< <
18 / total: 19

XƏBƏRDARLIQ

Oxuyacağınız bu bölmə həyatın ÇOX MÜHÜM sirrindən bəhs edir. Maddi dünyaya dair düşüncə tərzinizi kökündən dəyişdirəcək bu mövzunu diqqətlə və qavrayaraq oxumalısınız. Burada izah edilənlər sadəcə hər hansı bir düşüncə tərzi, fərqli yanaşma və ya fəlsəfi fikir deyil, dinə inanan və inanmayan hər kəsin qəbul etdiyi, bu gün elmin də sübut etdiyi qəti həqiqətdir.

MADDƏNİN ARDINDAKI SİRR

Ağıl və vicdanla ətrafını seyr edən hər hansı bir şəxs kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs, bütün bunlar kim tərəfindən yaradılmışdır?

Məlumdur ki, kainatın hər yerində özünü bəlli edən “yaradılış” kainatın özünün məhsulu ola bilməz. Məsələn, böcəklər öz-özünü yaratmamışdır. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, hemoqlobinlər, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların “təsadüfən” əmələ gəlməsi kimi ehtimal da kitabın əvvəlki səhifələrində təhlil etdiyimiz kimi mümkün deyil.

Ona görə, bu nəticəyə gələ bilirik: gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradan” deyil. Deməli, Yaradan gözümüzlə gördüyümüz hər şeydən fərqli və üstün varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeyin Onun varlığını və vəsflərini göstərdiyi üstün gücdür.

Allahın varlığını qəbul etməyənlər də elə bu nöqtədə azırlar. Bu şəxslər Allahı gözləri ilə görmədikcə Onun varlığına iman gətirməməyə özlərini şərtləndiriblər. Ancaq bu təqdirdə kainatın hər yerində açıq-aşkar görünən “yaradılış” həqiqətini gizlətməyə, kainatın və canlıların yaradılmadığını iddia etməyə məcbur olurlar. Bunu etmək üçün yalanlara əl atırlar. Təkamül nəzəriyyəsi əvvəlki səhifələrdə bəhs edildiyi kimi, bu məsələdə əl atılan yalanların, nəticəsiz səylərin açıq-aşkar nümunəsidir.

İnkar edənlərin etdiyi bu xətanı əslində Allahın varlığını inkar etməyən, ancaq batil Allah inancına malik olan bir çox şəxs də edir. Cəmiyyətin əksəriyyətini təşkil edən bu şəxslər yaradılışı inkar etmirlər, ancaq Allahın “harada” olduğuna dair batil inancları var. Əksəriyyəti Allahın ancaq “göydə” olduğunu zənn edir. Onların şüurundakı batil düşüncəyə əsasən, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir hallarda “dünyanın işlərinə” müdaxilə edir və ya heç etmir, kainatı yaratmış və nəzarətsiz qoymuşdur, insanlar özləri öz taleyini yazırlar...

Bəziləri də Quranın Allahın “hər yerdə” olduğuna dair xəbərini eşitmiş, lakin bunun mənasını tam anlamamışdır. Şüurdakı batil düşüncə budur ki, Allah radio dalğaları və ya görünməz, hiss edilməz qaz kimi (Allahı tənzih edirik) maddələri əhatə etmişdir.

Lakin bu düşüncə və əvvəldən bəri sadaladığımız “Allahın harada olduğunu” tapa bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr ortaq xətadan qaynaqlanır. Heç bir əsası olmayan ön mühakiməni mənimsəyir, ondan sonra da Allahla bağlı zənnə qapılırlar.

Bu ön mühakimə nədir?

Bu ön mühakimə maddənin varlığı və xüsusiyyəti ilə bağlıdır. İnsanların böyük əksəriyyəti gördüyümüz maddi kainatın, mövcud reallığın özü olduğuna şərtlənmişdir. Halbuki müasir elm bu ön mühakiməni də məhv edərək çox mühüm həqiqəti üzə çıxarmışdır. Sonrakı səhifələrdə Quranda da işarə edilən bu böyük həqiqəti açıqlayacağıq.

Elektrik siqnallarından ibarət kainat

Yaşadığımız dünya ilə bağlı bütün məlumatlarımız bizə beş duyğu orqanımız vasitəsilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Anadan olduğumuzdan bəri bu hisslərə bağlı olduğumuz üçün, “xarici dünyanın” hisslərimizin bizə tanıtdığından fərqli olacağını heç düşünməmişik.

Halbuki bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar olduqca fərqli nəticələr üzə çıxarmış, hisslərimiz və hiss etdiyimiz dünya ilə bağlı ciddi şübhələrin əmələ gəlməsinə səbəb olmuşdur.

Bu yeni anlayış isə buradan meydana gəlmişdir: bizim “xarici dünya” kimi hiss etdiklərimiz sadəcə elektrik siqnallarının beyində əmələ gətirdiyi təsirlərdir. Almanın qırmızılığı, taxtanın bərkliyi, habelə ananız, atanız, malik olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri ancaq və ancaq beyninizdəki elektrik siqnallarından ibarətdir.

Frederik Vester elmin bu mövzuda gəldiyi nəticəni belə ifadə edir:

Bəzi mütəfəkkirlərin “insan bir xəyaldır, əslində bütün baş verənlər keçici və aldadıcıdır, bu kainat bir kölgədir” kimi sözləri dövrümüzdə elmi cəhətdən sübut olunur.397

Mövzunu tam şəkildə açıqlamaq üçün ilk olaraq xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.

Necə görürük, eşidirik, dadırıq?

Görmə hadisəsi çox mərhələli şəkildə baş verir. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq şüaları (fotonlar) gözün önündəki mərcəyin içindən sınaraq keçir və gözün arxa tərəfindəki tor qişaya tərsinə düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinirlər vasitəsilə beynin arxa hissəsindəki görmə mərkəzi adlanan kiçik bölgəyə çatır. Bu elektrik siqnalı bir sıra ardıcıl prosesdən sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss edilir. Yəni görmə hadisəsi əslində beyinin arxasındakı kiçik, işığın heç cür daxil ola bilmədiyi qapqaranlıq nöqtədə baş verir.

beynimizde oluşan görüntü

Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və “maddə“ adlandırdığımız dünya və ya kainat dediyimiz anlayışlar əslində beynimizdəki elektrik siqnallarıdır. Biz heç bir zaman maddənin beynimizin xaricindəki əslıni əldə edə bilmərik. Ancaq xarici aləmin beynimizdə yaranan görünüşünü görür, eşidir, dadırıq.

İndi hər kəsə məlum olan bu məlumatı bir daha diqqətli təhlil edək: biz “görürəm” deyərkən əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilib beynimizdə əmələ gətirdiyi “təsiri” görürük. Yəni “görürəm” deyərkən əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.

Həyatımız boyu gördüyümüz hər görüntü bir necə sm3-lik görmə mərkəzində əmələ gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqdə gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Burada diqqət edilməli bir cəhət də var. Bir az əvvəl qeyd etdiyimiz kimi, kəllə sümüyü işığı içəri keçirmir, yəni beyinin içi qapqaranlıqdır. Ona görə beyinin işıqla təmasda olması əsla mümkün deyil.

Buradakı maraqlı vəziyyəti bir nümunə ilə izah edək: qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısında dayanıb onu uzun müddət seyr edə bilərik. Amma bu müddət boyu beynimiz şamdan gələn işığın əsli ilə heç vaxt təmasda ola bilməz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində aydın, parlaq və rəngli dünyanı seyr edirik.

R.L.Qreqori bizim çox təbii qarşıladığımız görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:

Görmə hadisəsinə o qədər öyrəşmişik ki, cavablandırılmalı suallar olduğunu anlamaq böyük təxəyyül gücü tələb edir. Lakin bunu nəzərə alın. Gözlərimizə kiçik başıaşağı görüntülər göndərilir və biz ətrafımızda bunları düzgün cisimlər kimi görürük. Tor qişaların üzərindəki xəbərdarlıqların nəticəsində cisimlər dünyasını hiss edirik və bunun əslində bir möcüzədən fərqi yoxdur.398

Eyni vəziyyət digər hisslərə də aiddir. Səs, toxunma, dad və qoxu -hər biri elektrik siqnalı şəklində beyinə ötürülür və burada aidiyyəti mərkəzlərdə şərh olunur.

Eşitmə hadisəsi belə baş verir: xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayıb orta qulağa ötürür, orta qulaq da qəbul etdiyi səs titrəmələrini gücləndirib daxili qulağa ötürür, daxili qulaq isə bu titrəyişləri elektrik siqnallarına çevirərək beyinə göndərir. Eynilə görmə hadisəsində olduğu kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində baş verir. Kəllə işığı içəri keçirmədiyi kimi, səsi də keçirmir. Ona görə də xarici dünyada nə qədər səs-küy olsa da, beyinin içi tamamilə səssizdir.

Buna baxmayaraq, ən aydın səslər beyində şərh olunur. Bu, o qədər dəqiq baş verir ki, sağlam bir insan qulağı heç bir parazit və ya cızıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı mühitin bütün hay-küyünü eşidirsiniz, yarpağın xışıltısından reaktiv təyyarələrin gurultusuna qədər yüksək səs tezliyindəki bütün səsləri eşidə bilirsiniz. Amma o anda həssas cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada tam səssizliyin hakim olduğu məlum olar.

Qoxu hissimizin əmələ gəlməsi də buna bənzərdir: vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar burunun epitel hissəsindəki titrək tüklərdəki reseptorlara çatırlar və bu reseptorlarda reaksiyaya girirlər. Bu reaksiya beynimizə elektrik siqnalı şəklində ötürülür və qoxu kimi şərh edilir. Nəticədə bizim gözəl və ya çirkin adlandırdığımız qoxuların hamısı uçucu molekulların reaksiyalarının elektrik siqnallarına çevrildikdən sonra beyindəki şərh olunma formasından başqa bir şey deyil. Bir ətiri, çiçəyi, sevdiyiniz yeməyi, dəniz qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beyinə heç vaxt daxi ola bilməzlər. Səs və görüntüdə olduğu kimi, qoxuda da beyninizə daxil olan ancaq elektrik siqnallarıdır. Beləliklə, doğulduğunuz andan etibarən kənardakı cisimlərə aid sizə məlum olan qoxular duyğu orqanlarınız vasitəsilə hiss etdiyiniz elektrik siqnallarıdır.

beyin, algı

Bir cisimdən gələn işıq seli tor qişa üzərinə tərs halda düşür. Burada elektrik siqnalına çevrilən görüntü beynin arxa tərəfindəki görmə mərkəzinə çatdırılır. Görmə mərkəzi dediymiz yer cox kiçik sahədir. Beyin işığı keçirmədiyi üçün görmə mərkəzinə də işığın keçməsi mümkün deyil. Yəni biz parlaq bir dünyanı kiçik və işığın əsla girmədiyi bir nöqtədə qəbul edirik. Bir alovun işığını və istiliyini hiss etdiyimiz anda belə beynimizin içi qaranlıqdır və istiliyi heç vaxt dəyişməz.

