İslam Terroru Lənətləyir

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
3 / total: 10

İslam Əxlaqi Sülhün və Təhlükəsizliyin Mənbəyidir

.... “Allahın sizə verdiyi ruzidən yeyin-için və
yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”
(Bəqərə surəsi, 60)

Din adına ortaya çıxdığını bildirən insanların bir qismi o dini səhv anlamış və səhv tətbiq etmiş ola bilər. Bu səbəblə, həmin insanlara baxaraq o din haqqında fikir söyləmək yanlışdır. Bir dini tanımağın ən doğru yolu onun müqəddəs qaynağını araşdırmaqdır.

İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, ədalət, təvazökarlıq, fədakarlıq və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan müsəlman son dərəcə kübar, dərin düşüncəli, təvazökar, ədalətli və hərtərəfli şəkildə kamil insandır. Ətrafındakılara da rahatlıq və sevinc bəxş edir. Bu həqiqətə baxmayaraq, Quran və İslamiyyət son dövrlərdə qorxu kəlməsi ilə birgə anılmağa başlamış və islamofobiya yayılmışdır. Halbuki qorxunun qaynağı İslam deyil, xurafat dinidir. İslam adına ortaya çıxan radikallar və onlardan qorxan islamofoblar eyni səhvi edirlər.

Heç biri gerçək İslamın sevgisiz və nifrət dolu xurafat dini ilə əlaqəsinin olmadığını anlamamışlar. Odur ki, İslamın Qurandakı həqiqi mənasından bəhs etmək və terrorla İslamı birləşdirməyə çalışanların səhv etdiyinin ortaya qoymaq böyük əhəmiyyət kəsb edir.

1. İslam Sevgi və Sülh Dinidir

İslama sonradan əlavə edilmiş və Quranla ziddiyyət təşkil edən nifrət, qəzəb, şiddət dolu ifadələrin hamısı aradan qaldırılmadan “müsəlmanlar sevgi doludur” və yaxud “İslam sülh dinidir” demək kifayət etmir.

İslamın Sülh Dini Olduğunu Demək Kifayətdirmi?

Bir tərəfdən İslamın sevgi dini olduğunu deyib, digər tərəfdən namaz qılmayanın, oruc tutmayanın, hətta saqqalını kəsənin öldürülməsini əmr edən qaynaqların mövcudluğu həm ziddiyyətli və həm də ciddi təhlükədir. İslamın qadınlara dəyər verdiyindən bəhs edənlərin “qadınlar nə desə, tərsini edin”, “qadınlar əskikdir”, “cəhənnəmin çoxu qadınlarla doludur” kimi saxta hədislərin əsassız olduğunu qəbul etməməsi böyük problemdir. İslama sonradan daxil edilən və Quranla ziddiyyət təşkil edən nifrət və şiddət dolu ifadələrin hamısı ortadan qaldırılmadan İslamın sülh dini olduğunu demək kifayət etməz.

Qurana görə, əlbəttə, müsəlmanlar sevgi dolu və mərhəmətli olmalıdır və heç kimin bir başqasına təzyiq göstərməyə haqqı yoxdur. Lakin məsələ İslam aləminin bir qisminin Qurana deyil, bir neçə batil adətlərə və xurafatlara əsasən davranmasıdır. Dolayısilə, yuxarıda yalnız bir-iki nümunəsini verdiyimiz xürafələr tamamilə təmizlənmədikcə və müsəlmanlar Qurana yönəlmədikcə İslam adından şiddət tətbiq edənlərin önünü kəsmək mümkün olmayacaq.

Sənəti, elm və texnologiyanı müsəlmanlara qadağan edən xurafat məntiqini İslam kimi tanıdıb müsəlmanları əzilməyə məhkum edənlərin təsirini ortadan qaldırmağın tək yolu təhsildir.

