəsi, 21)

Allah başqa ayələrdə isə hz. İbrahim və hz. İsanı nümunə olaraq verir.

O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur. (Zuxruf surəsi, 59)

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır… (Mumtəhənə surəsi, 4)

Allah, elçilərin qissələrinin insanlara öyüd olduğunu Yusif surəsində də belə bildirir:

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

Bu səbəblə, Quranı oxuyan hər kəs, elçilərlə əlaqədar hadisələri öyrəndiyində, özününküylə onların vicdanlarını, rəftarlarını və Allah üçün etdiklərini müqayisə etməli və onlar kimi əxlaq göstərmək üçün ciddi səy göstərməlidir.

Quranın bir çox ayəsində mübarək Peyğəmbərimiz hz. Məhəmmədin vicdanlı rəftarına və hər cür çətinlik və sıxıntı qarşısında gözəl əxlaqından əsla güzəştə getməməsinə diqqət çəkilir. Peyğəmbərimiz hz. Məhəmmədin qövmünə etdiyi təbliğdə, inkar edənlərə verdiyi cavablarda, özünə atılan böhtanlar qarşısında göstərdiyi rəftarlarda iman edənlər üçün çox gözəl nümunələr vardır. Peyğəmbərimiz (s.ə.v)-in bu vicdanlı və üstün rəftarlardan biri də Tövbə surəsində bildirilir. Hz. Məhəmməd (s.ə.v)-in Məkkədən çıxarıldığı dövrdə, inkarçıların çətin təzyiqləri qarşısında göstərdiyi əxlaq ayədə bu şəkildə bildirilir:

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)

Ayədə də bildirildiyi kimi hz. Məhəmməd (s.ə.v) yanındakı adama dərhal Allahın varlığını, Allahın onlarla birlikdə olduğunu xatırlatmışdır. Allah bu vicdanlı rəftarının qarşılığı olaraq onu görünməz əsgərlərlə müdafiə etmiş və kafirlərə qarşı zəfər vermişdir.

Quranda vicdanlı və təqva sahibi insanlara elçilərdən başqa bəzi möminlər də nümunə verilmişdir. Hz. Məryəm, Fironun arvadı və Fironun zülmünə baxmayaraq hz. Musaya itaət edən kəslər, bu saleh insanlara bəzi nümunələrdir. Sonrakı səhifələrdə, bu kəslərin də vicdanlarına uyaraq sərgilədikləri əxlaq gözəlliklərindən bəhs edəcəyik.

Səmimiyyətləri sayəsində Allah Qatında üstün yerləri olan bu insanlarla yanaşı, Quranda, vicdanına uymayan insanların rəftar və danışıqlarından da nümunələr verilir. Bunlardan da bəzi nümunələr verəcəyik. Bu pis nümunələri oxuyarkən diqqət edilməli şey isə, bəhsi keçən danışıqların və ya rəftarların zəmanəmizdə necə ortaya çıxa biləcəyini düşünmək və bunların hər birindən çəkinməkdir.

Hz. Nuhun dinə dəvəti

Peyğəmbərlərin həyatları boyunca dini böyük səbirlə və səylə izah etmələri, hər cür şərtdə əsla güzəştə getməmələri, onların vicdanlarına uymalarının nəticəsidir. Məsələn, hz. Nuh Quranda, etdiyi təbliğ ilə nümunə verilən peyğəmbərlərdəndir. Quranda hz. Nuhun qövmünü gecə-gündüz Allahın yoluna çağırdığı, onların məsxərələrinə, zülmlərinə baxmayaraq, hər kəsi Allahın əzabı ilə xəbərdar edib qorxutduğu bildirilir:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! (Nuh surəsi, 5-10)

Yuxarıdakı ayələrdə bildirildiyi kimi hz. Nuhun danışığından da aydın olacağı kimi hz. Nuh, vicdanının ona əmr etdiyi hər şeyi tətbiq etmişdir. Gecə-gündüz qövmünü dinə dəvət etməsi, bunu edərkən də gizli və açıq yolları sınaqdan keçirməsi onun bu mövzudakı ciddi və səmimi səyini göstərir. Qövmünün hz. Nuha verdiyi cavab isə Quranda belə bildirilir:

Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər. (Qamər surəsi, 9)

Qövmünün azğın rəftarına cavab olaraq Allah hz. Nuha belə vəhy etmişdir:

... daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”. (Hud surəsi, 36-37)

Allahın köməyi gələnə qədər hz. Nuh qövmünə təbliğ etmişdir. Bu şübhəsiz böyük səbir tələb edir. Hz. Nuhun qarşılaşdığı bütün çətinliklərə baxmayaraq dini təbliğ etməkdən əsla imtina etməməsi onun vicdanının göstəricisidir.