Buna bənzər şəkildə insan dilinin ön hissəsində də dörd müxtəlif növdə kimyəvi reseptor var. Bunlar, duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorlarımız bir sıra kimyəvi prosesdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə ötürürlər. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh olunur. Bir şokoladı və ya sevdiyiniz bir meyvəni yedikdə aldığınız dad elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Xarici aləmdəki cisimlə isə əsla təmasda ola bilməzsiniz, şokoladın özünü görə bilməz, qoxulaya bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə ötürülməsi mümkün olmaz, dad duyğunuzu tamamilə itirərsiniz.

Burada qarşımıza bir həqiqət də çıxır: bir qidanı daddıqda başqa birinin o qidadan aldığı dadın və ya bir səsi eşitdikdə başqa birinin eşitdiyi səsin bizim aldığımız dad və eşitdiyimiz səslə eyni olduğundan əmin ola bilmərik. Bu həqiqətlə bağlı Linkoln Barnet belə deyir:

Heç kimin öz gördüyü qırmızı rəngin və ya eşitdiyi do notunun başqa bir insanınkı ilə eyni olub-olmadığını bilməsi mümkün deyil.399

Toxunma hissimizə gəlincə dəyişən bir şey olmadığını görərik. Bir cisimə toxunduqda xarici aləmi və cisimləri tanımamıza kömək edən məlumatlar dəridəki duyğu sinirləri vasitəsilə beyinə ötürülür. Toxunma hissi beynimizdə əmələ gəlir. Toxunma duyğusunu hiss etdyimiz yer barmaq uclarımız və ya dərimiz deyil, beynimizdəki toxunma mərkəzidir. Biz cisimlərdən gələn elektrik siqnallarının beynimizdə şərh olunması nəticəsində bərklik və ya yumşaqlıq, istilik və ya soyuqluq kimi cisimləri tərif edən müxtəlif duyğuları hiss edirik. Hətta bir cisimi tanımağa kömək edən hər cür detalı da bu xəbərdarlıqlar nəticəsində əldə edirik. Bu mühüm həqiqətlə bağlı B.Rasl və L.Uittqeynsteyn kimi məşhur filosofların fikirləri aşağıdakı kimidir:

..Bir limonun həqiqətən mövcud olub-olmadığı və necə bir proseslə mövcud olduğunu soruşmaq və tədqiq etmək mümkün deyil. Limon ancaq dil ilə hiss edilən dad, burunla hiss edilən qoxu, gözlə görülən rəng və formadan ibarətdir. Ancaq bu xüsusiyyətləri ilə elmi tədqiqatın və mühakimənin mövzusu ola bilər. Elmin maddi dünyanı bilməsi əsla mümkün deyil.400

Yəni beynimizdən kənardakı maddi dünya ilə təmasda olmağımız qeyri-mümkündür. Təmasda olduğumuz cisimlər əslində görmə, eşitmə, toxunma kimi duyğuların cəmindən ibarətdir. Duyğu mərkəzlərindəki məlumatları şərh edən beynimiz həyatımız boyu maddənin bizdən kənardakı “əsli” ilə deyil, beynimizdəki surətləri ilə təmasda olur. Biz isə bu surətləri xarici aləmdəki real maddə zənn edərək yanılırıq.

Beynimizin içində əmələ gələn “xarici dünya”

Buraya qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisəsiz nəticəyə gətirir: bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və “maddə”, “dünya” və ya “kainat” adlandırdığımız anlayışlar əslində beynimizdə şərh olunan elektrik siqnallarıdır. Biz əsla maddənin beynimizdən kənardakı əsli ilə təmasda ola bilmərik. Ancaq xarici aləmin beynimizdə əmələ gələn görüntüsünü görür, eşidir və dadırıq.

Məsələn, meyvə yeyən biri əslində meyvənin beyindəki hissi ilə təmasda olur, əsli ilə təmasda olmur. İnsanın “meyvə” adlandırdığı şey meyvənin forması, dadı, qoxusu və bərkliyinə aid informasiyanın beyində şərh olunmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də bir anda yox olar və ya burundakı reseptorlardan beyinə uzanan sinirdəki bir qırıq qoxu hissinizi tamamilə məhv edər. Çünki meyvə bəzi elektrik siqnallarını beyinin şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünməli olduğumuz başqa bir cəhət də uzaqlıq hissidir. Uzaqlıq, məsələn, bu kitabla aranızdakı məsafə sadəcə beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda hesab etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və onların milyonlarla işıq ili uzaqlığında olduqlarını hesab edir. Halbuki ulduzlar onun içində, beynindəki görüntü mərkəzindədir. Bu yazıları oxuyarkən içində oturduğunuzu hesab etdiyiniz otağın da əslində içində deyilsiniz, əksinə, otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın: bədəniniz də beyninizdə əmələ gələn bir görüntüdür.

Eyni vəziyyət bütün digər hisslərinizə də aiddir. Məsələn, siz qonşu otaqdakı televizorun səsini eşitdiyinizi hesab edirsiniz, əslində beyninizin içindəki səslə təmasda olursunuz. Metrlərlə uzaqdan gəldiyini hesab etdiyiniz səs də, yanınızdakı insanın söhbəti də əslində beyninizdəki bir neçə sm3-lik eşitmə mərkəzində hiss olunur. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çata bilməz, səsin gəldiyi bir istiqamət yoxdur.

Hiss etdiyiniz qoxular da elədir, heç biri uzaq məsafədən sizə gəlmir. Qoxu bilmə mərkəzinizdə əmələ gələn siqnalları kənardakı maddələrin qoxusu zənn edirsiniz. Halbuki bir gülün görüntüsü necə görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu mərkəzinizin içindədir, kənardakı gülün və qoxusunun əsli ilə təmasda ola bilməzsiniz.

Çünki bizim üçün “xarici aləm” eyni anda beynimizə gələn “elektrik siqnallarının hamısından” başqa bir şey deyil. Beynimiz həyatımız boyu bu siqnalları şərh edir. Biz də bunları maddənin “xarici aləmdəki” əsli hesab edərək yanıldığımızı dərk etmədən ömür sürürük. Yanılırıq, çünki hisslərimizlə maddənin əsli ilə əsla təmasda ola bilmərik.

“Xarici aləm” hesab etdiyimiz siqnalları şərh edib mənalandıran da beynimizdir. Məsələn, eşitmə duyğusunu nəzərdən keçirək. Qulağımızın içinə gələn səs dalğalarını şərh edib onu simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi beynimizin əmələ gətirdiyi bir hissdir. Rəngləri görərkən də əslində gözümüzə çatan sadəcə işığın müxtəlif dalğa uzunluqlarıdır. Bu müxtəlif dalğa uzunluqlarını rənglərə çevirən də beynimizdir. “Xarici dünyada” rəng yoxdur. Nə alma qırmızı, nə göy üzü mavi, nə də ağaclar yaşıldır. Onlar, sadəcə o cür hiss etdiyimiz üçün elədirlər.

Belə ki, gözdəki tor qişada əmələ gələn kiçik bir pozulma rəng korluğuna səbəb olur. Bəzi insanlar mavini yaşıl, bəziləri qırmızını mavi, bəziləri də rəngləri boz rəngin müxtəlif tonları şəklində görürlər. Ona görə də xarici dünyadakı cismin rəngli olub-olmaması vacib deyil.

Məşhur mütəfəkkir Berkeley də bu həqiqətə aşağıdakı sözlərlə diqqət çəkir:

Əvvəlcə, rənglərin, qoxuların və s. “həqiqətən mövcud olduğu” hesab edilirdi, amma daha sonra bu cür fikirlər inkar edildi və gördülər ki, onlar duyğularımız sayəsində var.401

Beləliklə, biz cisimləri onlar rəngli olduğuna və ya xarici aləmdə maddi varlığa malik olduqlarına görə rəngli görmürük. Çünki varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər “xarici dünyada” deyil, içimizdədir.

Bəs, “xarici dünyanı” yaxşı tanıdığımızı necə iddia edə bilərik?

İnsanın məhdud məlumatı

Buraya qədər bəhs etdiyimiz həqiqətin ortaya qoyduğu ən mühüm nəticələrdən biri insanın xarici dünya haqqında məlumatının əslində olduqca məhdud olmasıdır.

Xarici dünya haqqındakı məlumatımız həm beş duyğu orqanı ilə məhdudlaşır, həm də bu duyğu orqanlarının bizə hiss etdirdiyi dünyanın “əsl dünya” ilə eyni ilə uyğun olduğunu göstərən heç bir dəlil yoxdur.

Dolayısı ilə, real dünya bizim hiss etdiyimizdən daha fərqli ola bilər. Orada bizim hiss etmədiyimiz bir çox varlıq və varlıq ölçüsü ola bilər. Bizim məlumatımız kainatın ən uzaq yerlərinə çatsaq belə, yenə də məhdud olacaqdır.

Bütün varlıqları tam və qüsursuz şəkildə tanıyan isə onların hamısını yaratmış uca Allahdır. Allahın yaratdığı varlıqlar ancaq Onun izn verdiyi qədər məlumat sahibi ola bilərlər. Bu həqiqət Quranda belə xəbər verilir:

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

Süni şəkildə əmələ gətirilən “xarici dünya”

New Scientist

Müasir fizikanın kəşfləri də maddi kainatın hisslər bütünü olduğunu göstərir. 30 oktyabr, 1999-cu il tarixli nömrəsində bu həqiqəti açıqlayan məşhur Amerika elmi jurnal olan “New scientist”in üz qabığında belə bir sual verilir: Həqiqətin sonrasında: Kainat məlumatın bir rəqsidirmi və Maddə sadəcə bir ilğımdan ibarətdirmi?”

Tanıdığımız yeganə dünya beynimizin içində olan, orada çəkilən, səsləndirilən və rənglənən, qısaca desək, beynimizdə meydana gələn dünyadır.

Beynimizdə seyr etdyimiz bu hisslər bəzən “süni” mənbədən gələ bilər.

Bunu belə bir misalla təsəvvür edə bilərik:

Əvvəlcə, beyninizi bədəninizdən kənara çıxarıb şüşə qabın içində süni yaşatdığımızı təsəvvür edək. Onun yanına hər cür elektrik siqnalını hazırlayan bir kompüter yerləşdirək. Sonra hər hansı bir mühitə aid görüntü, səs, qoxu kimi faktların elektrik siqnallarını süni şəkildə bu kompüterdə hazırlayaq və qeyd edək. Bu kompüteri elektrik kabelləri ilə beyninizdəki duyğu mərkəzlərinə bağlayaq və kompüterdə qeyd olunmuş siqnalları beyninizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (başqa sözlə, “siz”) onların sizə hiss etdirdiyi mühiti görəcək və yaşayacaqdır.