Müasir Qərb təhsili, şübhəsiz ki, lazımlıdır. Lakin Qərbdə təlim-tərbiyə gördüyü halda Şərqə və Afrikaya gedib terrorçu qruplara qatılan insanların sayı da az deyil. Bu halda, bu sualın cavabı verilməlidir: hər mövzuda yaxşı yetişmiş gəncləri terrora razı salmaq necə mümkün olur?

Diqqətlə araşdırıldığında bu problemin təməlində istər Qərbdə, istərsə də İslam dünyasında çox rast gəlinən və şiddəti məşru edən təlimlərin olduğu görünər. Qərb təhsilinin təməlindəki darvinist düşüncədən qaynaqlanan mənfi ünsürlər hər kəsə məlumdur. Lakin bu kitabda müəyyən şeylərdən növbəti səhifələrdə bəhs edəcəyik.

Burda diqqət edilməsi gərəkən odur ki, bəzi şiə və sünni qaynaqlarının şiddəti təşviq etməsi görməzlikdən gəlinir və gənclərə din öyrədilərkən öncəliklə bu qaynaqlar əsasa alınır. Quranda nə yazıldığını belə bilməyən, bildiklərini isə bu xurafatçı düşüncənin izahları yönündə öyrənən nəsil şiddətə asanlıqla yönəlir. Dolayısilə, terrorun səbəbi ilahi din deyil, xurafat məntiqi ilə qarışdırılmış darvinist təlim-tərbiyədir. Terrorun qəti həlli xurafatdan uzaq və Qurana əsaslanan İslamın anladılmasıdır.

İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təzahür etdiyi hüzur və barış dolu həyatı insanlara vermək üçün endirilmiş dindir. İslam əxlaqının yaşandığı cəmiyyətdə sülh, əfvedicilik, sevgi, şəfqət, yardımlaşma, fədakarlıq və sevinc hakimdir.

İslam Sülh Dinidir

Terrorun başlıca mənası qeyri-hərbi, yəni mülki hədəflərə qarşı siyasi məqsədlə güc tətbiq etməkdir. Başqa sözlə desək, terrorun hədəfləri tamamilə günahsız dinc insanlardır. Bu insanların yeganə “günahı” onun terrorçunun gözündə qarşı tərəf, onlardan olmayan tərəf olmasıdır. Bu səbəblə də terror günahsız insanlara qarşı zor tətbiq edilməsi mənasına gəlir ki, bunun da heç bir əxlaqi anlamı və üzrlü səbəbi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi, insanlığa qarşı işlənmiş günahdır. İman edənlər üçün isə bu, Allahın qəti əmrinə qarşı çıxmaqdır. İslamı terrorla uyğunlaşdırmağa çalışanlar birinci bu həqiqəti anlamalıdırlar.

Quran Allahın insanlara yolgöstərən olaraq endirdiyi kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allahın sonsuz mərhəmət və şəfqətini əks etdirən və insanlara sülh dolu həyat bəxş etmək üçün yer üzünə endirilən dindir. Quran ayələrində insanlar İslam əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!

Ayədən də göründüyü kimi, Allah insanların əmin-amanlığının onların Quran əxlaqına uyğun yaşaması ilə əldə olunacağını bildirir. Quran əxlaqına görə, bir müsəlman bütün digər insanlarla mehriban və ədalətli davranmağa, zəif və günahsızları qorumağa və yer üzündə fitnə-fəsadın qarşısını almağa məsuliyyət daşıyır. Fitnə-fəsad insanların əmin-amanlığını, rahatlığını və sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə buyurulur ki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə, 205) Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə-fəsadlardan biridir. Allah öncədən Tövratda musəvilərə vəhy etdiyi bu əmri Quranda belə bildirir:

Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. (Maidə, 32)

Göründüyü kimi, bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürən şəxs bütün insanları öldürmüş qədər günah qazanır.

Terrorçuların hədəf aldığı dünyada şiddət, qarşıdurma və xaos mövcuddur.