Quranda zikr edilən peyğəmbərlərin hamısı eyni qətiyyət və səbirlə qövmlərini dinə dəvət etmişlər. Allah bu saleh qullarına Öz qatında hikmət, izah etmə qabiliyyəti və elm verərək onları gücləndirmişdir. Hər birinin təbliği möminlərin hidayətinə vəsilə olarkən, inkar edənlərin də saxtakarlıqlarını ortaya çıxarmışdır. Allah, elçiləri vasitəsi ilə haqqı batilin üzərinə ataraq, batilin beynini darmadağın etmişdir. Bu dəyişməz İlahi qanun ayədə belə açıqlanır:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Hz. İbrahim “tək başına ümmət idi”

Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl surəsi, 120-123)

Daha əvvəlki səhifələrdə hz. İbrahimin inkar edənlərlə olan mübarizəsindən bəhs edilmişdi. Hz. İbrahim inkar edənlərlə mübarizə apararkən yuxarıdakı ayələrdə də bildirildiyi kimi tək başınaydı. Ətrafında ona köməkçi ola biləcək, onu maddi və mənəvi istiqamətdən dəstəkləyəcək heç kim yox idi. Əlbəttə ki, insanın tək başına, ətrafındakı ən azğın insanları qarşısına alaraq, ölüm təhdidlərinə belə məhəl qoymadan Allahın dinini izah etməsi, o adamın vicdanının nə qədər güclü olduğunun göstəricisidir. Belə ki, qövmü hz. İbrahimi atəşə ataraq yandırmaq istəmiş, ancaq Allah hz. İbrahimə kömək etmiş, onu qorumuşdur:

Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” – dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. (Ənbiya surəsi, 68-70)

Hz. İbrahim elçilərin Allaha bağlılıqlarına, Allah yolundakı qətiyyətlərinə, vicdanlı rəftarlarına nümunədir. Necə ki, Allah onu “...Həqiqətən, İbrahim Allaha çox yalvaran həlim bir kimsə idi.” (Tövbə surəsi, 114) deyərək təsvir edər ki, bu hz. İbrahimin son dərəcə incə düşüncəli, vicdanlı insan olduğunu ifadə edər. Həmçinin hz. İbrahimin qissəsində Allahın yüksək vicdan sahibi qullarına qəti olaraq kömək edəcəyi də görülür.

Allahın elçilərinin hamısı eyni əxlaq üzərində davranmışlar. Hz. Yəhya üçün Quranda “Üstəlik Öz tərəfimizdən şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi. Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi.” (Məryəm surəsi, 13-14) deyilir. Bu sifətlər, hz. Yəhyanın Allaha qarşı heç bir günaha yanaşmayan yüksək vicdanının ifadəsidir.

Hz. Məryəm

Hz. İsanı Allahın “Ol” əmri ilə atasız olaraq dünyaya gətirən hz. Məryəm, Quranda aləmlərin qadınlarına nümunə olaraq verilən saleh mömindir. Hz. Məryəm böyük diqqətlə, ayənin ifadəsi ilə “gözəl bitki kimi” yetişdirilmişdir. (Ali İmran surəsi, 37) Dövrümüzdə geniş yayılan “qadın” xarakterindən tamamilə fərqli xarakterə, əxlaq və vicdan üstünlüyünə sahibdir. Quranda Allah hz. Məryəmin aləmlərin qadınlarına üstün qılındığını belə bildirir:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran surəsi, 42-43)

Hz. Məryəmin Quranda ən diqqət çəkən cəhətlərindən biri isə, iffətinə olan həssaslığıdır. Hz. Məryəm iffətinə; cəmiyyət qaydaları, adət, ənənə olaraq deyil, Allaha olan bağlılığı və Onun hökmlərinə olan diqqəti səbəbiylə düşkün idi.

Quranda hz. Məryəmin hz. İsaya hamilə qalması və onu dünyaya gətirməsi ətraflı olaraq izah edilir. Bildirildiyinə görə, Cəbrayıl əleyhissalam hz. Məryəmə atası olmayan, Allahın ruhundan üflədiyi oğlan uşağının müjdəsiylə gəlmişdi. Bu, Allahdan özünə çox böyük müjdəydi, çünki bu uşaq bütün aləmlərə göndəriləcək olan peyğəmbər idi. Mövzuyla əlaqədar ayə belədir:

Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm surəsi, 19)

Allahın köməyi və qoruması altında doğumunu tək başına reallaşdıran hz. Məryəm tayfasının yanına qayıdarkən güclü xarakter göstərərək yenə aləmlərə nümunə oldu. Hz. Məryəm və ailəsi öz yaşadıqları şəhərdə dindar, iffətli və inanclı insanlar olaraq tanınırdılar. Lakin hz. Məryəm aradan uzun müddət keçdikdən sonra, qövmünə yanında bir uşaqla qayıtdıqda bütün qövmünü özünə qarşı olduğunu gördü. Hz. İsanın Allahın hz. Məryəmə verdiyi müjdə olduğuna inanmayanlar, ona böhtan atanlar, günahlandıranlar, hətta zərər verməyə çalışanlar da oldu.

Lakin hz. Məryəm insanların razılığına görə deyil, yalnız Allahın məmnuniyyətinə görə hərəkət etdiyi üçün bu vəziyyət ona heç təsir etmədi. Halbuki cahil cəmiyyətlərdə, sırf insanlardan görəcəyi reaksiyalardan ötrü vicdanlarından uzaqlaşan, namazını, ibadətlərini yerinə yetirməyən hətta haramları halalı belə göz ardı edən bir çox insan vardır.