Bu kompüterdən beyninizə sizin görüntünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir stolun arxasında oturarkən hiss etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi duyğuların elektrik siqnallarını beyninizə göndərdikdə beyniniz özünü kabinetində oturan iş adamı hesab edəcək. Kompüterdən gələn elektrik siqnalları davam etdikcə də bu xəyali dünya davam edəcəkdir. Ancaq bir beyindən ibarət olduğunu isə əsla anlamayacaq. Çünki beyinin içində bir dünyanın əmələ gəlməsi üçün beyindəki əlaqədar mərkəzlərə lazımi siqnalların göndərilməsi kifayətdir. Bu siqnallar süni mənbədən, məsələn, bir cihazdan və ya başqa mənbədən göndərilə bilər.

Məşhur elmi filosof Bertrand Rassel bununla bağlı belə deyir:

... Barmaqlarımızla stola basdığımız zaman meydana gələn toxunma hissi barmaq uclarındakı elektron və protonlar üzərindəki elektrik təsiridir. Müasir fizikaya əsasən, bu, stoldakı elektron və protonların yaxınlığından əmələ gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir başqa yolla əmələ gətirilsəydi, heç stolun olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik.402

Maddi qarşılığı olmayan duyğuları həqiqi hesab edərək aldanmamız çox asandır. Belə ki, bu həqiqətlə yuxularımızda tez-tez qarşılaşırıq. Yuxuda tamamilə həqiqi görünən hadisələr yaşayır, insanlar, cisimlər, mühitlər görürük. Amma hamısı hissdən ibarətdir. Yuxu ilə “real dünya” arasında isə əsas heç bir fərq yoxdur, hər ikisi beynimizdə əmələ gəlir.

Qavrayan kimdir?

Buraya qədər başa düşüldüyü kimi, içində yaşadığımızı hesab etdiyimiz və “xarici dünya” adlandırdığımız maddi dünyanın əslində beynimizdə əmələ gəldiyinə şübhə yoxdur. Amma ən mühüm sual burada yaranır: bizə məlum olan bütün maddi varlıqların hər biri əslində hissdirsə, bəs beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı cisim kimi maddi dünyanın bir hissəsi olduğuna görə, o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı bir misal bu mövzunu daha yaxşı açıqlayacaqdır. İndiyə qədər izah etdiklərimizə uyğun olaraq beynimizin içində bir yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali qolumuz, bədənimiz, gözümüz və bir də xəyali beynimiz. Yuxuda bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Lakin ortada real beyin yoxdur. Sadəcə xəyali bədən, xəyali baş və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, onun daha da “fövqündə” olan bir varlıqdır.

Yuxudakı mühitlə real həyat adlandırdığımız mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Elə isə bizə real həyat adlandırdığımız mühitdə “harada görürsən?” sualı verildikdə yuxarıdakı misaldakı kimi, “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə görən və hiss edən iradə ət parçasından ibarət olan beyin deyil. Buraya qədər daima xarici dünyanın surətini beynimizdə seyr etdiyimiz haqqında danışdıq. Bunun mühüm nəticəsi budur ki, xarici dünyanın əslini heç vaxt bilməyəcəyik.

beynin algısı

Həyatımız boyu gördüyümüz hər görünüş beynin arxa hissəsində görmə mərkəzində yaranır və bu görmə mərkəzi sadəcə bir neçə sm³ böyüklüyündədir. Dar bir otaq görünüşü də, geniş mənzərə görünüşü də bu kiçik sahəyə yerləşir. O zaman bizim gördüyümüz xaricdə mövcud olan həqiqi böyüklük deyil, sadəcə beynimizin qəbul etdiyi böyüklükdür.

Ən az bunun qədər mühüm olan ikinci bir həqiqət isə budur ki, beynimizdə seyr etdiyimiz bu dünyanı izləyən “iradə” beyinin özü deyil. Beyin ona gələn faktları şərh edən və görüntüyə çevrən kompyuter-monitor sistemi kimidir, lakin diqqət edilsə, kompyuterlər öz-özlərini seyr edə bilmirlər. Varlıqlarını heç dərk etmirlər.

Bu şüuru axtarmaq üçün beyini təhlil etdikdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekulları kimi molekullardan fərqli bir şey çıxmayacaq. Yəni beyin adlandırdığımız ət parçasında görüntüləri seyr edərək şərh edən, şüuru əmələ gətirən, qısaca desək, “mən” dediyimiz şeyi yaradan bir şey yoxdur.

R.L.Qreqori beyinin içində görüntünün hiss edilməsi ilə bağlı insanların düşdükləri xətanı belə ifadə edir:

Gözlərin beyində rəsmlər əmələ gətirdiyini düşünürlər, lakin bu doğru deyil. Beyində rəsm əmələ gəldiyini deyiriksə, bunu görmək üçün beyinin içində də bir göz olmalıdır; lakin bu gözün rəsmini görmək üçün daha bir gözə ehtiyac olacaqdır; ... və bu da sonsuz göz və rəsmin olması deməkdir. Bu, qeyri-mümkündür.403

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin həll edə bilmədikləri problemlərdən biri budur: görən, gördüyünü qavrayan və reaksiya verən “daxildəki göz” kimə aiddir?

nöron, sinir hücresiatom

Beyin zülal və yağ molekullarından ibarət olan hüceyrə yığınıdır. Neyron (yuxarıda) adlanan sinir hüceyrələrindən ibarətdir. Neyronların quruluşu tədqiq edildikdə qarşımıza çıxan atomlardır. (Solda) Şübhəsiz, şüursuz atomların da şüur meydana gətirməsi mümkün deyildir. Beyin dediyim ət parçasında görünüşü görən şüuru əmələ gətirən, qısası “ mən “ dediyimiz şeyi yarada bilən bir güc yoxdur.

Karl Pribram da elm və fəlsəfə dünyasında duyğunu hiss edənin kim olduğu ilə bağlı bu mühüm axtarışa diqqət çəkmişdir:

Qədim yunanlardan bəri filosoflar “makinanın içindəki kabus”, “kiçik insanın içindəki kiçik insan” və s. üzərində düşünüblər. Mən – beyindən istifadə edən varlıq haradadır? Əsl görən kimdir? Assisili Müqəddəs Frensisin də dediyi kimi, “axtardığımız şey budur: baxan nədir?”404

İndi bunu düşünün: əlinizdəki kitab, içində oturduğunuz otaq, qısaca desək, qarşınızdakı bütün görüntüləri beyninizin içində görürsünüz. Bəs, bu görüntüləri atomlar görür? Həm də kor, kar, şüursuz atomlar... Nə üçün atomların bir hissəsi bu xüsusiyyətləri qazanıb, digərləri isə qazanmayıb? Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarətdir?

Bu sualları diqqətlə düşündükdə atomlarda iradə axtarmağın bir mənasının olmadığını görürük. Aydındır ki, görən, eşidən və hiss edən varlıq maddənin fövqündə olan bir varlıqdır. Bu varlıq “canlıdır” və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüz vasitəsilə qarşısındakı xəyallarla təmasda olur.

Bu varlıq “ruh”dur.

Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını və onların arasındakı kimyəvi reaksiyalar deyil, ruhdur.

Həqiqi mütləq varlıq

Bütün bu həqiqətlər bizi çox mühüm sualla qarşı-qarşıya qoyur: madam ki, bizim təmasda olduğumuz dünya əslində ruhumuzun gördüyü xəyallardır, elə isə bu xəyalların mənbəyi nədir?..

manzara, beyin

Bir mənzərəni seyr edən insan bu mənzərəni beynin arxasındakı qaranlıq görmə mərkəzində görür. Bəs, beynin içində bu mənzərəni seyr edən, gördüklərindən zövq alan gördüyü binaları tanıyan parlaq səmanı izləməkdən xoşlanan kimdir? Beyin hüceyrələri və ya atomlar görmək, eşitmək və zövq almaq kimi xüsusiyyətlərə sahib olmadıqlarına görə bütün bunları beynin içində seyr edən kimdir?

Bu suala cavab verərkən bu həqiqətə diqqət etmək lazımdır: biz maddəni ancaq xəyalımızda görürük, xarici aləmdəki əsli ilə əsla təmasda ola bilmərik. Maddə bizim üçün bir hiss olduğuna görə, “süni” bir şeydir. Yəni bu hiss başqa güc tərəfindən hazırlanmalı, daha açıq ifadə ilə desək, yaradılmalıdır, həm də müntəzəm surətdə yaradılmalıdır. Əgər müntəzəm yaratma olmasa, bu hisslər də yox olub gedər. Bu, bir televizorun ekranındakı görüntünün davam etməsi üçün yayımın müntəzəm davam etdirilməsinə bənzəyir.

Bəs, kim bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi müntəzəm olaraq seyr etdirir?

Məlumdur ki, içində yaşadığımız bütün maddi kainatı yaradan və müntəzəm olaraq yaratmağa davam edən üstün Yaradan var. Bu Yaradan bu qədər görkəmli yaradılış nümayiş etdirdiyinə görə də sonsuz güc və bilik sahibidir.

Belə ki, o Yaradan bizə endirdiyi kitab yolu ilə Özünü, kainatı və bizim nə üçün yaradıldığımızı izah edir.

O Yaradan Allah, kitabının adı isə Qurani-Kərimdir.

Göylərin və yerin, yəni kainatın sabit olmadığı, sadəcə Allahın yaratması ilə var olduqları və Allah yaratmağı dayandırdıqda yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)

Əlbəttə, bu ayədə maddi kainatın Allahın qüdrəti ilə saxlanılmasından bəhs olunur. Allah kainatı, Yeri, dağları, canlı-cansız bütün varlıqları yaratmışdır və onları hər an qüdrəti ilə nəzarətdə saxlayır. Allahın Xaliq sifəti bu maddi kainatda təzahür edir. Allah Xaliqdir, yəni hər şeyi yaradan, yoxdan var edəndir. Bu da bizə göstərir ki, beynimizdən kənarda Allahın yaratdığı varlıqlardan ibarət maddi kainat var. Ancaq Allah möcüzə və yaratmasındakı üstünlüyün və sonsuz elminin bir təzahürü kimi, bu maddi dünyanı bizə “xəyal”, “kölgə” və ya “görüntü” kimi seyr etdirir. Allahın yaratmasındakı mükəmməlliyin bir nəticəsi kimi, insan beynindən kənardakı dünya ilə əsla təmasda ola bilməz. Bu həqiqi maddi kainatı görə bilən ancaq Allahdır.

Fatir surəsindəki ayənin başqa izahı da insanların gördükləri maddi kainatın görüntülərini də Allahın hər an nəzarətdə saxlamasıdır. (Ən doğrusunu Allah bilir). Allah zehnimizə dünyanın görüntüsünü göstərməməyi istəsə, bütün kainat bizim üçün yox olar və bir daha əsla onu görə bilmərik.

Bizim maddi kainatın özü ilə əsla təmasda ola bilmədiyimiz insanların bir çoxunu maraqlandıran “Allah haradadır?” sualının cavabını da verir.

Girişdə bildirdiyimiz kimi, insanların əksəriyyəti Allahın gücünü qavraya bilmədiklərinə görə, Onu göydə bir yerdə mövcud olan və dünyanın işlərinə müdaxilə etməyən bir varlıq kimi düşünürlər. (Allahı tənzih edirik). Bu düşüncə tərzinin əsası kainatın maddələr bütünü olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerdə olduğuna əsaslanır.