Bu halda terrorçuların törətdiyi cinayətin, soyqırımın və aktual ifadə ilə desək, intihar hücumlarının nə qədər böyük günah olduğu açıq-aydındır. Allah terrorun axirətdəki “mükafatı”nın nə olacağını belə bildirir:

Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir! (Şura, 42)

Bütün bunlar onu göstərir ki, günahsız insanlara qarşı terror planı qurub həyata keçirmək İslama tamamilə ziddir və heç bir müsəlman belə günahı edə bilməz. Əksinə, müsəlmanlar bu gün belə günah iş tutan insanların qarşısını almağa, yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara rahatlıq və əmin-amanlıq gətirməyə görə məsuliyyət daşıyırlar. İslam terrorla birgə təsəvvür edilə bilməz. İslam terrorun qarşısındakı ən böyük maneə və terrorizm probleminin çözülməsi yoludur. Bu, İslamın təməlidir. Sülh İslamın ruhudur, lakin İslamı Qurana deyil, xürafələrə əsaslandıran xurafatçı məntiqdə isə bunun tam əksi tətbiq edilir.

Xurafatçıların problemi xürafələri din olaraq qəbul etmələridir. Çox qəribədir ki, xurafatçıların saxta dinini tənqid edənlər bəzən xürafələri onlar qədər doğru zənn edib radikal olurlar. Qurandan dəlil gətirildikdə onlar da xürafələrdən dəlil gətirməyə çalışırlar. Elə ən böyük xətanı da burda edirlər. Əgər gerçək İslamı tanıyıb xurafatın həll yolunu tapmaq istəyirlərsə, Quranda bildirilən həqiqi dinə yönəlməlidirlər. Xurafat və İslam arasındakı fərq ortaya çıxarılmadıqca radikalizm və dolayısilə, islamofibiya böyük bəla olaraq dünyanı bürüməyə davam edəcək. Bu səbəbdən, bütün dünyada Qurandakı gözəl əxlaq, yəni gerçək İslam hər fürsətdə anladılmalı və insanlara tanıdılmalıdır. Beləliklə, xurafatla İslam arasındakı fərq ortaya çıxarılmalıdır. Allahın fitnə-fəsadı qadağan etdiyi, gözəl əxlaqı təşviq etdiyi və düşüncə azadlığının, demokratiyanın ən gözəlinin Quranda olduğu açıqlanmalıdır.

Allah Fitnə-Fəsadı Qadağan Etmişdir

Şiddət tərəfdarları müsəlman və xristianları təmsil etmirlər və qətiyyən edə bilməzlər.

Allah insanlara pislikdən çəkinməyi əmr etmiş, zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Quranın bu mövzudakı ayələrindən bəziləri belədir:

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb dağıdanlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir. (Rəd, 25)

Allahın verdiyi ruzidən yeyin-için, amma yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin. (Bəqərə, 60)

Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Allaha həm qorxu, həm də istəklə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf, 56)

Fitnə-fəsadla, günahsız insanları öldürməklə müvəffəqiyyət qazanacaqlarını zənn edənlər yanılırlar. Çünki Allah həm də terror və amansızlıq anlamına gələn hər cür fitnə-fəsadı yasaqlamış, bunlara yol verənləri lənətləmişdir.

Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri yaşanır, günahsız insanlar vəhşicəsinə öldürülürlər. Bir-birindən fərqli keçmişə, mədəniyyətə və ictimai quruluşa malik olan ölkələrdə meydana gələn qanlı hadisələrin özünəməxsus səbəbləri ola bilər. Lakin əsl səbəbin Qurandan uzaqlaşmağın olduğu açıq-aydındır.