Allah hz. Məryəmə, qövmünün ittihamlarıyla təmasda olmaması üçün heç kimlə danışmamasını və sual soruşanlara da susma orucu tutduğunu bildirməsini vəhy etmişdir. Və bunun ardından da atılan bütün böhtanları insanlara geri aldıracaq möcüzə yaratmışdır; beşikdə olan hz. İsa “susma orucu” tutan hz. Məryəmin yerinə açıqlama verməyə başlamışdır:

Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 29-33)

Beləcə hz. Məryəm qövmünə qarşı Allahın verdiyi möcüzə ilə ən gözəl şəkildə dəstəklənmişdir. Quranda hz. Məryəmlə əlaqədar olaraq izah edilən bu hekayə, müsəlman qadının sahib olacağı güclü, cəsarətli, Allaha könüldən bağlı, tək başına mübarizə apara bilən və son dərəcə iffətli rəftarı göstərir.

Burada diqqət edilməli lazım olan mövzulardan biri də budur: Quranda kişi və ya qadın fərqi yoxdur. Bütün elçilər və Allahın nümunə göstərdiyi bütün təqvalı insanlar eyni üstün xüsusiyyətlərə sahibdirlər. Bu insanların ortaq xüsusiyyəti isə vicdanlarının özlərinə əmr etdiklərini qeyd-şərtsiz tətbiq etmələridir. Bunun nəticəsində isə aləmlərə nümunə olaraq verilən rəftar və əxlaq gözəllikləri ortaya çıxır. Quranda, vicdanına uyması ilə insanlara verilən digər nümunə də Fironun arvadıdır.

Fironun arvadı

Fironun arvadı, hz. Musa dövründə Misirdə İsrail oğullarının rəhbərliyini əlində saxlayan Fironun həyat yoldaşıdır. Tarixə, dünyanın gəlib-keçmiş ən zalım insanlarından biri olaraq düşən Fironun evli olduğu bu saleh qadın, nikahında olduğu adamın tam əksinə, Quranda tarixin ən qiymətli və ən üstün müsəlmanlarından biri olaraq xatırlanmaq şərəfinə sahib olmuşdur. Fironun arvadının xarakteri və əxlaqı Quranda, iman edənlərə nümunə verilmişdir.

Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi ... (Təhrim surəsi, 11)

Bunun səbəbi, Fironun arvadının Fironun sarayında, onun küfri təzyiqi altında yaşayarkən, bu çətin şərtlərə baxmayaraq iman etmiş olması və yenə insanların çoxunun əksinə, dünyada bəlkə də çox az kimsənin sahib olduğu mülkdən təsirlənməyərək güclü xarakter göstərmiş olmasıdır.

Bu mübarək insan təhlükəli mühitdə, son dərəcə zalım adamla evli ikən Allaha iman etmişdir. Onun rəftarının üstünlüyünü daha yaxşı anlaya bilmək üçün o dövrün şərtlərini Qurana əsaslanaraq düşünmək lazımdır. Əvvəlcə Fironun şəxsiyyətinə diqqət edilməlidir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Fironun arvadı, bu zülmkar insanla və onun yaxın ətrafıyla eyni evdə yaşayırdı. Allaha iman etdiyini söyləyən insanlara Fironun əsgərləri necə zülm etdiyini də bilirdi. Məhz Fironun arvadı iman etməyin belə çətin olduğu mühitdə, hz. Musanın izah etdiyi haqq dinə tabe oldu, vicdanına üz tutaraq Allahın varlığını və o günə qədər Misirə hakim olan inancların hamısının batil olduğunu görə bildi. Şübhəsiz bu, dünyada çox az insanın gözə ala biləcəyi, ancaq Allaha könüldən və qatqısız bağlılıq ilə mümkün ola biləcək qətiyyətdir və üstün vicdan nümunəsidir.

Həmçinin Fironun arvadının, eyni zamanda bu günə qədər çox nadir insanın sahib olduğu sərvətin və mülkün sahibi olduğunu da unutmamaq lazımdır. Amma bütün bunlardan üz çevirib Allahın dininə tabe olmuşdur. Bu gün bəlkə də onun sahib olduğu imkanlarla müqayisə belə edilə bilməyəcək qədər az mülkə sahib olan insanların azğınlığı və bu səbəbdən qapıldıqları qürur, özlərini müstağni görərək Allaha ibadətə yanaşmamaları, bu saleh qadının dəyərini anlamaq baxımından gözəl müqayisə imkanı yaradır.

Fironun arvadının Allahın Quranda bildirdiyi duası onun səmimiyyətinin ifadəsidir. Sahib olduğu sərvətə heç əhəmiyyət verməyərək, Allahdan cənnətini belə istəmişdir:

Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi. (Təhrim surəsi, 11) 

 

13 / total 15
"Harun Yəhyanın Quranda Vicdanın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com