Halbuki indiyə qədər təhlil etdiyimiz kimi, maddi kainatla əsla təmasda ola bilmədiyimiz kimi, onun mahiyyətini də tam şəkildə bilmirik. Yeganə bildiyimiz şey bütün bunları Yaradanın, yəni Allahın varlığıdır. İmam Rəbbani kimi böyük İslam alimi bu həqiqəti ifadə etmək üçün, “var olan tək mütləq varlıq yalnız Allahdır, Ondan başqa hər şey kölgə varlıqlardır” demişdir.

Çünki gördüyümüz dünya zehnimizdədir və bunun xarici dünyadakı əsli ilə təmasda olmağımız əsla mümkün deyil.

Bu təqdirdə Allahın əsla təmasda ola bilmədiyimiz maddi kainatın “xaricində” olduğunu düşünmək səhv olar.

Allah əslində “hər yerdədir” və hər yeri əhatə edir. Bu həqiqət Quranda belə açıqlanır:

... Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)

Allahın məkana tabe olmadığı və hər yeri əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, (O, hər şeyi) biləndir! (Bəqərə surəsi, 115)

Maddi varlıqlar Allahı görə bilməzlər, amma Allah Öz yaratdığı maddəni görür. Quranda “Gözlər Onu dərk etməz. O, gözləri dərk edər...” (Ənam surəsi, 103) şəkilində bu həqiqət xəbər verilir.

Yəni biz Allahın varlığını gözlərimizlə görə bilmərik, amma Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. O bilmədən biz bircə söz belə deyə bilməz, hətta nəfəs belə ala bilmərik.

“Xarici dünya” hesab etdiyimiz xəyalları seyr edərkən, yəni həyatımızı yaşayarkən də bizə ən yaxın olan varlıq Allahın Özüdür. Qurandakı “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlənmişdir. Bir insan öz bədəninin “maddədən” ibarət olduğunu zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Məsələn, “özü” zənn etdiyi yer beynidirsə, xarici aləm kimi qəbul etdiyi yer ondan 20-30 sm qədər müəyyən məsafədə olur. Amma maddə kimi qəbul etdiyi hər şeyin zehnindəki hisslər olduğunu qavradıqda artıq xarici aləm, daxili, uzaq, yaxın kimi anlayışlar mənasını itirir. Allah onu tamamilə əhatə etmişdir və ona “sonsuz dərəcədə yaxındır”.

Allah insanlara “sonsuz dərəcədə yaxın olduğunu” “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) çox yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Başqa bir ayədəki Rəbbin insanları ehtiva etmişdir (İsra surəsi, 60) ifadəsi də eyni həqiqəti xəbər verir.

İnsan özünə ən yaxın olan varlığın özü olduğunu hesab edərək yanılır. Halbuki Allah bizə özümüzdən belə daha yaxındır. “(Can) boğaza yetişdiyi zaman, Siz (ona) baxıb durursunuz, Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz!” (Vaqiə surəsi, 83-85) ayələri ilə də Allah bu həqiqətə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi, insanlar gözləri ilə görə bilmədikləri üçün bu qeyri-adi həqiqətdən xəbərsiz yaşayırlar.

Digər tərəfdən, İmam Rəbbaninin ifadəsi ilə kölgə varlıqdan başqa bir şey olmayan insanın Allahdan asılı olmaması, ayrıca, gücə malik olması da mümkün deyil. Belə ki, “Halbuki siz də, sizin etdiklərinizi də Allah yaratmışdır!” (Saffat surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın nəzarəti altında baş verdiyini göstərir. Quranda bu həqiqət bildirilir və “...atdığın zaman sən atmadın, Allah atdı... (Ənfal surəsi, 17) ayəsi ilə heç bir hərəkətin Allahın nəzarəti xaricində olmadığı vurğulanır. İnsan kölgə varlıq olduğu üçün, “atmaq” hərəkətini özü həyata keçirə bilməz. Ancaq Allah bu kölgə varlığa özünün atdığı hissini verir. Əslində isə bütün hərəkətləri həyata keçirən Allahdır.

Həqiqət budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan asılı olmayan varlıq hesab edə bilər, amma bu, heç nəyi dəyişdirmir.

Malik olduğunuz hər şey əslində xəyaldır...

Açıq şəkildə göründüyü kimi, bizim “xarici dünya” ilə birbaşa təmasda olmadığımız, Allahın müntəzəm olaraq ruhumuza göstərdiyi surəti ilə təmasda olduğumuz elmi və məntiqi həqiqətdir. Bəzi insanlar isə bu həqiqət üzərində düşünmək istəmirlər.

Bu mövzuda bir az səmimi düşünsəniz, evinizin, içindəki əşyalarınızın və ya antik əşyalarınız, yeni aldığınız avtomobilin, ofisinizin, qiymətli əşyalarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və malik olduğunuz digər şeylərin də əslində zehninizdə olduğu həqiqətini dərk edərsiniz. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, qoxuladığınız, qısada desək, beş duyğu orqanınızla qavradığınız hər şey bu “xəyali dünyaya” aiddir, ən çox sevdiyiniz müğənninin səsi, oturduğunuz stulun bərkliyi, qoxusu xoşunuza gələn ətir, sizi isidən günəş, rəngləri ilə insanı heyran edən çiçək, pəncərənizdən çöldə uçan bir quş, dənizdə sürətlə hərəkət edən motorlu qayıq, bol məhsul verən bağınız, işdə istifadə etdyiniz kompyuter və ya dünyadakı ən keyfiyyətli texnologiyaya malik musiqi mərkəziniz...

Bu, həqiqətdir, çünki dünya ancaq insanı sınamaq üçün yaradılan bir aləmdir. İnsanlar qısa həyatı boyu əsla əsli ilə təmasda olmayacaqları hisslərlə sınanırlar. Bu xəyallar isə, xüsusilə bərbəzəkli və cəlbedici göstərilir. Bu həqiqət Quranda belə xəbər verilir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)

İnsanların əksəriyyəti malik olduqları və ya olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılın, gümüşün, dolların, qiymətli daş-qaşın, qiymətli kağızların, kredit kartlarının, istifadə etdikləri paltarların, son marka avtomobillərin, qısaca desək, hər cür var-dövlətin sehri ilə dinlərini bir kənara qoyub axirəti unudur və ancaq dünyaya bağlanırlar. “İşim var”, “ideallarım var”, “öhdəliklərim var”, “vaxtım azdır”, “çatdırmalı işlərim var”, “sonra edəcəyəm” deyərək, dünyanın “bərbəzəkli və cəlbedici” tərəfində aldanaraq namaz qılmır, mallarını kasıblara vermir, axirət üçün qazanc olan ibadətlərə yönəlmirlər. Əksinə, ancaq dünyada qazanc əldə etməyə çalışaraq ömürlərini boş yerə sərf edirlər. “Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.” (Rum surəsi, 7) ayəsində məhz bu aldanma tərif edilir.

Kitabın bu bölməsində izah etdiyimiz həqiqət isə bütün bu dünyəvi istəkləri və həvəsləri mənasızlaşdırması baxımından çox vacibdir. Çünki bu həqiqətin başa düşülməsi insanların malik olduqları və olmağa çalışdıqları hər şeyin – mülklərinin, varlığı ilə öyündükləri övladlarının, özlərinə ən yaxın hesab etdikləri həyat yoldaşlarının, ən çox sevdikləri dostlarının, bədənlərinin, üstünlük hesab etdikləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin hər birinin kölgə varlıqdan ibarət olduğunu göstərir. Bu təqdirdə bu şeylər üçün onlarda olan həvəs və istək, sərf edilən zaman, göstərilən səylər də əbəs yerədir.

Deməli, bəzi insanlar malik olduqları mal və mülkləri, yaxtaları, vertolyotları, fabrikləri, şirkətləri, villaları ilə sanki onların əsli ilə təmasda olurmuş kimi öyündükdə əslində gülünc vəziyyətə düşürlər. Yaxtalarında səyahət edənlər, dostlarına avtomobilləri ilə lovğalananlar, zənginliklərini hər fürsət düşəndə dilə gətirənlər, mövqelərinin özlərini hər kəsdən üstün etdiyini zənn edənlər, bunlarla özlərini digərlərinə göstərdiklərini hesab edənlər əslində zehinlərindəki görüntülərə özlərini göstərdiklərini anladıqda nə vəziyyətə düşəcəklərini bilməlidirlər.

Bunların bənzərlərini yuxularında da tez-tez görürlər. Yuxularında da evləri, çox sürətli avtomobilləri, çox qiymətli daş-qaşları, qalaq-qalaq pulları, qızıl və gümüşləri var. Yuxularında da yüksək vəzifədə işləyir, minlərlə insanın işlədiyi fabrikləri olur, bir çox insana hökm edəcək qədər gücləri olur, hər kəsin heyran qaldığı paltarlar geyinirlər... Ancaq yuxuda malik olduqları ilə öyünmək onları necə gülünc vəziyyətdə qoyursa, eyni şəkildə bu dünyada təmasda olduqları görüntü ilə də öyünmək buna bərabərdir. Yuxularında gördükləri də, bu dünyada təmasda olduqları da zehinlərindəki görüntüdən ibarətdir.

Bunun kimi, dünyada yaşadıqları hadisələrə verdikləri reaksiyalar da həqiqəti anladıqda bu insanları utandıracaqdır. Özündən çıxaraq dalaşanlar, qışqıranlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanlara əziyyət verənlər, onları döyüb-söyənlər, azğın təcavüzkarlar, mövqe-vəzifə həvəsi üçün çalışıb-vuruşanlar, paxıllıq edənlər, lovğalananlar, özlərini üstün göstərməyə çalışanlar və digərləri bunları xəyal çərçivəsində etdiklərini dərk etdikcə rəzil olacaqlar.

Bütün kainatı yaradan və hər insana ayrı-ayrı göstərən Allah olduğuna görə, bu dünyadakı bütün malın həqiqi sahibi də ancaq Allahdır. Belə ki, bu həqiqət Quranda xüsusilə xəbər verilir:

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi ehtiva etmişdir. (Nisa surəsi, 126)

Əsli ilə təmasda olmadıqları istək və həvəslər uğrunda din əxlaqını bir kənara qoymaq və bunun nəticəsində sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Habelə insana sonsuz itki gətirir.

Burada bir cəhət çox yaxşı başa düşülməlidir: qarşılaşdığımız həqiqət “bütün bu malik olduğunuz və çox sevdiyiniz mallar, var-dövlət, uşaqlar, həyat yoldaşları, dostlar, mövqe, vəzifə sonradan yox olacaqdır, ona görə bir mənası yoxdur” demək deyil. “Bu malik olduqlarınızın heç birinin əsli ilə hal-hazırda onsuz da təmasda deyilsiniz, hamısı sadəcə beyninizdə seyr etdiyiniz xəyaldan ibarətdir, Allahın sizi sınamaq üçün göstərdiyi görüntüdür” deməkdir. Diqqət etsəniz, ikisinin arasında çox böyük fərq var.