Dinsizliyin nəticəsi olaraq Allah qorxusu olmayan, axirətdə hesab verməyə inanmayıb: “heç kimə hesab verməyəcəm ki”, -deyə düşünən, hər cür əxlaqsızlığı və vicdansızlığı edən kütlələr yaranır. Allah və din adından ortaya çıxan və günah işlər görən ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bəzi insanların Allah adına ortaya çıxması və Allaha and içib onları dindar göstərəcək kəlmələrdən istifadə etməsi o insanların heç də dindar olduğunu göstərmir. Əksinə, belələri Allah rizasına və din əxlaqına tamamilə zidd işlər görə bilərlər. Bu məsələdə əsas meyar onların əməllərinin mahiyyətidir. Əgər onların gördüyü işlər ayədə də bildirildiyi kimi, yer üzündə fitnə-fəsad törətmək və əsla yaxşı iş görməməkdirsə, bilin ki, o adamlar həqiqi dindar ola bilməz və onların məqsədi də dinə xidmət etmək deyil. Qəlbində Allah qorxusu olan və həqiqi İslam əxlaqını anlayan şəxs qətiyyən fitnəkar ola bilməz. Buna görə də terror probleminin həqiqi həll yolu real İslamdır. Quran əxlaqı xürafələrdən təmizlənmiş şəkildə təbliğ olunarsa, insanlar savaşı və fitnə-fəsadı hədəf alan qruplara dəstək verməzlər. Allah Quranda fitnə-fəsadı qadağan etmişdir:

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir! (Bəqərə, 205-206)

Allahdan qorxan adam dövlət və millətinə, ümumiyyətlə, bütün bəşəriyyətə ən kiçik zərərin belə toxunmasına göz yummaz. Allaha və axirət gününə inanmayan şəxs isə kimsəyə hesab verməyəcəyini zənn edərək hər cür pisliyi asanlıqla edə bilir. Bu gün də davam edən terror bəlasından qurtulmaq üçün ilk atılmalı addım dinsizliyin və din adı altında ortaya atılmış səhv anlayışların təlim vasitəsilə aradan qaldırılması və insanlara Allah qorxusunun və həqiqi Quran əxlaqının aşılanmasıdır.

Allah bir insanı haqsız yerə öldürən şəxsin sanki bütün insanları öldürmüş kimi olacağını “Maidə” surəsinin 32-ci ayəsində bildirmişdir. Tək bir insanı belə qətlə yetirmək Quran əxlaqına tamamilə ziddir.

İslam Hər Kəsə Yaxşılığı, Ədaləti, Gözəl Olan Hər Şeyi Təşviq Edir

Terrorun səbəblərindən biri də fərqliliklərə gözəllik kimi baxılmamasıdır. Yaşadığımız dövrdə dünyanın hər tərəfində insanlar öz irqlərinə və ya dərilərinin rənginə görə ədalətsiz rəftar görürlər. Lakin Quranda fərqli xalq və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların bir-birini tanımasının vacibliyi şəklində izah olunur. Fərqli millətlər və ya qəbilələr bir-birini tanımalı, yəni bir-birinin mədəniyyətini, dilini və adətlərini öyrənməlidir. Müxtəlif irq və millətlərin mövcudluğunun məqsədi münaqişə və savaşlar deyil, mənəvi zənginlikdir. Bu müxtəliflik Allahın yaratmasındakı gözəllikdir. Bir insanın uzun, digərinin qısa boylu olması, birinin dərisinin ağ, digərinin sarı olması insana hər hansı bir üstünlük gətirmədiyi kimi, əskiklik kimi də xarakterizə edilə bilməz. Bunların hər biri Allahın təqdiri ilə və böyük hikmətlə yaradılmışdır. Ancaq bu müxtəlifliyin Allah üçün heç bir əhəmiyyəti yoxdur. İman gətirən şəxs yaxşı bilir ki, yeganə üstünlük təqva ilə, yəni Allah qorxusu və Allaha olan iman ilədir. Allah “Hücurat” surəsində bu həqiqəti belə bildirir:

Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir. (Hücurat, 13) Allahın tövsiyə etdiyi ədalət anlayışı heç bir ayrı-seçkiliyə yol vermədən bütün insanlara qarşı xoş davranmağı labüd edir. Misal olaraq bir insanın ədalətli qərar verməsinə və ağıllı davranmasına mane olan ünsürlərdən biri başqa şəxsə və ya cəmiyyətə olan kinidir.