İnsan bu həqiqəti hal-hazırda qəbul etmək istəməsə də və bütün malik olduqlarının mövcud olduğunu qəbul edərək özünü aldatsa da, nəticədə ölümündən sonra yenidən dirildikdə, yəni axirətdə hər şey çox açıq şəkildə ortaya çıxacaqdır. O gün insanın görmə qabiliyyəti “Sən bu gün sərrast görürsən!” (Qaf surəsi, 22) ayəsi ilə də bildirildiyi kimi iti olacaq və hər şeyi daha açıq dərk edəcəkdir. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin arxasınca qaçaraq sərf etmişsə, orada heç yaşamamağı diləyəcək, “Kaş o qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!” (Haqqa surəsi, 27-29) deyərək məhv olacaqdır.

Ağıllı insanın üzərinə düşən isə bütün kainatın bu ən böyük həqiqətini vaxt var ikən burada qavramağa çalışmaqdır. Əks-təqdirdə bütün ömrünü xəyalların ardınca qaçmağa sərf edib nəticədə böyük itkiyə uğrayar. Allah dünyada xəyallar arxasınca qaçıb Yaradanımız olan Allahı unudan bu insanların son vəziyyətlərini belə bildirir:

Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Materialistlərin məntiqi əsassızlığı

Bu bölmənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə, Allahın yoxdan yaratdığı və bizim də əsli ilə təmasda olmadığımız kölgə varlıq olduğu elmi cəhətdən sübut edildi. Materialistlər isə bütün fəlsəfi nəzəriyyələrini məhv edən bu açıq həqiqətə qarşı olduqca ehkamçı yanaşma ilə qarşı çıxır və əsassız əks-məntiqi fikirlər irəli sürürlər.

Məsələn, materialist fəlsəfənin XX əsrdəki tərəfdarlarından biri olan qatı marksist Corc Politzer maddənin əsli ilə təmasda olğununun böyük dəlili kimi “avtobus nümunəsini” vermişdir. Politzerin fikrincə, idealist mütəfəkkirlər də şossedə avtobus gördükdə əzilməmək üçün qaçır və bu maddənin əsli ilə təmasda olduqlarının sübutudur.405

Başqa bir tanınmış materialist Consona isə maddənin əsli ilə təmasda olmadığımız izah edildikdə daşlara təpik vuraraq onların əsli ilə təmasda olduğunu “sübut etməyə” çalışmışdr.406

Buna bənzər bir nümunə Politzerin məsləhətçisi və dialektik materializmin Marksla birlikdə banisi olan Fridrix Engels tərəfindən verilmiş, Engels “əgər yediyimiz tortlar xəyal olsaydı, aclıq hissini keçirməzdik” deyə yazmışdır.407

Marks, Engels, Lenin kimi materialistlərin kitablarında bu cür nümunələr və “maddənin varlığını şillə vurduqda anlayarsınız” kimi əsəbi cümlələr var.

Materialistlərin bütün bu misalları çəkmələrinə səbəb olan məntiqi əsassızlıq isə “maddənin əsli ilə təmasda ola bilmərik” izahını sadəcə görmə hissi ilə əlaqədar açıqlama kimi anlamalarıdır. Qavrama anlayışının sadəcə görmə ilə məhdudlaşdığını, toxunma hissi kimi duyğular vasitəsilə bizim birbaşa maddənin əsli ilə təmasda olduğumuzu hesab edirlər. Avtobusun insanı vurması haqqında “baxın, vurur, deməli, əsli ilə təmasda oluruq” deyirlər. Bunu anlamaqda çətinlik çəkdikləri cəhət avtobusun insanı vurması əsnasında baş verən bərklik, zərbə və ağrı kimi bütün hisslərin də əslində zehində əmələ gəlməsidir.

Yuxu nümunəsi

Halbuki beş duyğu hissinin hansına əsaslansaq da, xarici dünyanın beynimizdən kənarda mövcud olan əsli ilə heç vaxt təmasda ola bilmərik. Bunu bizə göstərən mühüm həqiqət o anda yox olan şeyləri yuxuda ikən mövcud olduqlarını hesab etməyimizdir. İnsan yuxuda çox real hadisələr yaşayır. Pilləkəndən yıxılaraq ayağı sınır, avtomobil qəzası keçirir, avtobusun altında qalır, acdıqda tort yeyərək doyur. Gündəlik həyatda rast gəlinən hadisələrin bənzəri yuxuda da eyni ilə inandırıcı şəkildə, eyni hisslərlə baş verir.

Yuxuda özünü avtobusun vurduğunu görən şəxs yuxuda qəzaya düşdükdən sonra gözünü xəstəxanada açar, şikəst olduğunu anlayar, lakin əslində bu bir yuxudur. Yuxuda avtomobil qəzasında öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər.

Yuxuda yaşadığı bütün bu hadisələrin görüntülərini, səslərini, bərklik hissini, ağrını, işığı, rəngləri – hər cür duyğunu olduqca aydın şəkildə hiss edir. Yuxuda təmasda olduğu hisslərin hamısı real həyatdakı kimi təbiidir. Yuxuda yediyi tort xəyaldan ibarət olmasına baxmayaraq, onu doydurur. Çünki doymaq da bir hissdir. Halbuki əslində o anda həmin şəxs çarpayıda uzanmış vəziyyətdədir. Ortada nə pilləkən, nə nəqliyyat, nə avtobus, nə tort var. Yuxuda olan şəxs xarici dünyada qarşılığı olmayan xəyal və hissləri yaşayır və görür. Yuxuda “xarici dünyada” heç bir maddi qarşılığı olmayan hadisələrin baş verməsi, görülməsi, hiss edilməsi “xarici dünya”nın bizim əsla mahiyyətini tam bilməyəcəyimiz bir aləm olduğunu sübut edir. Bu aləmin əsl mahiyyətini ancaq onu yaratmış uca Allahın vəhyindən öyrənə bilərik.

rüya

İnsan yuxuda başına gələn bütün hadisələrin gürünüşlərini, səslərini, sərtlik hissini, məsafəni, işığı, rəngləri və hər cür hissi çox aydın şəkildə hiss edir. Yuxuda qəbul etdiyi hisslərin hansı həqiqi həyatdakı kimi təbiidir. Yuxuda tort yeyir və hisslərdən ibarət olmasına baxmayaraq doyur. Çünki doymaq da bir hissdir. Ancaq həqiqətdə həmin insan yataqda uzanmış vəziyyətdədir. Ətrafda nə nərdivan, nə tıxac, nə avtobus və nə də tort var. Yuxudakı insan xarici aləmdə qarşılığı olmayan hissləri görür. Yuxuda “xarici aləm”də heç bir maddi qarşılığı olmayan hadisələrin görünməsi, hiss edilməsi “xarici aləm”in bizim heç bir zaman mahiyyətini tam olaraq bilməyəcəyimiz bir aləm olduğunu sübut edir. Bu aləmin əsl mahiyyətini ancaq onu yaradan uca Allahın vəhyindən öyrənə bilərik.

Materialist fəlsəfəni mənimsəyənlərə, xüsusilə də marksistlərə bu həqiqət izah edildikdə əsəbləşirlər. Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahil məntiqi fikirlərindən misallar çəkir, coşğu ilə bunları izah edirlər.

Əslində isə bu şəxslər eyni açıqlamaları yuxularında da etdiklərini düşünməlidirlər. Yuxuda da “Kapital” əsərini oxuyur, mitinqlərə qoşulur, başlarına daş dəyir və hətta bu yaranın ağrını da hiss edirlər. Yuxuda onlardan soruşduqda o an gördükləri şeyləri də “mütləq maddə” hesab edirlər. Eyni ilə oyaq vəziyyətdə gördükləri şeyləri də “mütləq maddə” hesab etdikləri kimi. Amma istər yuxuda, istərsə gündəlik həyatda olsun, gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin xəyal olduğunu və onların mənbəyi ilə heç vaxt təmasda olmayacaqlarını bilməlidirlər.

Sinirləri paralel birləşdirmə nümunəsi

Politzerin nəqliyyat qəzası nümunəsinə nəzər salaq: bu qəzada avtobusun altında əzilən şəxsin beş duyğu orqanından beyninə gedən sinirlər başqa bir insanın, məsələn, Corc Politzerin beyninə paralel şəkildə bağlansa, qəzadakı adamı avtobus vurduğu halda o əsnada evində oturan Politzeri də avtobus vuracaqdır. Daha doğrusu, qəzaya düşən insanın yaşadığı hisslərin hamısını bir maqnitofona bağlanan iki ayrı səsgücləndiricidən eyni mahnının dinlənməsinə bənzər şəkildə Politzer də keçirəcəkdir. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, sınmış qol və axan qanın görüntülərini, sınığın ağrılarını, əməliyyat otağına daxil edilməsinin görüntülərini, gipsin bərkliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaqdır.

Qəzadakı adamın sinirləri neçə nəfərə bağlansa, onların hamısı eynilə Politzer kimi qəzanı əvvəlindən sonuna qədər yaşayacaqdır. Qəzadakı adam komaya düşsə, hamısı komaya düşəcəkdir. Hətta sözügedən nəqliyyat qəzasına aid hisslərin hamısı bir cihaza qeyd edilsə və bu qeyd olunmuş hisslər əvvəlindən sonuna qədər bir neçə dəfə eyni şəxsə elektrik siqnalı şəklində göndərilsə, bu şəxsi dəfələrlə avtobus vuracaq.

Belə olan halda bu insanlardan hansını vuran avtobus həqiqidir? Materialist fəlsəfənin bu suala verəcəyi ziddiyyətsiz cavab yoxdur. Doğru cavab budur: nəqliyyat qəzası bu insanların hamısının zehnində bütün təfərrüatı ilə baş verir.

Tort və daşa təpik vurma misallarına da eyni vəziyyət aiddir. Tort yedikdə mədəsində tortun toxluğunu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel şəkildə ikinci bir şəxsin beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o şəxs də tort yeyəcək və doyacaq. Daşa təpik vurduqda ayağı ağrıyan materialist Consonun sinirləri paralel şəkildə başqa bir şəxsə bağlansa, bu şəxs də daşa təpik vuracaq və ayağı ağrayacaq.

bilgisayar, beyin

Süni olaraq yaradılan xəbərdarlıqlar nəticəsində əsli qədər həqiqi və canlı maddi aləm yaradılır. Verilən süni xəbərdarlıqlar nəticəsində insan gerçəkdə evdə oturduğu təqdirdə təyyarə idarə etdiyini zənn edə bilər.

Bəs, hansı tort və hansı daş həqiqidir? Materialist fəlsəfə buna da ziddiyyətsiz cavab verə bilmir. Doğru və ziddiyyətsiz cavab budur: həm Engels, həm də digər şəxs tortu öz beyinlərində yeyib doyurlar. Həm Conson, həm də ikinci şəxs daşa təpik vurma anını beyinlərində bütün təfərrüatı ilə yaşayırlar.