İslam əxlaqı yoxsulu, yetimi və ehtiyac içində olanı qorumağı, həmçinin yardımlaşmağı və yaxşılıq etməyi əmr edir.

Kin və qəzəbin hakim olduğu cəmiyyətlərdə hər kəs qarşısındakı insandan tezliklə pislik görəcəyini düşünür. Bir-birinə güvənməməyin nəticəsində yardımlaşmaq və mərhəmət göstərmək kimi insani xüsusiyyətləri itirir və digərlərindən nifrət etməyə başlayırlar. Lakin iman gətirən şəxsin bir cəmiyyətə və ya insana qarşı duyğuları onun verdiyi qərarlara qətiyyən təsir etmir. Möminlər qarşıdakı adam əxlaqsız olub düşmənçilik etsə də, qərar vermək lazım gəldikdə duyğularını kənara qoyub ədalətli davranar və ədaləti tövsiyə edərlər. O adama olan hissləri ağıllarının və vicdanlarının önünə keçməz. Vicdanı ona hər zaman Allahın əmr və tövsiyələrinə tabe olmağı, gözəl əxlaqdan əsla vaz keçməməyi bildirər. Çünki bu, Allahın iman gətirənlərə Quranda göndərdiyi əmrdir. “Maidə” surəsində bu şəkildə bildirilir:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə, 8)

Ayədə də bildirildiyi kimi, Quran əxlaqı müsəlmandan ədalətli olmağı tələb edir. İman gətirən şəxs bilir ki, ancaq Allahın rizasını axtararsa, Allah ondan razı olar. Bundan başqa, onun gözəl əxlaqına şahid olan hər insan bu adama güvənər, onun yanında rahat olar və hər cür vəzifəni arxayınlıqla ona verər. Allahdan qorxan, mənəvi dəyərlərə əhəmiyyət verən və millətinə, vətəninə xidmətdə şövqlü olan şəxs cəmiyyətə faydalı olar. Bu səbəbdən, insanların gerçək dini öyrənib Quran əxlaqını yaşamağı çox önəmlidir.

Allah Bağışlamağı və Mərhəməti Əmr Etmişdir

Allah ayələrdə bağışlamağın həmişə üstünlük olduğunu bildirmiş və “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz! (Şura, 40) ayəsi ilə bu əxlaqı daşıyan insanları böyük əcrlə müjdələmişdir.

Allah Quranda qarşıdakı insan haqsızlıq etsə belə, onu bağışlamağın xeyirli olduğunu bildirmişdir. Bir ayədə belə deyilir:

Onların az bir qismi istisna olmaqla sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər! (Maidə, 13)

Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! (Fussilət, 34)

İslam Fikir Azadlığını Müdafiə Edir

Quran əxlaqının yaşandığı bir cəmiyyətə sülh, mərhəmət, bağışlanma, sevgi, şəfqət, fədakarlıq və sevinc hakimdir.

İslam insanların həyat və düşüncə azadlığını təmin edir və buna zəmanət verir. İslam insanlar arasındakı gərginliyi, anlaşılmazlığı, bir-biri haqqında zənni belə yasaqlayan əmrlər gətirmişdir. İslam terrora qarşı çıxdığı kimi, insanlara fikri yöndən də təzyiq göstərməyi qadağan edir və bunu yolverilməz sayır.

Dində məcburiyyət yoxdur. Şübhəsiz, doğruluq azğınlıqdan aydın fərqlənir. (Bəqərə, 256)

Öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən! Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə, 21-22)

İnsanların hər hansı dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama ziddir. Çünki İslamda səmimi iman etmək azad iradə yolu ilə mümkündür. Əlbəttə, müsəlmanlar bir-birini Quran əxlaqına təşviq edə bilərlər. Quran əxlaqının insanlara ən gözəl tərzdə təbliğ olunması bütün iman gətirənlərin üzərinə düşən məsuliyyətdir. İman gətirənlər “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et. (Nəhl, 125) ayəsinə əsasən dinin gözəlliklərini izah edər və “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər. (Bəqərə, 272)” ayəsinə uyğun davranarlar. Onlar əsla məcbur etməz və insanlara maddi-mənəvi təzyiq göstərməzlər. Həmçinin dünyəvi imtiyazlardan istifadə edib insanları dini yaşamağa yönləndirməzlər. Təbliğ etdiyi insanlar inkar etdikdə: “Sizin öz dininiz var, mənim də öz dinim! (Kafirun, 6) -deyə cavab verərlər.