Yuxarıda Politzerlə əlaqədar verdiyimiz nümunədə belə bir dəyişikik edək: evində oturan Politzerin sinirlərini avtobusun vurduğu adamın beyninə, avtobus vuran adamın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu halda isə Politzer əslində evində oturduğu halda onu avtobus vurduğunu zənn edəcək, avtobus vuran adam isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla dərk etməyəcək, çünki özünün evdə oturduğunu düşünəcəkdir. Bu məntiq tort və daşa təpik vurma nümunələrinə də aiddir.

Bütün bunlar materializmin nə qədər böyük doqma olduğunu üzə çıxarır. Bu fəlsəfə maddənin yeganə varlıq olduğu fərziyyəsi üzərində qurulmuşdur. Halbuki insan maddənin əsli ilə əsla təmasda olmur ki, hər şeyin maddədən ibarət olduğunu iddia etsin. Təmasda olduğumuz kainat əslində zehnimizdə gördüyümüz xəyallardan ibarətdir. İngilis filosof Devid Hyum bu həqiqət haqqındakı düşüncələrini belə ifadə etmişdir:

Səmimi desəm, “özüm” dediyim şeyə daxil olduğum zaman mən isti və ya soyuğa, işıq və ya kölgəyə, sevgi və ya nifrətə, ağrı və ya ləzzətə dair xüsusi bir hissə və ya başqa bir şeyə daim rast gəlirəm. Mən hər hansı bir hiss olmadan heç vaxt özümü tapa bilmərəm və əsla xəyaldan başqa bir şeyi müşahidə edə bilmərəm.408

Bu xəyallar sərhəddini aşaraq maddənin əslini heç vaxt qavraya bilməyəcəyimizə görə təmasda ola bilmədiyimiz “maddə” haqqında fəlsəfi fikirlər irəli sürmək, daha doğrusu “maddəni” təmasda olduğumuz mütləq varlıq kimi qəbul etmək tamamilə cəfəngiyyatdır... Bu səbəbdən, materializm başından bəri süqut etmiş nəzəriyyədir.

Hisslərin beyində əmələ gəldiyi fəlsəfə deyil, elmi həqiqətdir

Materialistlər burada izah etdiklərimizin fəlsəfi fikir olduğunu iddia edirlər. Lakin “xarici aləmdəki” maddi dünyanı deyil, beynimizdəki dünyanı gördüyümüz fəlsəfə deyil, elmi həqiqətdir. Görüntünün və hisslərin beyində necə əmələ gəldiyi bütün tibb fakültələrində hərtərəfli şəkildə öyrədilir. Başda müasir fizika olmaqla XX əsr elminin ortaya qoyduğu həqiqətlər maddənin əsli ilə heç vaxt təmasda olmadığımızı, hər kəsin bir növ “beynindəki ekranı” seyr etdiyini açıq şəkildə göstərir.

Bunu istər ateist, istər buddist, istərsə də başqa bir düşüncə tərzinə malik olan adam olsun, elmə inanan hər kəs qəbul etməlidir. Bir materialist öz ağlına görə Allahın varlığını inkar edə bilər, amma bu elmi həqiqəti inkar edə bilməz.

Yaşadıqları dövrlərin elmi səviyyəsi və elmi imkanları kafi olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq həqiqəti qavraya bilməmələri təəccüblüdür. Amma dövrümüzdə elmin və texnologiyanın imkanları olduqca inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu həqiqətin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa, həm bu mövzunu qavramağın, həm də bu mövzunun öz fəlsəfi nəzəriyyələrini necə qəti şəkildə çökdürdüyünü dərk etməyin qorxusunu yaşayırlar.

Materialistlərin böyük qorxusu

Türkiyədəki materialist kütlələrdən əlinizdəki kitabda izah edilən bu mövzuya, yəni maddənin zehində qavranıldığı həqiqətinə bir müddət açıq-aşkar reaksiya verilmədi. Bu isə bizdə bu mövzunun kifayət qədər izah edilmədiyini və daha hərtərəfli izaha ehtiyac olduğu şəklində təsəvvür verdi. Ancaq qısa müddət sonra materialistlərin əslində bu mövzunun gündəmə gətirilməsindən çox narahat olduqları, hətta bundan böyük qorxuya düşdükləri açıq şəkildə üzə çıxdı.

Materialistlər yaşadıqları bu qorxu və panikanı bir müddət sonra öz mətbuat orqanlarında, konfranslarında, lövhələrdə xəbər verməyə başladılar. İstifadə etdikləri narahat və ümidsiz üsluba baxdıqda ideoloji cəhətdən ciddi sarsıntı keçirdikləri başa düşülürdü. Fəlsəfi nəzəriyyələrinin “əsası” olan təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdürülməsi ilə onsuz da ciddi həyəcan keçirməyə başlamışdılar. Ancaq indi darvinizmdən daha əhəmiyyətli əsaslarını, məhz maddənin mütləqliyi inancını itirməyə başladıqlarını anladılar və daha böyük sarsıntı keçirdilər. Bu mövzunun onlar üçün “ən böyük təhlükə” olduğundan bəhs etməyə başladılar.

Türkiyədəki materialist kütlələrin yaşadığı bu narahatlıq və panikanı ən açıq şəkildə ifadə edənlərdən biri materializmi müdafiə etməyi boynuna məsuliyyət kimi götürmüş “Elm və utopiya” jurnalının müəllifi və eyni zamanda bir təlim üzvü olan Rennan Pekünlü oldu. Pekünlü istər sözügedən jurnalda yazdığı məqalələrdə, istərsə də bəzi KİV-lərdə “Təkamül yalanı” kitabını bir nömrəli “təhlükə” kimi göstərdi. Pekünlünü ən çox narahat edən mövzu isə kitabın darvinizmi əsassız edən bölmələrinin sonunda verilmiş, hal-hazırda oxuduğumuz bu mövzu idi. Oxucularına və (olduqca az saydakı) dinləyicilərinə “əsla idealizmin bu təlqinlərinə inanmayın, materializmə olan sədaqətinizi qoruyun” deyə müraciət edən Pekünlü Rusiyadakı qanlı kommunist inqilabının lideri Vladimir İliç Leninin ideologiyasına əsaslanırdı. Leninin bir əsr əvvəl yazdığı “Materializm və imperiokritisizm” adlı kitabı oxumağı hər kəsə məsləhət görən Pekünlünün etdiyi yeganə şey isə yenə Leninə aid olan “əsla bu mövzu üzərində düşünməyin, yoxsa materializmi itirərsiniz və dinə qapılarsınız” şəklindəki xəbərdarlıqları təkrarlamaq oldu. Pekünlü sözügedən materialist mətbuat orqanında yazdığı bir məqalədə Lenindən aşağıdakı sətirləri sitat gətirirdi:

Duyğu orqanlarımızla qəbul etdiyimiz maddi reallığı bir dəfə inkar etdinmi, şübhəçiliyə (aqnostisizm) və subyektivizmə meyl edəcəyinə görə fideizmə (dini inanca) qarşı istifadə edəcəyin bütün silahları itirərsən, bu da fideizmin istədiyi şeydir. Barmağını versən, əvvəlcə qolun, sonra bütün bədənin gedər. Duyğuları maddi dünyanın görüntüsü kimi deyil, xüsusi ünsür kimi qəbul etdikdə, başqa sözlə, materializmdən soyuduqda mənliyini fideizmə təslim edərsən. Sonra duyğular heç kimin duyğularına çevrilər, şüur heç kimin şüuru, ruh heç kimin ruhu, iradə heç kimin iradəsi olar.409

Bu sətirlər Leninin böyük qorxu ilə fərqinə vardığı və həm öz başından, həm də “yoldaşlarının” başından silmək istədiyi həqiqətin dövrümüzün materialistlərini də eyni şəkildə narahat etdiyini göstərir. Amma Pekünlü və digər materialistlər Lenindən daha artıq narahat olurlar, çünki bu həqiqətin bundan 100 il əvvələ görə daha qəti şəkildə aşkar edildiyini dərk edirlər. Bu mövzu bütün dünya tarixində ilk dəfə bu qədər israrlı şəkildə izah edilir.

Amma yenə də bir çox materialist elm adamının “maddənin əsli ilə təmasda olmadığımız” həqiqətini olduqca səthi düşüncə tərzi ilə dəyərləndirdiyi göz qarşısındadır. Çünki burada izah edilən mövzu bir insanın həyatında qarşılaşdığı ən mühüm, ən həyəcanlı mövzulardan biridir. Bu qədər təsirli həqiqət ilə daha əvvəl rastlaşmaları mümkün deyil. Buna baxmayaraq, sözügedən elm adamlarının verdiyi reaksiyalar, nitq və əsərlərindəki üslub olduqca dayaz və səthi qavrayışa malik olduqlarını göstərir.

Belə ki, bəzi materialistlərin burada izah edilənlərə verdiyi reaksiyalar materializmə olan kor-koranə bağlılıqlarının onlarda bir cür məntiqi pozulma əmələ gətirdiyini və bu səbəbdən mövzunu anlaya bilmədiklərini göstərmişdir. Məsələn, “Elm və utopiya”nın müəllifi və təlim üzvü olan Alaeddin Şenel Rennan Pekünlü kimi “darvinizmin süqut etdirilməsi bir tərəfə qalsın, əsl təhlükə bu mövzudur” deyə xəbərdarlıq etmiş, öz fəlsəfəsinin heç bir əsası olmadığını hiss etdiyi üçün də “elə isə siz izah etdiklərinizi sübut edin” mənasını verən tələblər irəli sürmüşdür. Ancaq əsl maraqlı cəhət sözügedən müəllifin təhlükə kimi gördüyü bir həqiqəti heç cür qavraya bilmədiyini göstərən sətirlər yazmasıdır.

Məsələn, Şenel tamamilə bu mövzudan bəhs etdiyi bir məqaləsində xarici aləmin beyinin içində görüntü şəklində hiss edildiyini qəbul etmişdir. Amma görüntülərin maddi qarşılığı olan və olmayan görüntülər olaraq iki yerə bölündüyünü söyləyərək, xarici dünya ilə əlaqədar görüntülərin maddi qarşılığı ilə təmasda olmağın mümkün olduğunu irəli sürmüşdür. Bu iddiasını dəstəkləmək üçün də “telefon misalı” çəkmişdir. Qısaca desək, “beynimdəki görüntülərin xarici aləmdə qarşılığı olub-olmadığını bilmirəm, amma eyni şey telefon söhbətinə də aiddir, telefonla danışarkən qarşımdakı şəxsi görmürəm, amma sonradan üz-üzə söhbət edərkən bu söhbəti sübut edə bilərəm” deyə yazmışdır.410

Sözügedən müəllif yuxarıdakı bənzətmə ilə buna işarə edir: “Əgər hisslərimizdən şübhələniriksə, maddənin əslinə baxıb real olub-olmadığını yoxlaya bilərik”. Halbuki bu açıq-aşkar xətadır, çünki biz maddənin əsli ilə əsla təmasda ola bilmərik. Əsla beynimizdən kənara çıxıb “xarici aləmdə” olan bir şeylə təmasda ola bilmərik. Telefondakı səsin qarşılığının olub-olmadığı telefondakı şəxslə təsdiqlənə bilər, amma bu təsdiqlənmə də elə beynimizdə baş verir.

Belə ki, bu şəxslər eyni hadisələri yuxularında da yaşayırlar. Məsələn, Şenel yuxuda da telefonla danışdığını, ardınca bunu danışdığı şəxsə təsdiqlətdiyini görə bilər. Pekünlü yuxuda da “böyük təhlükə” ilə üz-üzə olduğunu hiss edib qarşısındakı insanlara Leninin bir əsr əvvəlki əsərlərini tövsiyə edə bilər. Amma sözügedən materialistlər nə etsələr də, yaşadıqları hadisələrin, danışdıqları adamların ancaq hissdən ibarət olduğu həqiqətini inkar edə bilməzlər.

Elə isə beyindəki görüntülərin qarşılığı kimə təsdiqlənəcək? Beyində seyr edilən kölgə varlıqlara? Şübhəsiz ki, materialistlərin beyindən xaricdəki aləmə aid məlumat verən, onu təsdiqləyən məlumat mənbəyini tapması mümkün deyil.

Hər cür hissin beyində əmələ gəldiyini qəbul etmək, amma istədikdə beyindən “xarici aləm”ə çıxıb hisslərin xarici aləmlə təsdiqlənə biləcəyini zənn etmək isə bir insanın anlama səviyyəsinin məhdud olduğunu, məntiqsiz olduğunu göstərir.

Halbuki burada izah edilən həqiqət normal anlama səviyyəsinə və məntiqə malik bir insan tərəfindən dərhal asanlıqla başa düşülən mövzudur. Ön mühakimə ilə davranmayan bir insan bu izah edilənlərə uyğun olaraq xarici aləmin əsli ilə duyğu orqanları vasitəsilə təmasda ola bilməyəcəyini anlayar. Ancaq göründüyü kimi, materializmə olan kor-koranə bağlılıq insanların dərk etmə qabiliyyətini pozur. Buna görə, dövrümüzdəki materialistlər də maddənin əsli ilə təmasda olduqlarını daşa təpik vuraraq və ya tort yeyərək “sübut etməyə” çalışan məsləhətçiləri kimi ciddi məntiqi pozuntularını göstərirlər.

Bunun əslində təəccüblü vəziyyət olmadığını da bildirmək lazımdır. Çünki dərk etməmək, yəni dünyanı və hadisələri normal məntiq çərçivəsində dəyərləndirməmək inkarçıların ortaq vəsfidir. Allah Quranda inkarçıların “anlamaz bir tayfa” (Maidə surəsi, 58) olduqlarını bildirir.

Materialistlər tarixin ən böyük tələsinə düşüblər

Türkiyədəki materialist dairələrdə əmələ gələn və burada sadəcə bir neçə nümunəsini verdiyimiz panika atmosferi əslində materialistlərin tarix boyu qarşılaşmadıqları məğlubiyyətlə üzləşdiklərini göstərir. Maddənin əsli ilə təmasda olmadığımız həqiqəti müasir elm tərəfindən sübut edilmişdir. Materialistlər bütün fəlsəfi nəzəriyyələrini əsaslandırdıqları maddi dünyanın əslində əsla aşa bilməyəcəkləri hiss hüdudunun fövqündə olduğunu görür və buna qarşı heç nə edə bilmirlər.

Bəşəriyyət tarixi boyu materialist düşüncə tərzi həmişə mövcud olmuşdur və bu şəxslər özlərindən və müdafiə etdikləri fəlsəfi nəzəriyyədən əmin şəkildə onları yaratmış Allaha qarşı çıxıblar. Ortaya atdıqları ssenariyə əsasən, maddə əzəli və əbədidir və bütün bunların bir Yaradanı ola bilməz. Ancaq təkəbbürlərinə görə Allahı inkar edərkən təmasda olduqlarını zənn etdikləri maddənin arxasına sığındılar. Bu fəlsəfədən o qədər əmin idilər ki, heç vaxt bunun əksini sübut edəcək açıqlama olmayacağını düşünürdülər.

Elə buna görə maddənin əsli ilə əlaqədar olaraq bu kitabda izah edilən həqiqətlər bu şəxsləri böyük heyrətə salmışdır. Çünki burada izah edilənlər fəlsəfi düşüncə tərzlərini kökündən silmiş, bu barədə mübahisəyə belə imkan verməmişdir. Bütün düşüncələrini, həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə əllərindən bir anda çıxmışdır. Heç bir insan maddənin əslini görməmişdir ki, buna əsaslanan fəlsəfi nəzəriyyə də olsun.

Allahın isimlərindən biri inkarçılara tələ qurmasıdır. ”… sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal surəsi, 30) ayəsi ilə bu həqiqət bildirilir.

Allah maddəni mütləq varlıq zənn etdirib materialistləri tələyə salmış və alçaltmışdır. Mallarını, mülklərini, mövqelərini, statuslarını, yaşadıqları cəmiyyəti, bütün dünyanı mütləq varlıq hesab etmişlər, həm də bunlara güvənib Allaha qarşı təkəbbür göstərmişlər. Lovğalanıb Allaha üsyan etmiş və inkarda həddi aşmışlar. Bunları edərkən də güc aldıqları yeganə şey maddənin mütləqliyi inancı olmuşdur. Amma Allahın onları hər tərəfdən əhatə etdiyini heç düşünməmişdilər. Allah inkarçıların anlayışsız olduqlarına görə düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! (Tur surəsi, 42)

Bu, bəlkə də tarixdəki ən böyük məğlubiyyətdir. Materialistlər lovğalanarkən əslində böyük tələyə düşüblər. Allaha qarşı çirkin cəsarət göstərib başladıqları mübarizədə qəti şəkildə məğlub olublar. “Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin fərqinə varmazlar.” (Ənam surəsi, 123) ayəsi Yaradanımız olan Allaha qarşı çıxan bu cür inkarçıların necə şüursuz olduqlarını və necə bir sonla qarşılaşacaqlarını ən açıq şəkildə xəbər verir.

Başqa bir ayədə isə bu həqiqət belə vurğulanır:

Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. (Bəqərə surəsi, 9)

İnkarçılar öz ağıllarına görə tələ qurmağa çalışarkən ayədəki “fərqinə varmazlar” ifadəsi ilə açıqlandığı kimi, çox mühüm həqiqəti dərk etməyiblər: yaşadıqları bütün hadisələrin əslində zehinlərində baş verdiyini və etdikləri hər hərəkət kimi, qurduqları tələlərin də zehinlərində əmələ gəldiyi həqiqətini.... Bu səbəbdən də Allahla tək olduqlarını unudaraq öz-özlərini tələyə salıblar.

Hər dövrdə olduğu kimi, bu dövrdə də Allah inkarçıların bütün hiylələrini kökündən məhv edəcək həqiqətlə onları qarşılaşdırmışdır. Allah “... Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir! (Nisa surəsi, 76) ayəsi ilə bu hiylələrinin elə ilk qurulduğu anda puç olacağını da xəbər vermişdir. Möminləri də ... onların hiyləsi sizə heç bir zərər yetirməz...” (Ali-İmran surəsi, 120) ayəsi ilə müjdələmişdir. Allah başqa bir ayəsində “kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər...” (Nur surəsi, 39) deyə xəbər verir. Materializm də bu ayədə işarə edildiyi kimi, üsyan edənlər üçün “ilğıma” bənzəyir, ona güvənib əllərini uzatdıqda bu fəlsəfi düşüncənin aldadıcı olduğunu anlayırlar. Allah onları belə bir ilğımla aldatmış, maddəni mütləq varlıq kimi göstərmişdir. “Böyük” insanlar, professorlar, astronomlar, bioloqlar, fiziklər statusları, mövqeləri nə olsa da, maddəni özlərinə ilah etdiklərinə görə bu tələyə düşmüş, uşaq kimi aldanmış və alçalmışlar. Əsla əsli ilə təmasda ola bilmədikləri maddəni mütləq hesab edərək onun üzərində fəlsəfi nəzəriyyələrini, ideologiyalarını qurmuş, haqqında ciddi mübahisəyə girmiş, “intellektrual” məfhumlardan istifadə etmişlər. Bütün bunlara görə də özlərini çox ağıllı hesab etmişlər, kainatın həqiqəti haqqında fikir irəli sürəcəklərini düşünmüş və öz məhdud ağılları ilə Allahı izah edə biləcəklərini hesab etmişlər. Allah onların içinə düşdükləri bu vəziyyəti bir ayəsində belə bildirir:

Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir). (Ali-İmran surəsi, 54)

Dünyada bəzi hiylələrdən xilas olmaq olar, ancaq Allahın inkar edənlərə qurduğu bu tələ o qədər dərindir ki, əsla xilas yolu qalmamışdır. Nə etsələr də, kimə müraciət etsələr də, Allahdan onları xilas edəcək başqa köməkçi tapmaları da mümkün deyil. Allahın Quranda xəbər verdiyi kimi “... Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!”. (Nisa surəsi, 173)

Materialistlər bu cür tələyə düşəcəklərini heç gözləmirdilər. XXI əsrin bütün imkanlarının əllərində olduğunu, asanlıqla inkarda israr edəcəklərini və insanları da inkara dəvət edəcəklərini hesab edirdilər. Allah inkarçıların tarix boyu malik olduqları bu təfəkkürü və uğradıqları sonu Quranda belə xəbər vermişdir:

Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik. Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların özlərini də, tayfalarını da büsbütün yox etdik. (Nəml surəsi, 50-51)

Ayələrdə izah edilən həqiqətin bir mənası da budur: materialistlərə malik olduqları hər şeyin əslində beyinlərində əmələ gəldiyi açıqlanmış, yəni əllərindən hər şey tamamilə çıxmışdır. Onlar mütləq varlıq hesab etdikləri mallarının, fabriklərinin, qızıllarının, pullarının, uşaqlarının, həyat yoldaşlarının, mövqe və məqamlarının, hətta öz bədənlərinin əllərindən çıxdığına şahidlik edərkən bir mənada “yox olmuşlar”. Maddənin deyil, Allahın mütləq varlıq olduğu həqiqəti ilə üz-üzə gəlmişlər.

Şübhəsiz ki, bu həqiqəti dərk etmək materialistlər üçün ən dəhşətli hadisədir. Çünki çox güvəndikləri maddənin onlardan keçilməz sərhədlə ayrılması, öz ifadələri ilə, onlar üçün hələ dünyada ikən “ölmədən ölüm” hökmündədir.

Bu həqiqət üzə çıxdıqdan sonra bir Allah, bir də özləri qalmışdır. Belə ki, Allah “Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Müddəssir surəsi, 11) ayəsi ilə hər insanın Öz qatında əslində tamamilə tək olduğu həqiqətinə diqqət çəkmişdir. Bu qeyri-adi həqiqət bir çox ayə ilə də xəbər verilmişdir:

Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda (dünyada) qoyub gəlmisiniz... (Ənam surəsi, 94)

Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 95)

Bu ayələrdə izah edilən həqiqətin bir mənası da budur: maddəni özlərinə ilah edənlər Allahdan gəlmiş və yenə Ona qayıtmışdır. İstəsələr də, istəməsələr də, Allaha təslim olmuşlar. İndi hesab gününü gözləyir və o gün hamısı bir-bir sorğu-sual olunacaqlar. Nə qədər anlamaq istəməsələr də...