Müsəlmanlar qarşıdakı şəxsin inancından asılı olmayaraq, ədalətli və insanpərvər davranmağa borcludurlar. İman edənlərin vəzifəsi insanları Allahın dininə gözəllik və xeyirxahlıqla dəvət etməkdir. İman gətirib-gətirməmək qarşı tərəfə aiddir. Bir adamı iman gətirməyə məcbur etmək, bəzi şeyləri zorla qəbul etdirməyə çalışmaq Quran əxlaqına uyğun deyil. Necə ki, Allah Quranda iman gətirənlərə belə xatırladır:

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Yunis, 99)

İnsanları ibadət etməyə məcbur etmək İslama tamamilə ziddir. Çünki inanc və ibadət yalnız Allaha yönəldikdə və insanın öz seçimi ilə olduqda dəyərli olur. Əgər bir sistem insanları inanc və ibadətə məcbur edirsə, bu halda, insanlar o sistemdən qorxduqları üçün dindar olurlar. İslam əxlaqına uyğun olan insanların dini sərbəst şəkildə yaşamağıdır.

İslam tarixi bütün dinlərə hörmətlə yanaşan və fikir azadlığını təmin edən müsəlman liderlərin nəcib əməlləri ilə zəngindir. Məsələn, Hindistan hökumətində işləyən ingilis missioneri Tomas Arnold İslamın azadlıqsevər xüsusiyyətini belə etiraf edir:

“... Nə qeyri-müsəlmanları qanunsuz olaraq müsəlman olmağa məcbur etməyə, nə də xristianlığı aradan qaldırmaq üçün zülm edilməyinə dair bir şey eşidilmişdir. Əgər xəlifələr bu ikisindən birinə izn vermiş olsaydılar, Ferdinand və İzabellanın İslamı İspaniyadan silib atdığı, XIV Luisin Fransada protestantlığı bir cinayət səbəbi saydırdığı və yəhudilərin 350 il ərzində İngiltərəyə ayaq basmağa imkan verilmədiyi kimi asanlıqla xristianlığı ölkələrindən çıxarıb ata bilərdilər. Asiyadakı Şərq kilsəsi xristian dünyasının digər bütün bölgələri ilə müştərək dini fəaliyyətdən üz çevirdiyindən özünü dinsiz cəmiyyətlərdən sayan xristian dünyasının adıçəkilən qisimlərinə kömək üçün heç bir təşəbbüs də edilə bilməzdi. Beləcə, Şərq kilsələrinin günümüzə qədər varlığını davam etdirməsi Muhəmmədi (səv) təqib edən hakimiyyətlərin xristianlar qarşısında üstün idarəetmə sərgilədiyinin güclü dəlillərindən biridir”.1

Din dəyişdirməyi qəbul etməyən yəhudilər 1492-ci ildə yuxarıda rəsmləri verilmiş İzabella və Ferdinand tərəfindən İspaniyadan sürgün olunmuş, onları qəbul edən ölkə isə mərhəmətli və ədalətli idarəsi ilə tanınan Osmanlı İmperiyası olmuşdur.

Qurana Görə, Öldürmək Ən Böyük Günahlardan Biridir

Bir insanı günahsız yerə öldürmək Qurana görə ən böyük günahlardan biridir:

Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə, o, bütün insanları diriltmiş olur. Bizim peyğəmbərlərimiz İsrail oğullarına açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar. (Maidə, 32)

Onlar Allahla yanaşı, başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. (Furqan, 68)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, günahsız insanları haqsız yerə öldürənlər böyük əzabla təhdid edilirlər. Allah tək bir adamı öldürməyin bütün insanları öldürmək qədər ağır günah olduğunu buyurur. Allahın müəyyənləşdirdiyi həddi (yəni öz həddini) aşmayan möminin nəinki minlərlə günahsız insanı qətlə yetirmək, hətta bircə insana belə zərər vermək ehtimalı yoxdur.