Mövzunun əhəmiyyəti

Bu bölmədə izah etdiyimiz maddənin ardındakı sirr mövzusunu doğru qavramaq olduqca vacibdir. Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, qısaca desək, gördüyümüz hər şey Allahın Quranda mövcud olduğunu, yoxdan var etdiyini bildirdiyi hər varlıq yaradılmışdır və vardır. Ancaq insanlar bu varlıqların əslini duyğu orqanları vasitəsilə görə, hiss edə və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri bu varlıqların beyinlərindəki surətləridir. Bu elmi həqiqətdir və bu gün tibb fakültələri də daxil olmaqla bütün təhsil müəssisələrində öyrədilən elmi həqiqətdir. Məsələn, hal-hazırda bu yazını oxuyan bir insan bu yazının əslini görə bilməz, bu kitabın əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Bu elektrik siqnalı beyinin arxasındkı görmə mərkəzinə gedərək bu mərkəzi xəbərdar edir və insanın beyninin arxasında bu yazının görüntüsü əmələ gəlir. Yəni siz hal-hazırda gözünüzlə gözünüzün önündəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz yazı beyninizin arxasındakı “yazının surətidir”. Bu yazının əslini isə Allah görür.

Ancaq unutmaq olmaz ki, maddənin beynimizdə əmələ gələn bir xəyal olması onu “yox” olması demək deyil. Bizə insanın təmasda olduğu maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda olmaması həqiqətidir. Xarici aləmdəki maddənin varlığına gəlincə bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri – katib təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Xatırla ki, sağında və solunda (onun bütün əməllərini) təsbit edən iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən vardır! (Qaf surəsi, 17-18)

Ən əsası odur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür təfərrüatı ilə Allah yaratmışdır və Allah hər forması ilə görür. Quran ayələrində belə xəbər verilir:

...Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir! (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!” (İsra surəsi, 96)

Bundan başqa, unutmamalıyıq ki, Allah bütün hadisələri “Lövhi-Məhfuz” adlı kitabda qeyd etmişdir. Biz görməsək də, onların hamısı Lövhi-Məhfuzda var. Hər şeyin Allah qatında, Lövhi-Məhfuz adlandırılan “Ana kitab”da qorunduğu belə bildirilir:

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir. (Zuxruf surəsi, 4)

... Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab vardır! (Qaf surəsi, 4)

Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda olmasın! (Nəml surəsi, 75)

Nəticə

Buraya qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə danışılmış ən böyük həqiqətlərdən biridir. Çünki gördüyümüz və maddi dünya dediyimiz hər şeyin əslində zehnimizdə olduğunu, maddi dünyanın xarici aləmdə olan əsli ilə heç vaxt birbaşa təmasda ola bilmədiyimizi sübut edən bu mövzu Allahın varlığının və yaratmasının qavranmasının, Onun yeganə mütləq varlıq olduğunun başa düşülməsinin əsas vasitəsidir.

Bu mövzunu anlayan insan dünyanın insanların çoxunun hesab etdiyi kimi bir yer olmadığını dərk edər. Dünya küçələrdə məqsədsiz şəkildə gəzənlərin, barlarda dalaşanların, lüks kafelərdə bir-birlərinə lovğalananların, malları ilə öyünənlərin, həyatlarını boş məqsədlərə həsr edənlərin hesab etdiyi kimi, əslində mövcud olan mütləq yer deyil. Zehnimizdə seyr etdiyimiz və əsli ilə təmasda ola bilmədiyimiz görüntüdür. Sadaladığımız insanların hamısı bu görüntüləri zehinlərinin içində seyr edir, amma bunu dərk etmirlər.

Bu mövzu çox əhəmiyyətlidir və Allahı inkar edən materialist fəlsəfəni kökündən çökdürür. Marks, Engels, Lenin kimi materialistlərin bu mövzunu eşitdikdə panikaya düşmələri, əsəbləşmələri, tərəfdarlarını “əsla düşünməyin” deyə xəbərdar etmələri buna görədir. Əslində bu şəxslərin hisslərin beyində əmələ gəldiyi həqiqətini belə qavramayacaq qədər böyük əqli zəiflikləri var. Beyinlərinin içində seyr etdikləri dünyanı “xarici aləm” hesab edir, bunun əksini göstərən açıq-aydın dəlilləri isə heç cür anlaya bilmirlər.

Bu qəflət Allahın inkarçılara verdiyi əqli çatışmazlığın bir nəticəsidir. Çünki Quranda bildirildiyinə əsasən, inkarçıların “...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf surəsi, 179)

Bu xüsusdan sonrasını öz səmimi düşüncənizlə də tapa bilərsiniz. Bunun üçün, diqqətinizi toplayaraq fikrinizi cəmləməli, ətrafınızdakı cisimləri necə gördüyünüz və onlara necə toxunduğunuz haqqında düşünməlisiniz. Əgər diqqətlə düşünsəniz, görən, eşidən, toxunan, düşünən və hal-hazırda bu kitabı oxuyan ağıllı varlığın sadəcə bir ruh olduğunu və sanki bir növ pərdə üzərində “maddə” adlanan qavrayışları seyr etdiyini hiss edə bilərsiniz. Bunu qavrayan insan bəşəriyyətin böyük qismini aldadan maddi dünya ölçüsündən uzaqlaşıb gerçək varlıq ölçüsünə daxil olur.

Haqqında danışdığımız həqiqəti tarix boyu bəzi dindarlar və ya filosoflar anlamışdır. Bu həqiqəti səhv anlayan və bütün məxluqatın varlığını inkar edən “Vəhdəti-vücud” fikri səhv yola aparsa da, böyük mücəddid İmam Rəbbani bu mövzunu doğru qiymətləndirmişdir. İmam Rəbbaninin fikrincə, bütün varlıqlar Allahla müqayisədə “kölgə varlıqdır”. İmam Rəbbani, Muhyiddin Ərəbi, Mövlana Cami kimi İslam alimləri bu həqiqəti Quran işarələri və ağıl yolu ilə tapmışdır. Corc Berkeley kimi qərb filosofları da eyni həqiqəti ağıl yolu ilə qavramışdır. İmam Rəbbani bütün maddi kainatın “xəyal və vəhm (hiss)” olduğunu və yeganə mütləq varlığın da Allah olduğunu “Məktubat”ında belə izah etmişdir:

Allah... yaratdığı varlıqların bədənlərini yoxluqdan başqa heç nə etmədi... Bütün bunları hiss və vəhm (xəyal) dərəcəsində yaratdı... Aləmin varlığı hiss və vəhm dərəcəsindədir, maddi dərəcədə deyil... Həqiqi mənada xarici aləmdə uca Zatdan (Allahdan) başqası yoxdur. (Sitat azərbaycan dilinə çevrilmişdir). (İmam Rəbbani hz-nin məktubları, II cild, 357-ci məktub)

İslam təsəvvüfü mövzusunda mütəxəssis olan Əbdulhəkim Bilgə “Mütləq varlıq, kölgə varlıq və yoxluq” adlı məqaləsində İmam Rəbbaninin bu mövzuda qoyduğu doğru təsbiti belə xülasələyir:

İmam Rəbbaninin nəzərində aləm “yoxluq” mərtəbələrindən ibarətdir ki, İlahi isimlər və sifətlər elm dairəsindən o yoxluq mərtəbələrinə əks olunmuş və xarici aləmdə Allahın var etməsi ilə, o axın və yoxluq mərtəbələrindən “kölgə varlıqlar” (vücudi-zillilər) şəklində mövcud olmuşdur.

Beləliklə, məlum olur ki, aləm xaricdə əsli və hətta zati-vücudla mövcuddur, lakin bu “xaric” də vücud və sifətlər kimi o xaricin kölgəsidir. Aləm haqqında “Allahın eynisidir” demək mümkün deyil. Çünki aralarında xarici ayrılıq və ziddyyət var. Eynilə bir nəfərin kölgəsi məcazi şəkildə “o şəxsin eynisi və özüdür” demək doğru olmadığı kimi...

İmam Rəbbani... O, kölgənin xarici varlığı olduğunu, yəni kölgə varlığın xarici varlıq aləmində mövcud olduğunu qəbul edir və əsla kölgəni əsli ilə birləşdirmir. (Əbdülhəkim Bilgə, “Mutləq varlıq, kölgə varlıq və yoxluq”, Arafiyan jurnalı, oktyabr 1994)

Ancaq bu həqiqəti qavrayanların sayı tarix boyu daim məhdud olmuşdur. İmam Rəbbani kimi böyük alimlər bu həqiqətin kütlələrə izah edilməsinin təhlükəli olacağını, çox insanın bunu anlamayacağını yazmışdır.

Yaşadığımız əsrdə isə sözügedən həqiqət elmin ortaya qoyduğu dəlillərlə açıqlanmışdır. Maddənin mütləq varlıq olmadığı və bizim onun haqqında məlumatımızın çox məhdud olması həqiqəti dünya tarixində ilk dəfə bu qədər konkret, açıq və anlaşıqlı şəkildə izah edilir.

Bu səbəbdən, XXI əsr insanlarının geniş yayılmış İlahi həqiqətləri qavrayacaqları və tək mütləq varlıq olan Allaha axınla yönələcəkləri tarixi dönüş dövrü olacaq. XXI əsrdə XIX əsrin materialist inancları tarixə gömüləcək, Allahın varlığı və yaratması qavranılacaq, məkansızlıq, zamansızlıq kimi həqiqətlər başa düşüləcək, bəşəriyyət əsrlər boyu gözünüzün qarşısına çəkilmiş pərdələrdən, yalanlardan və batil inanclardan xilas olacaqdır.

Bu labüd gedişatın heç bir kölgə varlıq tərəfindən dayandırlılması da mümkün deyil...

 

Qeydlər

403 R.L.Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, səh.9

404 Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Evren I, Çev: Ali Çakıroğlu, Kuraldışı Yayınları, İstanbul: 1996, səh.37

405 George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul: Sosyal Yayınlar, 1989, səh. 53

406 Orhan Hançerlioğlu, Düşünce Tarihi, İstanbul: Remzi Kitabevi, 6-cı nəşr, 1995 sentyabr, səh. 261

407 George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul: Sosyal Yayınlar, 1989, səh. 65

408 Paul Davies, Tanrı ve Yeni Fizik, Çev:Murat Temelli, İm Yayın Tasarım Yaşam Kitapları-1, İstanbul 1995, səh.180-181

409 Rennan Pekünlü "Aldatmacanın Evrimsizliği", Bilim ve Ütopya, dekabr 1998

410 Alaettin Şenel, "Evrim Aldatmacası mı?, Devrin Aldatmacası mı?" Bilim ve Ütopya, dekabr 1998

 

18 / total 19
"Harun Yəhyanın Həyatın Əsl Mənşəyi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top