Bütün bunlar İslamın insanlara nəsihət etdiyi əxlaqi özəlliklərin dünyaya hüzur və sülh gətirəcək məziyyətlər olduğunu göstərir. Hazırda dünyada aktual olan və terror adı verilən vəhşilik isə Quran əxlaqından tamamilə uzaq, cahil və xurafatçı insanların, həmçinin həqiqətdə dinlə heç bir əlaqəsi olmayan canilərin əsəridir. Bu vəhşilikləri din pərdəsi altında edən şəxs və qruplara qarşı tətbiq ediləcək yeganə mədəni həll gerçək İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa sözlə, xurafatın yanlışlığının ortaya çıxarılaraq tamamilə yox edilməsi və Qurana əsaslanan İslamın anladılması terrorizm ideologiyasını təməlindən məhv edəcək və yer üzünü bu bəladan qurtaracaq tək çarədir.

İslam Əxlaqı Gerçək Demokratiyanın Əsasıdır

Allah insanlara asanlıq, rahatlıq və xoşbəxtlik diləyir. Allah qullarına zülm etməz. Allahın əmri olan din insanlara keyfiyyətli, güvənli, həmçinin hüzur və xoşbəxtlik dolu həyatın necə yaşandığını göstərir. Dində məcburiyyət yoxdur. Bir insan Allahın varlığını və birliyini ağıl və vicdanla görüb iman edər. Din könüldən qəbul edilər.

Allah Quranda azadlığı, sevgini, ədaləti və fikirlərin sərbəst deyildiyi mühiti təsvir edir. Bütün bunlar demokratiyanın xülasəsidir və bunun əsl qaynağı Qurandır. Sosial ədalət və bərabərlik axtaran bunun ən gözəlini İslamda tapar.

1-Sosial Ədalət: Uca Allah Sosial Ədaləti və Paylaşmağı Əmr Edir

Gerçək demokratiyada sosial ədalət təməl özəllikdir. İnsanlar sosial ədaləti hz. İbrahimdən və hz. Nuhdan öyrənmişdir. Dini qaynaqlara görə, hz. Nuh tufandan sonra gəmi quruya çatanda çox az qalan noxud, mərcimək, üzüm və əncir kimi yeməli şeylərin hamısını qarışdırıb bişirmişdir. Sonra gəmidə olan hər kəslə birlikdə hazırladığı yeməyi yemişdir. Bu, ən gözəl sosial ədalət nümunələrindən biridir. Çünki hər kəsə bərabərliyi və yardımlaşmağı öyrədir, insanlara yemək paylamağın əhəmiyyətini xatırladır.

“Elçilərimiz İbrahimə müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal qızardılmış bir buzov gətirdi” (Hud surəsi, 69) ayəsində də xəbər verildiyi kimi, hz. İbrahim qonaqlar gələndə tez buzovu kəsib bişirmiş və onların önünə qoymuşdur. Uca Allah hz. İbrahimin heç tanımadığı şəxsləri qonaq etməsini gözəl davranış kimi göstərmişdir. Bundan başqa, mümkün qədər kasıblara da yemək verməyin əhəmiyyətini hikmətli nümunə ilə bildirməklə sosial ədalətə diqqət çəkmişdir.

2-Bərabərlik: Uca Allah Quranda Irqlərin Üstünlük Təşkil Etmədiyini Bildirir

Uca Allah bir Quran ayəsində üstünlüyün təqva ilə olduğunu bildirmişdir. Ayədə belə buyurulur:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

Bu həqiqəti Peyğəmbərimiz (səv) belə açıqlamışdır:

Ey insanlar Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar irqi ilə öyünməyi mütləq tərk etməlidir. (Sünəni-Əbu Davud, 4/331)

Peyğəmbərimiz (səv) vida xütbəsində də müsəlmanlara belə səslənmişdir:

“Soylarla öyünmək olmaz. Ərəblər ərəb olduqlarına görə əcəmlərdən, əcəmlər də əcəm olduqlarına görə ərəblərdən üstün deyil. Çünki Allah qatında ən uca olanınız Ona qarşı çıxmaqdan ən çox qorxanınızdır (ən təqvalı olanınızdır).

3-Ədalət: Uca Allah Ədaləti Əmr Edir

Allah Quranda möminlərə belə buyurur:

Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! (Nisa surəsi, 135)

Peyğəmbərimiz hz. Muhəmmədin həm müsəlmanlar arasında verdiyi hökmləri, həm digər din, dil və irqdən olanlara qarşı ədalətli və şəfqətli davranışı və həm də Allahın ayəsində bildirdiyi kimi varlı-kasıb fərqi qoymadan hamıya bərabər şəkildə davranmağı demokratiya anlayışına gözəl nümunə təşkil edir.

Demokratiya Allahın Əmr Etdiyi Əxlaq Anlayışının Yaşanması Ilə Olur

Göründüyü kimi, İslamda düşüncə, inanc və ifadə azadlığı vardır. Bəzi insanlar demokratiyanın insanlıq tarixinə qədim Yunanıstanla girdiyini düşünürlər. Halbuki insanlara demokratiyanı öyrədən Allahdır. Hz. Adəmdən bu yana bütün peyğəmbərlər azadlığın və fikirlərə hörmətin gerçək təmsilçiləri olmuşlar. Demokratiya deyildikdə insanların ağlına gələn ədalət, hörmət, fikir azadlığı kimi anlayışların hamısı din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyu Allahın endirdiyi haqq dinlər vasitəsilə öyrənmişlər və ən gözəl nümunələrinə haqq dinlərin yaşandığı zamanlarda şahid olmuşlar. İnsanlara düşüncələrindən dolayı zülm edildiyi, fərqli ideologiyalara sahib olanların əzildiyi, fərqli din mənsublarının alçaldığı, elm və incəsənətin öldüyü və s. kimi dövrlərə baxdığımızda isə ya dinsiz və ateist ideologiyaların, ya da dini dəyişdirib radikal düşüncə ilə açıqlayanların təsirlərini görürük. Haqq din Allahın əmr etdiyi formada yaşanarsa, insanların arzuladığı gerçək ədalət və sevgi hər yerə hakim olar. Allahın izni ilə yaxın zamanda demokratiya, sevgi, dostluq və sülh tarixdə bərabəri görünməmiş şəkildə bütün dünyaya hakim olacaq; insanlar imanın sevincini doyunca yaşayacaqlar. Ayələrin verdiyi işarələrdən, Peyğəmbərimizin (səv) hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq şəkildə göründüyü kimi, yaşadığımız dövr axırzamandır.

Axırzamanın əziyyətli və çətin günləri hz. İsa və hz. Mehdinin vasitəsilə bu əsrdə sona çatacaq, dünya yeni aydınlıq dövrünə girəcək. Allahın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə anlatmaq və insanlara Qurandakı və Əsri-səadət dövründəki İslamı anlatmaq isə yaxın gələcəkdə qovuşacağımız aydınlıq dolu günlər üçün çox önəmli zəmin hazırlayacaq.

Onlar cahiliyyə hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)

 

Iqtıbaslar

1. Thomas W. Arnold, The Preaching of Islam: The History of the Propagation of the Muslim Faith, Lahor, Ashraf Press, 1961, s. 56-57, İslam Kültür Atlası, İsmail Rai el-Faruki, Luis Lamia el-Faruki, çeviri: Mustafa Okan Kibaroğlu-Zerrin Kibaroğlu, İnkılab Yayınları, 1997, s. 221

3 / total 10
"Harun Yəhyanın İslam Terroru Lənətləyir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top